Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:30

​​​​​​​Rusiya ordusunu yenidən qurur, yəni onu böyüdür


Rusiyanın hərbi rəsmiləri ölkə silahlı qüvvələrinin yenidən qurulması üçün təkliflər veriblər.

Bu təkliflərin arasında müddətli hərbi qulluq üçün çağrış yaşının 30-a qaldırılması da var.

Ekspertlər bildirirlər ki, təkliflərin əksəriyyəti Rusiya silahlı qüvvələrinin Ukraynada verdiyi itkilərin artmaqda davam etməsi ilə bağlıdır.

Bu həftənin əvvəllərində müdafiə naziri Sergey Şoyqu tərəfindən səsləndirilmiş təkliflərə görə Rusiya hərbçilərinin sayı 30 faiz artırılmaqla qoşun sayı 1.5 milyon nəfərə çatdırılmalıdır.

Hələ on il bundan əvvələdək Rusiya sovetdənqalma silahlı qüvvələrində islahat aparmaqla onu dünyanın müasir ordularından birinə çevirməyi planlaşdırırdı.

AzadlıqRadiosunun təhliçisi Mayk Ekel yazır ki, Ukraynadakı müharibə Rusiya ordusundakı problemləri daha qabarıq şəkildə üzə çıxarıb.

Ukraynadakı itkilərin yerini doldurmaq

Qərb hərbi kəşfiyyatının məlumatına görə Rusiya Ukraynaya müdaxiləsi başlanandan bəri yaralılar da daxil 100 min nəfərdən çox itki verib.

Moskva Ukraynadakı itkiləri bərədə son dəfə sentyabr ayında rəsmi açqılama verib. O vaxt Şoyqu müharibədə 5937 Rusiya hərbçisinin həlak olduğunu demişdi.

Kreml bu itkilərin yerini doldurmaq üçün sentaybr ayında “qismən səfərbərlik” elan edib və ordu sıralarına daha 300 nəfərin gətiriləcəyini bildirib.

Bu da qeyd olunur ki, Rusiyada sözü gedən səfərbərlikdən başqa hərbi xidmətə hər il 120-140 min gənc çağırılır.

Hazırkı qanunlara görə həqiqi hərbi xidmətə çağırış yaşı 18-27 arasıdır. Lakin qanunlar müddətli xidmətə çağırılanların xaricə və ya hərbi əməliyyat zonalarına göndərilməsini qadağan edir.

Dekabrın 21-də yüksək rütbəli zabitlərin ilsonu konfransında prezident Vladimir Putinlə birlikdə iştirak edən Şoyqu hərbi xidmətə çağırış yaşının 21-30 arasında olmasını təklif edib.

O bildirib ki, Rusiyaya öz təhlükəsizliyinin təmin edilməsi üçün 1.5 milyon nəfərlik ordu lazımdır.

Hazırda Rusiya silahlı qüvvələrindəki hərbçi sayı 1.1 milyon nəfərdir.

Muzdlular və könüllülər

Məqalədə deyilir ki, müddətli xidmətə çağırılanları müharibəyə apara bilməyən Kreml müqaviləli əsgərlərə və könüllülərə üz tutub.

Bundan başqa Wagner özəl hərbi şirkəti Ukrayna cəbhəsinə 50 min muzdlu döyüşçüsünü çıxarıb.

Bunların arasında çox sayda islah əmək koloniyalarında cəza çəkən məhkumun olduğu bildirilir.

Məhkumlara müharibədən sağ çıxacaqları təqdirdə məhkumluğun üzərlərindən qaldırılması vəd olunub.

Genişləndirilmiş Rusiya ordusunda müqaviləli xidmət hərbçilərinin sayı 695 min nəfərə çatdırılacaq.

Şoyqu deyib ki, bunlardan 521 mini 2023-cü ildə artıq hərbi xidmətdə olacaq.

Müdafiə naziri habelə Rusiya silahlı qüvvələrində, xüsusilə də onun NATO ilə üz-üzə dayanan Qərb hərbi dairəsində bəzi struktur dəyişiklikləri təklif edib.

Bu dəyişikliklərə görə bəzi hərbi hava birləşmələri quru qoşunlarının tabeçiliyinə verilməlidir.

Bundan başqa mövcud piyada, dəniz və hərbi hava birləşmələri sovet ordusunda olduğu kimi birbaşa diviziyalara çevriləcək.

İki məqsəd

Bütün bu təkliflər həyata keçərsə, 2008-ci ildə Gürcüstan müharibəsindən sonra keçmiş nazir Anatoli Serdyukovun həyata keçirdiyi islahatların üstündən xətt çəkilmiş olacaq.

Serdyukovun islahatları əsasında böyük diviziyalar daha yığcam, amma hərəki briqadalara bölünmüş və onlar arasında əlaqələr möhkəmləndirilmişdi.

Vladimir Putinin sentyabrda elan etdiyi qismən səfərbərliyə görə on minlərlə Rusiyalı xaricə qaçıb.

İnsan haqları fəallarından biri deyib ki, Şoyqunun həyata keçirəcəyi dəyişikliklər Rusiya cəmiyyətini daha da “militaristləşdirəcək”.

Çağrışçılar Məktəbi adlı insan haqları qrupunun rəhbəri Aleksey Tabalov deyib ki, bu dəyişiklikləri islahat və ya yenidənqurma adlandırmaq olmaz:

"Bu dəyişikliklərdən iki məqsəd var: Ukraynadakı hücum əməliyyatlarını davam etdirmək və NATO-nun genişlənməsinin qarşısını almaq. Bu iki məqsəd ucadan elan edilir və bunların naminə Rusiya cəmiyyəti üzərində nəzarət daha da sərtləşdiriləcək”.

XS
SM
MD
LG