Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:24

Türkmənistanı hansı Berdiməhəmmədov idarə edir. Birinci ledi...


(soldan sağa) Türkiyənin Birinci xanımı Əminə Ərdoğan, Türkmənistandan Oğulgərək Berdiməhəmmədova və Azərbaycandan Mehriban Əliyeva
(soldan sağa) Türkiyənin Birinci xanımı Əminə Ərdoğan, Türkmənistandan Oğulgərək Berdiməhəmmədova və Azərbaycandan Mehriban Əliyeva

Türkmənistanı 16 ilə yaxın sərt şəkildə idarə etmiş Qurbanqulu Berdiməhəmmədov bu ilin əvvəlində istefa verib. Ancaq onun ölkədə nüfuzu, təsiri qalmaqdadır.

AzadlıqRadiosunun müxbiri Farangiz Nacibullah yazır ki, Türkmənistanın heç bir keçmiş lideri, yaxud rəsmisinin Berdiməhəmmədov kimi nüfuz və səlahiyyətini saxlamasına imkan verilməyib.

Ali vəzifəsi də var, titulu da

Bu ilin martında idarə olunan seçkilərin yekununda ölkədə prezident postuna Berdiməhəmmədovun oğlu Sərdar keçib. Ancaq ata Berdiməhəmmədov sanki vəzifədə olan prezident kimi başqa ölkələrə səfər edir, gələn qonaqları qəbul edir, hökumətin iclaslarına qatılır, vilayətlərə dəbdəbəli səfərləri təşkil olunur.

65 yaşlı Berdiməhəmmədov parlamentin yuxarı palatasının sədri vəzifəsini də saxlayır, bu postu 2021-ci ildə yaradaraq başına keçib. Berdiməhəmmədovun “Arxadağ”, yəni “Qoruyucu” titulu da var.

Berdiməhəmmədov bu yaxınlarda üçtərəfli sammit zamanı Azərbaycan və Türkiyə prezidentlərini qəbul edib. Prezident Sərdar Berdiməhəmmədov isə onlarla təkbətək görüşlər keçirib.

Birinci ledini görən olmayıb

Keçmiş prezident üçtərəfli sammitə qatılmayıb. Ancaq onun həyat yoldaşı, keçmiş Birinci ledi Oğulgərək Berdiməhəmmədovanın Azərbaycan və Türkiyənin birinci xanımlarını qəbul etməsi Türkmənistanda çoxlarını təəccübləndirib.

Belə ki, Berdiməhəmmədova əri prezident olanda onun yanında nadir hallarda görünərdi. Budəfəki tədbirdə isə Berdiməhəmmədova Azərbaycandan Mehriban Əliyeva və Türkiyədən Əminə Ərdoğanla incəsənət sərgisinə və konsertə gedib, daha sonra onlarla çay süfrəsində bir araya gəlib.

Üçtərəfli sammitdə hazırkı birinci xanımı görən olmayıb.

Ata Berdimuxamedov noyabrın 3-də Moskvaya rəsmi səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Oğlu iyunda Kremldə olmuşdu.

Keçmiş lider ötən ay qonşu Özbəkistanda Türk Dövlətləri Təşkilatının sammitinə də qatılıb. Aşqabad bu qurumda müşahidəçi statusundadır.

Dəbdəbəli bölgə səfərləri

Berdimuxamedov ölkənin beş vilayətinə tez-tez səfər edir, bu zaman yerli orqanlar minlərlə insanı səfərbər edərək küçələri təmizlətdirir, solğun binaları rənglətdirirlər. Yaxud da yerli əhali keçmiş lideri qarşılamağa çıxarılır.

Ötən ay keçmiş lideri qərbi Balkan vilayətinə gedəndə 2 min 500 sakin işdən Türkmənbaşı liman şəhərinə, səfər hazırlığına aparılıb. Bunu AzadlıqRadiosunun türkmən xidmətinə mənbələr deyiblər.

“Əhali Berdiməhəmmədovlardan hansının ölkəni idarə etdiyini bilmir, ancaq heç biri yaxşı işləmir”, – veteran türkmən jurnalist radioya deyib.

Dövlət mediası keçmiş prezidentə “Qəhrəmanımız Arxadağ” deyir, onun səfərlərini, görüşlərini geniş işıqlandırır.

Əhali doyunca yemədiyi vaxtda...

Bir çox türkmənlər vilayətlərdə rəsmi səfərlərə aşırı hazırlıqdan gizli narazılıq dilə gətirirlər. Onlar deyirlər ki, yerli rəsmilər təcrid olunmuş ölkədə geniş yayılmış yoxsulluğu gizlətməkdən ötrü rifah görüntüsü yaradırlar.

“Ata və oğula görə bu qədər israfçılığa yol vermək olmaz. Ölkəni ailə biznesinə çeviriblər”, – anonimlik şərtilə danışan veteran jurnalist söyləyib.

“Berdiməhəmmədovlar öz dünyalarında, reallıqdan tam təcrid olunmuş yaşayırlar. Onlar əhalinin doyunca yemədiyini ya bilmirlər, ya da veclərinə deyil”, – jurnalist sözlərinə əlavə edib.

Türkmənistan təbii qaz yataqlarına görə dünyada dördüncü yerdə olsa da, ölkə yoxsulluq içindədir. Son illər ərzaq qırtlığı yaranıb, qiymətlər kəskin qalxıb.

Genişmiqyaslı kasıblıq, korrupsiya və işsizlik son onilliklər ərzində milyonlarla türkmənin ölkədən getməsinə səbəb olub.

XS
SM
MD
LG