Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:19

Ərdoğan Türkmənistandan Azərbaycana qaz kəməri çəkdirə biləcəkmi?


Soldan sağa: prezidentlər - İlham Əliyev, Recep Tayyip Ərdoğan və Serdar Berdımuxammedov
Soldan sağa: prezidentlər - İlham Əliyev, Recep Tayyip Ərdoğan və Serdar Berdımuxammedov

Rusiyanın “Nezavisimaya qazeta” (NG) qəzeti yazır ki, Türkiyə, Azərbaycan və Türkmənistan liderləri ən yaxın zamanda ikinci sammitə toplaşacaqlar.

Bu barədə bəyanatı Türkiyə prezidenti Recep Tayyip Ərdoğan Mardin şəhərində gənclərlə görüşündə deyib.

O deyib ki, növbəti sammitdə Türkmənistan qazının Azərbaycan ərazisindən keçərək Türkiyəyə gətirilməsi və buradan Avropaya nəqli üçün “yol xəritəsi” qəbul olunacaq.

Məqalədə deyilir ki, ötən həftə Türkmənistanda keçirilən sammitdə heç bir həlledici sənəd imzalanmayıb, daha doğrusu Türkmənistan prezidenti Serdar Berdımuxammedov hər hansı öhdəlik ehtiva edən sənədi imzalamaqdan yayınıb.

"Bir ayın içində"

NG yazır ki, belə görünür, vəziyyətin belə olması Ərdoğanı həvəsdən salmayıb.

O təyyarədə jurnalistlərlə söhbəti zamanı deyib ki, türkmən qazının nəqli məsələsi “bir ayın içərisində” həll oluna bilər:

“Türkmənistanın öz təbii qazını birbaşa Avropaya satmaq imkanının olub-olmamasından danışırıqsa, Türkiyə, əlbəttə Türkmənistan qazının Avropa İttifaqına satışı üçün mühüm qovşaqdır”.

O əlavə edib ki, yaxın vaxtlarda Türkiyə, Azərbaycan və Türkmənistan enerji nazirlərinin görüşü olacaq.

Ərdoğanın sözlərinə görə, bundan sonra, yanvar ayında Türkmənistan prezidenti Serdar Berdımuxammedovun Türkiyəyə səfəri gözlənilir və səfər zamanı “qaz təchizatına dair razılaşmanın imzalanması planlaşdırılır”.

Rusiyalıların ən çox axışdığı ölkələrdən biri də Özbəkstandır
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Ərdoğanın planı

Siyasi şərhçi Brüs Panniyer yazır ki, Ərdoğan Türkmənistanın dəniz qaz yataqlarını Azərbaycanın mövcud Xəzər kəmərləri şəbəkəsi ilə birləşdirəcək – interkonnektor layihəsinə tərəfdardır.

Məqalədə deyilir ki, bu birləşdirici kəmər 24 ay ərzində, nisbətən ucuz qiymətə - 500-800 milyon dollara tikilə bilər.

Bu kəmərin ildə 10-12 milyard kubmetr nəql gücü olacaq.

Panniyer yazır ki, bu, bir vaxtlar təklif edilmiş, amma heç vaxt reallaşdırılmamış Trans-Xəzər Qaz Kəmərinin nəzərdə tutulan ildə 30 milyard kubmetr gücünün yalnız 40 faizi deməkdir.

Trans-Xəzər Qaz Kəməri layihəsinin dəyəri 5 milyard dollar olaraq proqnozlaşdırılırdı, amma nəhəng siyasi əhəmiyyəti olacaqdı.

Bununla belə, Avazada keçirilən sammitin yekununda Ərdoğan, İlham Əliyev və Berdımuxammedov arasında imzalanmış 5 sənədin heç birində Türkmənistan qazının Xəzər üzərindən nəqli barədə heç nə deyilmir.

Türkmənistan TDT-nin tam üzvü olmağa niyə tələsmir?

Lakin bu sammitdə Ərdoğan Türkmənistanın Türk Dövlətləri Təşkilatının (TDT) tam üzvlüyü üçün “prosesi tamamlayacağına” inandığını bildirmişdi.

Türkmənistan TDT-də yalnız müşahidəçi statusuna malikdir.

Türkmənistanın bu təşkilata noyabrın 11-də Səmərqənddə keçirilən sammitdə qoşulacağı gözlənilirdi, lakin bu, baş verməyib.

Aşqabad bu addımı niyə atmadığına dair heç bir şərh vermir.

Panniyer diqqəti belə bir məqama çəkir ki, Qurbanqulı Berdımuxammedov Səmərqənd sammitindən əvvəl, noyabrın 1-3-də Halk Maslahatının (Xalq Şurası) sədri qismində Moskvaya səfər etmiş və Vladimir Putinlə görüşmüş və hətta Rusiya ordeni ilə təltif olunmuşdu.

NG yazır ki, Ərdoğan Mardin görüşündə Türkiyəni gələcəyin ən böyük enerji qovşaqlarından birinə çevirmək planlarından danışıb.

Türkiyə prezidenti bundan əvvəl öz ölkəsində Rusiya qazının təchizatı üçün qovşaq yaradılması barədə Putinin təklifini qəbul etmişdi:

“Əziz dostum Vladimir Putinlə çox mühüm danışıqlar aparmışıq. Məqsədimiz Türkiyəni qısa perspektivdə qlobal mərkəzə çevirməkdir. Qazın qiymətləri bu qovşaqda müəyyənləşəcək”.

Aşqabadın manevr meydanı daralır

Rusiya Etnomilli Strategiyalar Agentliyinin direktoru, professor Aleksandr Kobrinski NG-yə deyib ki, Rusiya qazının Türkiyə ərazisi ilə nəqli ilə Trans-Xəzər Kəmərinin tikintisi arasında Moskva üçün böyük fərq var:

“Rusiya buna öz etirazını, o cümlədən ekoloji səbəblərlə, bildirə bilər və bildirməli, bununla da Trans-Xəzər Kəmərinin çəkilişini bloklamaq mümkün olmasa da, onu əhəmiyyətli müddətdə ləngitməlidir. İran da bu məsələdə Rusiya ilə həmrəy ola bilər. Həm də bu uydurma bir məsələ deyil. Xəzərdə çox ciddi ekoloji problemlər var...”

Professorun fikrincə Türkiyə nəinki Avropanın qaz qovşağı kimi Almaniyanı əvəz etmək, hətta gələcəkdə enerji daşıyıcılarınıınn qiymətqoyanı olmaq iddiasındadır:

“Türkmənistan da Azərbaycan kimi Türkiyədən asılı vəziyyətə düşərək neytrallıq və müstəqilliyini itirəcək...Bugün hələ Türkiyənin Xəzər regionunda qaçılmaz şəkildə güclənməsinin qarşısını almaq imkanları var. Rusiya Türkmənistanın qəbul etdiyi qərarlara təzyiq göstərmədən Aşqabada türkmən qazının ixracı üçün alternativ marşrutlardan tutmuş Türkmənistan iqtisadiyyatına investisiyalara qədər çox şey təklif edə bilər”.

Siyasi şərhçi Brüs Pannier isə yazır: "Amma, görünür, Ərdoğanın Türkmənistanın artıq bitmiş saydığı sövdələşmələrdən geri çəkilməsinə səbri qalmayıb. Türkmənistanın Moskva ilə Ankara arasında siyasi manevr imkanları daralır".

XS
SM
MD
LG