Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:28

Göyərçinin ölmədiyini deyən QHT rəhbəri kino da çəkirmiş


Tahirə Məmmədova
Tahirə Məmmədova

Bugünlərdə Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı fəallar arasında bir qadın əynindəki kürkü və əlində sıxdığı göyərçinin havaya buraxılanda yerə düşməsi ilə gündəm oldu. Qadının kürkü aksiyanın ekoloji tələblərlə keçirilməsi fonunda müzakirə yaratmışdı.

Ekoaktivistlər olduqlarını deyən etirazçılar Qarabağda faydalı qazıntıların qanunsuz istismar olunduğunu deyir, ekoloji çirklənmənin dayandırılmasını tələb edirlər. Azərbaycan-İraq Mədəni Əlaqələr Cəmiyyətinin sədri Tahirə Məmmədova sonradan mediaya bildirdi ki, kürkü sünidir, 15 il qabaq alıb, yerə düşən göyərçin də ölməyib, qanadı qırılıbmış.

"Şuşa şəhidinə film çəkdim"

Məmmədova deyir, rəhbərlik etdiyi qeyri-hökumət təşkilatı (QHT) 2007-ci ildə Azərbaycanla İraqı siyasi, sosial və mədəniyyət sahələrində bir-birinə tanıtmaq məqsədilə yaradılıb. Qarabağ münaqişəsi haqda məlumatlandırma da onların fəaliyyətinə daxil olub. Azərbaycan 2020-ci ildə 44 günlük müharibədən sonra bu münaqişənin artıq tarixdə qaldığını bildirir.

Azərbaycan-İraq Mədəni Əlaqələr Cəmiyyəti bugünə kimi ekologiya ilə bağlı hər hansı layihə irəli sürməyib. Amma Məmmədova vətənpərvərlik mövzusunda layihələrə görə dövlətdən dörd dəfə maliyyə yardımı alıb: "Bu il "Yalnız irəli – 3" adlanan layihəyə 7 min manat ayırdılar və Şuşa şəhidinə film çəkdim. Ötən il də iki şəhidin həyatından bəhs edən film ərsəyə gətirdik. Vəsait birtəhər çatır, builki filmin çəkilişi zamanı öz cibimdən pul qoydum. Yaxşı filmlər idi, amma daha yaxşı olması üçün büdcə də artmalıdır. Üç-dörd il əvvəl Qarabağ barədə kitab layihəmiz var idi, səhv etmirəmsə, onda da 7 min manat vermişdilər. 10 min manatdan çox pul almamışam indiyə kimi".

Məmmədova qarşıdakı altı ildə də dövlətdən yardım istəyəcəyini, iki il öncə Şuşa şəhərinin işğaldan azad olunması uğrunda həlak olan daha altı hərbçi ilə bağlı film çəkmək istədiyini söyləyir.

İnsan haqlarına 405 min, korrupsiyaya 97 min manat

Bu il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsinə yeddi istiqamət üzrə 584 layihə təqdim olunub. Onlardan 400-nün maliyyələşdirilməsinə qərar verilib. Həmin qrant müsabiqəsi çərçivəsində dövlət büdcəsindən 3 milyon 254 min 100 manat vəsait ayrılıb.

Bu məbləğin 1 milyon 45 min 500 manatı elm, təhsil, mədəniyyət və azərbaycançılıq ideyasının təbliği layihələrinə verilib və bu, siyahıda ən çox pul ayrılan istiqamətdir. Sosial və iqtisadi məsələlər üçün ümumilikdə 471 min manat ayrılıb. Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi üçün 174 min, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına 699 min 100 manat verilib. Ailə, qadın, uşaq və gender məsələləri ilə bağlı layihələrə 362 min manat, insan haqlarına həsr olunan işlərə isə 405 min manat ayrılıb. Ən az məbləğ isə korrupsiya məsələləri üzrə edilən layihələr üçün ayrılıb ki, bu da 97 min 500 manat idi.

AzadlıqRadiosu yeddi fərqli istiqamətdə verilməsinə baxmayaraq, layihələr arasında xeyli bənzərlik aşkarlayıb. Belə ki, sosial və iqtisadi layihələrin 50 faizi yalnız Qarabağ müharibəsi ilə əlaqədardır. Yaxud həm mədəniyyət, həm də sosial və iqtisadi layihələr arasında vətənpərvərlik mövzusunda oxşar filmlərə pul ayrılıb.

QHT lərlə görüşün faydası nə olacaq?
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu il "Şuşa İli" xüsusi qrant müsabiqəsi də keçirib. Bu müsabiqə çərçivəsində dövlət büdcəsindən 22 layihəyə 585 min manatdan çox vəsait ayrılıb. Qalib gələn layihələr arasında ən böyük məbləğ – 40 min 100 manat "Qarabağ incilərinin Avropa sədası"na ayrılıb. Həmçinin "Döndükdə gəlirimiz olsun", "Şuşanı tanıyaq, tanıdaq!", "30 il sonra Qayıdış" kimi qalib layihələrə 10 minlərlə vəsait ayrılıb, halbuki eyni mövzularda kiçik qrant müsabiqəsi zamanı da qaliblər seçib, vəsaitlər ayrılmışdı.

"Şuşa İli"nə görə ayrılmış 585 min manatı da nəzərə alanda builki ümumi qrant layihələrinin məbləği 3 milyon 800 min manatı aşır.

Agentliyin 2021-ci il kiçik qrant müsabiqəsinə isə dövlət büdcəsindən 3 milyon 629 min 200 manat xərclənib.

"Hamı işini görsün"

"Siyasi Texnologiyalar Mərkəzi" İctimai Birliyi də QHT Dövlət Dəstəyi Agentliyinin qrant verdiyi təşkilatlardan biridir, "Hamı işini görsün" layihəsinə 7 min manat ayrılıb. Qurumun sədri Vəli Əlibəyov AzadlıqRadiosuna deyib ki, ad diqqət cəlb etmək üçün seçilib, hər kəsin bacardığı işi görməsi mesajını verir. Layihə çərçivəsində birinci mərhələdə KİV və QHT nümayəndələri arasında sorğu keçirilib, məqsəd QHT-lərin öz layihələrini və gördükləri işi cəmiyyətə necə çatdıra bilməsinə münasibət öyrənmək olub.

"İkinci mərhələdə, son üç ildə qrant alaraq layihə gerçəkləşdirən 80 QHT-nin mətbuat və sosial profillərində layihələrinin işıqlandırılması məsələsi araşdırılıb, ümumiyyətlə, QHT-lərin sosial şəbəkələr və KİV-dən necə istifadə etdikləri araşdırılıb. Sorğu və araşdırmaların nəticələrinə uyğun olaraq, QHT nümayəndələri üçün bir günlük təlim proqramı hazırlanıb və keçirilib. Eyni zamanda, bu mövzuda 200-səhifəlik kitab çap edilib və QHT-lər arasında paylanılıb. Vəsait çox olarsa, daha çox QHT-ni əhatə edəcək", – Əlibəyov bildirir.

GONGO-lar niyə yarandı

Qarabağda keçirilən etirazın hakimiyyət tərəfindən təşkil olunması, bu aksiyaya hökumətə yaxın qeyri-hökumət təşkilatların cəlbi müstəqil və müxalifət fəalları tərəfindən tənqid olunub. Ötən həftə üç müstəqil jurnalist xüsusi icazə almadığı əsas gətirməklə ərazidən çıxarılıb, onların çəkiliş aparmasına imkan verilməyib.

Azərbaycanda 1990-cı illərin sonlarında yaranmağa başlayan ilk müstəqil ictimai birliklər insan hüquqları sahəsində monitorinqlər aparırdı. Ancaq hökumət getdikcə bu birliklərin işini əngəllədi, 2000-ci illərin əvvəllərində isə onları əvəzləmək üçün GONGO-lar (hökumətə bağlı qeyri-hökumət təşkilatları) yaratmağa başladı. Seçkilərin Monitorinqi və Demokratiyanin Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli deyir ki, ölkədə bəzi GONGO-lar ara-sıra aldıqları qrantlarla yanaşı, daimi şəkildə də dövlətdən vəsait alır və hakimiyyəti təbliğ edirlər.

Anar Məmmədli:"Soruşdu ki, "Google" kimdir?"
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

"Hökumət həssas olduğu insan hüquqları, siyasi vəziyyətlə bağlı tənqidlərə qarşı GONGO-ların sayını artırıb dəstəyini çoxaltdı. Bugünə kimi də bu proses davam edir, ölkədə son səkkiz-doqquz ildə müstəqil ictimai birliklərin sayı çox azalıb. Az sayda müstəqil birliklər tədbir keçirməyə yer tapa bilmədiyi halda, həmin GONGO-ların xüsusi ofisləri var, hətta bəzilərinin əməkdaşlarının sayı 100-ə çatır", – deyən Məmmədli həmin QHT-lərə ayrılan vəsaitin böyük olmadığını da qeyd edir. Belə ki, illər öncə xarici donorlar ictimai birlikləri asılı vəziyyətə salmadan maddi yardım edirdi. 2013-cü ildən xarici donorlar yaranan çətin duruma görə ölkəni tərk etməyə başlayıb.

Məmmədli özü 2013-cü ildə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib 5 il 6 ay azadlıqdan məhrum edilib. O, 2016-cı ildə əfv fərmanı ilə azadlığa buraxılıb. Məmmədliyə, eləcə də həmin dövrdə həbs olunmuş digər müstəqil QHT rəhbərlərinə qarşı ittihamları beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları siyasi motivli sayıb.

"Bu layihə necə müsabiqədən keçərək qalib olub?!"

Avropa Şurası Parlament Assambleyasının Vatslav Havel İnsan Haqları Mükafatının qalibi Məmmədli qrant ayrılan layihələrin də düzgün seçilmədiyini düşünür. O, təhsil və səhiyyə sahəsində şəffaflıqla bağlı, yaxud müxtəlif sektorlarda işçilərin hüquqlarını qoruyan QHT-lərin olmadığını vurğulayır. Hüquq müdafiəçisi bölgələrdə vəziyyətin daha dramatik olduğunu, məsələn, 350 min əhalisi olan Gəncədə ictimai birliklərin sayının barmaqla sayılacaq qədər olduğunu vurğulayır.

"Azərbaycanda ehtiyacların qiymətləndirilməsi aparılmalıdır, ona əsasən təyin olunmalıdır ki, hansı sahə üzrə layihəyə pul ayrılsın. Onsuz da hakimiyyətin təbliğatını aparmaq üçün, media daxil, bir çox istiqamətdə işlər görülür. Niyə qrant layihələri də bu təbliğata alət olsun?! Film çəkmək, ya da müharibə iştirakçılarının qayğısına qalmaq, eləcə də kitab çıxarmaq üçün nazirliklər özlərinin daxilində şərait yaratmalıdır, bu, QHT-lərin iş deyil. Bəzən siyahıya baxıb deyirəm ki, "bu layihə necə müsabiqədən keçərək qalib olub?!", ya da eyni mövzuların müxtəlif ad ilə qalib olduğunu görürük ki, bu da yanlışdır. Tək səbəb isə sistemin mövcudsuzluğudur", – Məmmədli AzadlıqRadiosuna söyləyib.

Seçimlərdə ədalətsizlikdən söhbət gedə bilməz

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva isə AzadlıqRadiosuna bildirib ki, layihələri xüsusi ekspertlər seçir ki, burada da ədalətsiz davranışdan söz gedə bilməz: "Təqdim edilən layihələr üç mərhələdən keçir. Əvvəlcə təqdim edilən layihələrlə bağlı sənədlər yoxlanılır, elanda tələb olunan şərtlərin düzgün göndərilib-göndərilmədiyinə baxılır. Daha sonra layihələr müstəqil ekspertlər tərəfindən yoxlanılır. Burada da qərəzdən söz gedə bilməz, çünki işlərinin peşəkarı olan şəxslərlə işləyirik. Üçüncü mərhələdə isə müşahidə şurasına göndəririk. Müşahidə şurasında kollegiya toplantısı olur, dövlət orqanlarının rəsmiləri, QHT nümayəndələri iştirak edir. Bütün rəylər nəzərə alınaraq qrant ayrılan layihələr seçilir. Hazırkı qanuna görə, ildə bir QHT-yə yalnız bir dəfə yardım ayrılır. Bu il artıq yekunlaşıb, növbəti il yenidən yardım ediləcək".

“Heç bilmirlər ki, xarici donorlar özü haradan formalaşır”
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

Gün üzünə çıxarılan qüsurlar

Hesablama Palatası 2019-cu ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətinin üç ilini (2017–2019-cu illər) yoxlayıb. Palatanın hesabatında bildirilir ki, sənədlərdə 1 milyon manata yeni mətbəənin alınması göstərilsə də, köhnə avadanlıq quraşdırılıb. Eləcə də daxili xərclər üçün ayrılan 2 milyon manat düzgün bölüşdürülməyib. O cümlədən, Şuranın fəaliyyətinə ştatdan əlavə çoxsaylı işçilər cəlb edildiyi, onların əksəriyyətinin Şuranın rəhbərliyinin qohumları olduğu iddia edilirdi. Hesablama Palatası 2021-ci ildə sözügedən qurumdakı 26 nöqsanı açıqlayıb. Elə həmin il Azərbaycan Prezidenti İlham Əliyev Şuranı ləğv edib, onun əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs yaradıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu il yerli mediaya deyib ki, Palatanın tövsiyəsinə əsasən, QHT-lərə verilən qrantlar üzrə layihələrə nəzarət artırılıb.

"Auditin nəticəsində müəyyən olunub ki, layihələrdə iştirakçı sayı şişirdilir, xidmət olunan yer göstərilmir, xidmətin nədən ibarət olduğu sənədlərdə ən yaxşı halda bir sətirlik cümlə ilə rəsmiləşir. Ümumiyyətlə, tədbirin keçirilməməsi, lakin sənəddə rəsmiləşdirilməsi riskləri yaranır", – deyən Gülməmmədov dövlət vəsaiti əsasında formalaşan qrantın hesabatlılığını təmin etməyin vacibliyini vurğulayıb.

Çıxış yolu – nəzarət

İqtisadçı Fərid Abbasov QHT-lərə ayrılan pulların məbləğlərinin gülünc olduğunu vurğulayır, ona görə də bu tip layihələrə nəzarəti vacib sayır: "Kitab çapına 5 min, ya da kino çəkilişinə 10 min manat azdır. Məsələn, kino çəkilişi üçün pul istəyirlərsə, – hərçənd bunlar da QHT görəsi iş deyil, – hər bir halda sahədən anlayışı olan gərəkən məbləği desin. 30-40 min manat vəsait ayrılan QHT-lərin isə nə iş gördüyünün dəqiq hesabatı açıqlansın. Buna xüsusi ekspertlərin nəzarət etməsi yaxşı olar".

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin verdiyi qrant məbləğləri ictimaiyyətə açıq olsa da, agentliyə büdcədən nə qədər vəsait ayrıldığı bilinmir.

Rəsmi məlumata görə, Azərbaycanda qeydiyyatdan keçən 4 minə yaxın qeyri-hökumət təşkilatı var.

Tənqidçilərin fikrincə, hakimiyyət təkcə özünə yaxın GONGO şəbəkəsi yaratmaqla, müstəqil QHT-ləri neytrallaşdırmaqla kifayətlənməyib. Hazırda ölkədə fəaliyyət göstərən xarici səfirliklərin, beynəlxalq qurum təmsilçiliklərinin bu GONGO çətirindən kənara çıxmadığını, onlarla əməkdaşlıq etdiyini deyənlər var. Hələ 2014-cü ildə bir qrup QHT iddia edirdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 1.5 milyon dollarlıq qrantı hökumətin nəzarətində olan təşkilatlara verib, onların adını, yəni tenderin nəticələrini açıqlamayıb. USAID isə seçim prosesinin şəffaf və rəqabətli olduğunu deyirdi.

XS
SM
MD
LG