Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:18

Türkiyə ilk reaktiv mühərrikli dronu sınaqdan çıxarıb (Video)


Baykar şirkətinin yeni Kızılelma dronunun maketi
Baykar şirkətinin yeni Kızılelma dronunun maketi

Türkiyənin Baykar müdafiə şirkəti bildirib ki, onun yenicə istehsal etdiyi ilk reaktiv mühərrikli pilotsiz döyüş uçuş aparatı dekabrın 14-də birinci uçuşunu uğurla başa vurub.

Bu şirkətin dronları dünya boyunca məşhurdur və Ukraynanın Rusiyaya qarşı müharibəsində Kiyevə dəstək verməkdə davam edir.

Reuters agentliyinin xəbərində deyilir ki, Baykar şirkəti Kızılelma (Qızıl alma) adlandırdığı dronun havaya qalxmasını və İstanbulun 85 kilometrliyində, Çorlu vilayətindəki hərbi hava bazasında endiyini göstərən videonu yayıb.

Dünya boyunca uçuşları izləyən Flightradar saytı da xəbər verir ki, Çorlu aerodromu üzərində radioçağırış nömrəsi BYK07 olan naməlum təyyarə qeydə alınıb.

Şirkətin bundan əvvəl istehsal etdiyi Bayraktar TB2 dronları dünyanın bir çox münaqişələrində istifadə olunub və istehsalçısına şöhrət qazandırıb.

Baykar şirkətinin bu dronuna tələbat onun Suriya, Ukrayna və Liviyada gedən müharibələrdə qüvvələr balansını dəyişməsinə dair xəbərlər yayılandan sonra artıb.

Lap qırıcı təyyarə kimi

Şirkətin baş direktoru Selcuk Bayraktar sözü gedən videoda Kızılelma dronunun ilk sınağının uğurla başa çatdığını deyib.

Türkiyənin yeni reaktiv mühərrikli dronu xarici görünüşü ilə beşinci nəsil qırıcı təyyarələrinə bənzəyir.

Baykar bildirir ki, adi dron missiyalarından başqa Kızılelma PUA-sı qırıcı təyyarələr kimi hava döyüşlərinə çıxa biləcək.

Malayziya, Birləşmiş Ərəb Əmirlikləri və İndoneziya bu dronların alınmasına maraq bildirib.

Bundan əvvəl xəbər verilmişdi ki, Baykar şirkəti iki il müddətində Türkiyədən kənarda ilk zavodunu Ukraynada tikəcək.

Reuters yazır ki, ABŞ-ın təkmil F-35 qırıcı proqramından xaric edildikdən sonra Türkiyə özünün şaquli qalxma göyərtəli təyyarədaşıyan kreyserini modifikasiya edib. Kreyserin drondaşıyana çevrilməsi prosesi hazırda davam edir.

Bu təyyarədaşıyan kreyserdən Türkiyənin Kızılelma və başqa dronları üçün baza kimi istifadə olunacaq.

XS
SM
MD
LG