Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:36

Yoluxma azalıb, amma rayonlara qatar getmir…


Bakıdan rayonlara qatarla gedişin bərpası 3 il çəkə bilər
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Bakıdan rayonlara qatarla gedişin bərpası 3 il çəkə bilər

Noyabrın 10-da Bakı-Gəncə-Bakı sərnişin qatarlarına bir neçə saat onlayn bilet satılmayacağı açıqlanmışdı. Buna səbəb "Azərbaycan Dəmir Yolları"nın informasiya sistemləri və resurslarının "Hökumət buludu"na köçürülməsi göstərilmişdi. Amma Azərbaycan dəmiryol nəqliyyatında elə istiqamətlər var ki, illərdir ora biletlər satılmır. Məsələ burasındadır ki, koronavirus pandemiyası başlayanda (2020) Azərbaycan daxilində bütün istiqamətlər üzrə vətəndaşların qatarla daşınması dayandırıldı. Ötən il Bakı-Gəncə-Bakı və Bakı-Sumqayıt qatarının fəaliyyəti bərpa edildi. Lakin hazırda koronavirusa yoluxmaların sayı ölkədə birrəqəmli olsa da, digər rayonlara qatarla sərnişindaşımalar bərpa edilməyib.

"Nə qədər istəsəm yük apara bilirdim"

Lənkəranda yaşayan Elnarə Ağayeva AzadlıqRadiosuna bildirib ki, koronavirus pandemiyasından əvvəl Bakıya gəlmək üçün qatardan istifadə edib: "5 manat verib gəlirdim. Özümlə də nə qədər istəsəm yük apara bilirdim. İndi daha qatar yoxdur, ona görə avtobusla gedib gəlirəm".

O deyir ki, taksi qatar və avtobusla müqayisədə isə çox bahadır: "Avtobusun qiymət 7 manata yaxındır, amma özümlə əvvəlki kimi yük apara bilmirəm".

İndi belə şikayətləri başqa rayonların sakinləri də səsləndirirlər.

"Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, bu ilin birinci yarısında 2 milyon 128 min nəfər sərnişin daşıyıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.9 dəfə çoxdur. QSC-nin statistikasına görə, sərnişindaşımalar, əsasən, Bakı-Sumqayıt sürət elektrik qatarının payına düşür.

Bu qatarla Gəncədən Bakıya saat yarıma çatmaq olar
Gözlə

No media source currently available

0:00 0:06:52 0:00

2022-ci ilin dövlət büdcəsindən "Azərbaycan Dəmir Yolları"na 10 milyon 464 min 580 manat subsidiya ayrılıb. Bu da 2021-ci illə müqayisədə 17 faiz çoxdur.

QSC-dən bu sahədə ölkədaxili fəaliyyətin tam bərpa edilməməsinin səbəbini öyrənmək mümkün olmayıb. Bu suala Nazirlər Kabineti yanında Operativ Qərargahdan da cavab verilməyib.

"Niyə Gəncəyə gedir, amma Lənkərana getmir?"

Amma Milli Məclisin deputatı Aqil Abbas "Turan"a bildirib ki, Bakı-Gəncə-Bakı qatarından başqa ölkədaxili qatarların işləməməsi mənfi haldır: "Əlbəttə ki, qatarlar digər istiqamətlərə də hərəkət etməlidir. Niyə Gəncəyə qatar gedir, amma, misal üçün, Lənkərana getmir? Qatarla ölkədaxili sərnişin daşımaları bərpa edilməlidir".

Bu məsələ dəmiryol sahəsində çalışan bir çox insanın da narazılığı ilə müşahidə edilib.

Bələdçilərin etirazı

Hələ bu il mayın 16-da bir qrup dəmiryol işçisi Bakıda "Azərbaycan Dəmir Yolları" QSC-nin binası önünə toplaşaraq şikayətlərini dilə gətirmişdilər. Dəmiryolçular vurğulayırdılar ki, müqavilələri başa çatmamış əmək haqlarının azaldılması düzgün deyil. Onlar deyirdilər ki, əmək haqları 250 manata salınıb, halbuki, əvvəl 370 manat alıblar.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov isə demişdi ki, bu addım əmək məcəlləsinə uyğun atılıb. O da bildirib ki, koronavirus pandemiyası ilə bağlı dəmiryolda boşdayanmalar yaranıb.

N.Cəfərli
N.Cəfərli

"Keyfiyyət və sürət vətəndaşları qane etmir"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, büdcədən dotasiyaları verib problemi çözmək istəyirlər, amma məsələni daim bu vəziyyətdə saxlayıb idarə etmək mümkün deyil: "Bir müddət sonra strateji seçim etmək lazım olacaq ki, dəmir yollarının idarəetməsini müasir standartlara uyğun təkmilləşdirsinlər".

İqtisadçı, əksinə, hesab edir ki, insanların qatarla ölkədaxili səfərlərə marağı o qədər də böyük deyil: "Çünki keyfiyyət və sürət vətəndaşları qane etmir. Taksilərin qiyməti çox ucuzlaşıb, çünki bu, yeganə sahədir ki, dövlət inhisarçılığı yoxdur və rəqabət var. Bakıdan Lənkərana yeni açılmış yolla maşınla 2 saata çatmaq mümkündürsə, qatarla 5-6 saata gedib çatırsan".

N.Cəfərli çıxış yolunu modernləşdirilmiş, yeni dəmiryol konsepsiyasının qəbul edilməsində görür.

XS
SM
MD
LG