Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:38

'Tərtər işi'ndə hakimlər niyə cəzalandırılmır


'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi

"Tərtər işi" üzrə dövlətə xəyanət və başqa ağır maddələrlə uzunmüddətli həbs cəzası almış şəxslərdən 11 nəfərin hökmü ləğv edilib işi istintaqa qaytarılanda bir sual ortaya çıxdı: bu adamların işinin istintaqını aparanlar, hökm vermiş və yuxarı instansiya məhkəmələrində həmin hökmü qüvvədə saxlamış hakimlər cəzalandırılacaqmı?

İstintaqı müstəntiq aparsa da, bu proseslər prokurorun nəzarəti altında baş verir. "Tərtər işi"ndə prosessual nəzarəti Hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfahət İmranov həyata keçirib. Ardınca Tərtər rayon Məhkəməsində baxılıb və hökm çıxarılıb.

Daha sonra Gəncə Apellyasiya Məhkəməsi, sonra da Ali Məhkəmə hökmləri qüvvədə saxlayıb. Bu 11 nəfərdən ikisi 7, biri 8, biri 9, biri 10, ikisi 16, dördü isə 20 il azadlıqdan məhrum edilib. Onların həbsdə saxlanmasından 5 ildən çox vaxt keçəndən sonra deyilir ki, hökmlər əsaslı deyil, onlardan ifadələr qanunsuz yolla – işgəncə altında alınıb, müdafiə hüquqları pozulub və s.

Hakimlər və prokurorlar məsuliyyət daşımır

Ali Məhkəmənin Plenumu sentyabrın 30-da Tərtər hadisələrində dövlətə xəyanət və başqa ağır maddələrlə məhkum edilən şəxslərdən 19 nəfərin haqqındakı apellyasiya və Ali Məhkəmənin qərarlarını ləğv etdi. Plenumun həmin qərarında birbaşa olmasa da, dolayısıyla deyilir ki, hakimlər və məhkəmələrdə ittihamı müdafiə etmiş prokurorlar bu iş üzrə çıxarılmış hökm və qərarlara görə məsuliyyət daşımır. İddia olunur ki, işdəki pozuntular həmin vaxt hakimlərə və prokurorlara məlum olmayıb.

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

"O pozuntuları məhkəmənin görməməsi mümkün deyildi"

Amma sözügedən şəxslərin hüquqlarını müdafiə etmiş vəkillər pozuntuların əvvəl işə baxan hakimlərə və prokurorlara məlum olmaması fikri ilə razılaşmır. Deyirlər ki, hər üç məhkəmə instansiyasında bu işə baxılanda təqsirləndirilənlər işgəncəyə məruz qaldıqlarını, onlara həm özlərinin, həm də bir-birinin əleyhinə olan ifadələrə zorla imza atdırıldığını hakimlərin nəzərinə çatdırırdı. Lakin əhəmiyyət verilmirdi.

Vəkil Səadət Seyidli deyir ki, məhkəmələr o zaman işgəncə ilə bağlı deyilənləri "məsuliyyətdən yayınmaq üçün özünümüdafiə cəhdi kimi" qiymətləndirib Hərbi Prokurorluğun göndərdiyi ittihamı təsdiqləmişdi. Bu üzdən Seyidli 11 nəfərin işinin istintaqa qaytarılması haqda qərar verilən məhkəmədə - Gəncə Hərbi Məhkəməsində çıxışında vəsatət qaldırıb ki, istintaqı aparan müstəntiqlər, ona prosessual rəhbərlik edən prokurorlar, məhkəmədə hökm və qərar vermiş hakimlər haqqında xüsusi qərar çıxarılmalıdır. Ancaq məhkəmə bu vəsatəti təmin etməyib.

"İndi işin istintaqa qaytarılması üçün göstərilən əsaslar, pozuntular o vaxt da vardı. O pozuntuları məhkəmənin görməməsi mümkün deyildi. Vəkillər də dəfələrlə bununla bağlı vəsatətlər qaldırmışdı. Lakin vəsatətlərimiz təmin olunmurdu. Haradasa dövlət ittihamçısını anlamaq olar. Əslində o da ittihamdan imtina edə bilərdi. Daha çox məsuliyyət hakimlərin üzərinə düşür. Axı hərtərəfli araşdırma aparıb, obyektiv, ədalətli qərar vermək onların borcudur...", – vəkil Seyidli AzadlıqRadiosuna danışır.

Pozuntular

Noyabrın 2-də Gəncə Apellyasiya Məhkəməsində "Tərtər işi" üzrə 19 nəfərin hökmünün ləğvi haqda qərar veriləndə məhkəmədə çıxış edən prokuror pozuntulara nümunə kimi Turan İbrahimli ilə bağlı baş verənləri göstərib. O bildirib ki, iş materiallarında bir sənəddə İbrahimlinin ərizə yazdığı görünür, başqa bir hissədə isə bu adamın, ümumiyyətlə, hərf tanımadığı məlum olur.

Bu faktın özü göstərir ki, "Tərtər işi"ndə pozuntular əvvəldən də vardı və məhkəmələrin onları görmək imkanı olub.

Noyabrın 5-də işi istintaqa qaytaran Gəncə Hərbi Məhkəməsi nəinki hakimlər və dövlət ittihamçıları, hətta müstəntiq və prosessual rəhbərlik edən prokurorlar haqqında da xüsusi qərar çıxarmaqdan imtina etdi. Halbuki, Cinayət-Prosessual Məcəllənin 307-ci maddəsində yazılıb ki, məhkəmə pozuntulara görə cinayət işinin baxılmasına xitam verib onun prokurorluğa qaytarılması haqda qərar çıxanda, bununla yanaşı, həm də pozuntuya yol vermiş şəxslər haqqında xüsusi qərar çıxarmalıdır. Orada pozuntu sadalanmalı və kimin buna yol verdiyi göstərilməlidir. Qanunun bu normasında göstərilib ki, "kobud pozuntulara yol vermiş şəxslərin məsuliyyəti məsələsi həll olunmalı, görülmüş tədbirlər barədə məhkəməyə məlumat verilməlidir".

R.Cəfərov
R.Cəfərov

"Yenə gec deyil"

Bakı İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov da o fikirdədir ki, "Tərtər işi" istintaqa qaytarılanda məsuliyyət məsələsi həll edilməli, xüsusi qərar çıxarılmalıydı. Onun sözlərinə görə, bu cür hallarda pozuntuya yol vermiş şəxslərin cəzalandırılmasının yolu xüsusi qərarın qəbulundan keçir: "Amma yenə gec deyil. İstək, siyasi iradə ortaya qoyulsa, eləmək mümkündür. Cəza işdən kənarlaşdırma, hətta cinayət məsuliyyəti də ola bilər".

Hakimlər məsələsinə gəlincə, Cəfərov hesab edir ki, onlar da məsuliyyət daşıyır. O, özəlliklə birinci instansiya məhkəməsinin (bu işdə Tərtər Hərbi Məhkəməsi) hakimlərinin məsuliyyətini vurğulayıb: "Ən ciddi, hərtərəfli araşdırma birinci instansiya məhkəməsində gedir. Ali Məhkəmədə, ümumiyyətlə, mahiyyəti üzrə işə baxılmır. Apellyasiya məhkəməsində də icraat araşdırma aparıla bilərdi. Amma heç birində normal araşdırma getməyib. Prosesi tələsik yekunlaşdırıblar".

"Hamısı hər şeyi bilirdi"

5 ildən çoxdur Tərtər hadisələrinin araşdırılması ilə məşğul olan siyasi təhlilçi Ərəstun Oruclu bu cinayət işinin istintaqa qaytarılmasının məhkəmə sisteminin obyektivliyi kimi təqdim olunmasının əleyhinədir. Onun fikrincə, səbəb ictimai müzakirələr, artan etirazlar oldu. Oruclu hesab edir ki, hər kəs baş verənlərdən xəbərdar idi. Yada salır ki, baş prokuror və hərbi prokuror bu işlə bağlı şikayətlərə münasibət bildirəndə biri bunu "nağıl", biri də "absurd" adlandırmışdı.

"Guya, bu pozuntulardan hakimlərin, prokurorların xəbərinin olmadığını iddia etmək o cinayətdə əli olanları xilas etmək məqsədi daşıyır. Tərtər Hərbi Məhkəməsində bu şəxslər haqqında həbs-qətimkan tədbiri seçiləndə onlardan bəziləri xərəkdə gətirilib. Hakimlər bunu görmürdü ki, işgəncədən adamlar nə hala düşüb, onlardan ifadə hansı yolla alınıb? Hamısı hər şeyi bilirdi...", – Oruclu AzadlıqRadiosuna danışır.

Təhlilçi baş verənlərə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi, İlham Əliyevin də məsuliyyətini xatırladır. Prezident Əliyev indiyədək "Tərtər işi" haqda açıqlama verməyib.

Ə.Oruclu
Ə.Oruclu

1500-2000 nəfər

Oruclu zərərçəkmiş qismində rəsmən tanınanların sayının 400-dən bir qədər artıq olmasına baxmayaraq, əslində bu rəqəmin 1500-2000 arasında olduğunu iddia edir. Onun sözlərinə görə, işgəncələr nəticəsində ölən, sağlamlıqlarını itirən, həbsdə saxlanılanlarla yanaşı, "xidməti uyğunsuzluq" əmri ilə xeyli hərbçi uzaqlaşdırılıb.

"Tərtər işi"ndə zərərçəkmişlər də general-mayor Hikmət Həsənovun, Hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfaət İmranov, 2017-2018-ci illərdə istintaqı aparmış müstəntiqlər, rəy vermiş ekspertlərin cəzalandırılmasını tələb ediblər. Adları çəkilən şəxslərdən yalnız Xanlar Vəliyev yerli mediaya açıqlamasında ittihamları rədd edərək "əsassız" adlandırıb.

Azərbaycan qanunvericiliyində şəxsi təqsiri olmadan cinayət məsuliyyətinə cəlb etməyə, ədalətsiz hökm, qərar çıxarmağa görə də cinayət məsuliyyəti var. Məsələn, Cinayət Məcəlləsinin 290.2 maddəsində yazılıb ki, şəxsin təqsiri olmadığını bilə-bilə onu ağır cinayətdə ittiham etmək 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Yaxud da 295.2 maddəsinə əsasən, bilərəkdən ədalətsiz hökm çıxarıb şəxsi azadlıqdan məhrum etməyə görə 5 ildən 8 ilə qədər cəza nəzərdə tutulub.

XS
SM
MD
LG