Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:14

Azərbaycanda 100 siyasi məhbusun olduğu deyilir


Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahı yoxdur.
Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahı yoxdur.

Noyabrın 4-də Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq Azərbaycanda siyasi məhbus saydıqları şəxslərin yenilənmiş siyahısını açıqlayıb.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov hazırlayıblar.

Siyahıya 100 nəfərin adı daxil edilib. Onların bundan əvvəlki siyahısı bu il sentyabrın 28-də açıqlanıb və orada 99 ad yer alıb.

E.Həsənov bildirib ki, siyahıda yeni şəxslər var - demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu və dini mahnıların ifaçısı Vüqar Rəsul. Siyahıdan çıxarılan da var.

O.Nərimanoğlu 2022-ci il iyulun 5-də Goranboy, Göygöl rayonlarının Meliorasiya İdarəsinin məmurlarından və həkimlərdən pul tələb etmək ittihamı ilə həbs edilib. Həbsdən sonra o bildirib ki, ittihamlar yalandır, dərc etdirdiyi ifşaedici materiallarda korrupsiya faktlarını açıqladığına görə ona böhtan atılıb.

V.Rəsul isə 2022-ci il iyulun 18-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. Hüquq müdafiəçilərinin məlumatına görə, onun harada olması və ittihamlar barədə ailəsinə iyulun 22-də məlumat verilib. V.Rəsul ittihamları rədd edib. Hüquq müdafiəçiləri hesab edirlər ki, həbsin əsl səbəbi onun dini etiraz mahnıları səsləndirməsi olub.

Yeddi qrup

Siyahıda siyasi məhbus sayılan şəxslər yeddi qrupa bölünüb:

  1. Jurnalistlər və bloqerlər - 6 nəfər
  2. Müxalifət partiyalarının və hərəkatların üzvləri - 4 nəfər
  3. Almaniyadan deportasiya olunmuş mühacirlər - 5 nəfər
  4. "Tərtər işi" üzrə mühakimə olunanlar - 27 nəfər
  5. "Gəncə işi" üzrə mühakimə olunanlar - 27 nəfər
  6. Ömürlük mühakimə olunanlar - 13 nəfər
  7. Dini inanclı insanlar - 18 nəfər

"Tərtər işi"nə 2017-ci ildə dövlətə xəyanət ittihamı ilə tutulanlar, "Gəncə işi"nə isə 2018-ci ildə Gəncə İcra Hakimiyyəti başçısına sui-qəsd olayı və ondan sonra baş verən gərginlikdə məsuliyyətə cəlb edilənlər yer alır. Onlar da ittihamları, əsasən, qəbul etmirlər.

Azərbaycan rəsmilərindən, hələlik, bu siyahıya münasibət almaq mümkün olmayıb.

Ə.Nuriyev
Ə.Nuriyev

Əfv Komissiyasının üzvü: "Bu siyahılar bəzi şəxslər üçün qrantlara çıxışdır"

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə "Turan"a bildirib ki, onun bu siyahılara münasibəti birmənalı deyil: "Bu məsələ o qədər spekulyasiya predmeti olub ki, həqiqətin harada olduğu barədə fikir söyləmək qeyri-mümkündür. Bu siyahıları tutanlar məsələlərə subyektiv baxırlar. Onların bəzilərinin hökumətə qərəzi var, kiminləsə dostdurlar və həmin şəxslər siyahıya salına bilər. Kimsə isə başqa səbəblərlə ora salına bilər".

Onun sözlərinə görə, bu siyahılar bəzi şəxslər üçün qrantlara çıxışdır: "Düzdür, ayrı-ayrı şəxslərin həbs edilməsində bir sıra hallarda qanunsuzluqlara yol verilib, bəzi hallarda sübutlar təqdim olunmayıb. Amma bu hallara reaksiyanın verilməsi sürətlənib və günahsız şəxslər varsa, onlara bəraət verilir, necə ki, biz bunu "Tərtər işi"ndə görürük, 19 nəfərlə bağlı qərarlar ləğv olundu".

Hüquq müdafiəçisi düşünür ki, Azərbaycanda olmadan belə siyahıların tərtib edilməsi doğru deyil: "Azərbaycanda fəaliyyət göstərən Monitorinq Qrupunun siyahısında 10 nəfər var".

Xatırlatma

Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahı yoxdur. Hüquq müdafiəçilərinin belə bir neçə siyahıları var. Həmin siyahılarda da say fərqləri mövcuddur.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG