Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:27

İranda reper həbs olunub. Tehran birjasından pul axını


Tumac Salehi
Tumac Salehi

Tehran birjasının datası son 10 gündə bazardan 120 milyon dollarlıq kapitalın çıxarıldığını göstərir

İran tanınmış reper Tumac Salehinin həbs olunduğunu açıqlayıb. O, ölkədə hökumətə qarşı etirazlara dəstək verən azsaylı ifaçılardandır.

Reperin oktyabrın 30-da ölkədən qaçmağa çalışarkən saxlandığı bildirilir. Ancaq Salehinin əmisi bu iddianı təkzib edib, onun Çaharmahal Bəxtiyari vilayətində saxlandığını açıqlayıb.

İsfahanın prokuroru Seyid Məhəmməd Musavijan deyib ki, Salehi “İsfahan vilayətində və Şahinşəhr şəhərində xaosun yaranmasında, son iğtişaşların alovlanmasında əsas rol oynayıb”.

Gizlənirdi

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlanan etirazlar səngimək bilmir. Gənc qadın guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib. Salehi etiraz dalğasının əvvəlində həbs olunacağından ehtiyatlanır, gizlənirdi.

Reper ötən il bir neçə etiraz mahnısı buraxandan sonra həbs olunub. Ancaq tərəfdarlarının, insan haqları qruplarının irimiqyaslı qınağından sonra girovluğa buraxılıb.

Salehi bu yaxınlarda İslam İnqilab Keşikçiləri Korpusuna məktubunda yazırdı ki, Şahinşəhrdə etirazçılar buraxılarsa, o təslim olar.

İranda bir sıra tanınmış şəxslər, o cümlədən futbol ulduzu Əli Daei etirazçıları dəstəklədiyinə görə dindirilib, pasportları müsadirə edilib.

10 günə 120 milyon dollar

Bu arada Tehran birjasının datası son 10 gündə bazardan 120 milyon dollarlıq kapitalın çıxarıldığını göstərir.

İranda iqtisadi xəbərləri əhatələyən EcoIran xəbər vebsaytının məlumatına görə, oktyabrın 29-da Tehran birjasından 28 milyon dollar çıxarılıb. Bu isə son 5 aydan ən yüksək gündəlik məbləğdir.

İranda etirazlarda azı 270 nəfər öldürülüb, minlərlə insan saxlanıb.

Əminin ölümündən bəri Tehran Səhm Birjasının əsas indeksi olan TEDPIX 7 faiz düşüb. Birjadan çıxarılmış 120 milyon dollar isə bazardakı ümumi kapitalın 10 faizə yaxınıdır.

Son günlər İran hökuməti bazara dəstək paketi təqdim etsə də, capital axınını dayandıra bilməyib.

XS
SM
MD
LG