Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:22

Rasim Məmmədov: 'Vaxtilə Eldar Mahmudovdan canını qurtaranda belə danışmırdın...'


Rasim Məmmədov kimdir? Müttəhim kürsüsünə hansı kreslodan gəlib? ARXİVƏ NƏZƏR
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00

Rasim Məmmədov kimdir? Müttəhim kürsüsünə hansı kreslodan gəlib? ARXİVƏ NƏZƏR

"Baku Steel Company" MMC-nin (poladəritmə zavodu) Müşahidə Şurasının sabiq sədri, iki ilə yaxındır həbsdə olan Rasim Məmmədovun dostu və iş ortağı Yusif Hənifəzadə onu yalan danışmaqda suçlayır. O iddia edir ki, Məmmədovun "Baku Steel Company"ni öz puluyla alması, gəlirləri "yuxarılar"a çatdırması haqda öz məhkəməsində səsləndirdiyi iddialar həqiqətəuyğun deyil.

Məmmədov isə deyir ki, bu dedikləri Hənifəzadənin öz fikirləri deyil, ona belə danışmaq barədə göstəriş verilib. Onun sözlərinə görə, keçmiş dostu haqqında Dövlət Təhlükəsizliyi Xidmətində, Daxili İşlər Nazirliyində araşdırmalar gedir və bu üzdən verilən göstərişi yerinə yetirir.

"Beni 25 faizlik payını 15 milyona satdı"

Məmmədov yeyinti, israfçılıq nəticəsində "Baku Steel Company"yə 185 milyon manat ziyan vurmaqda təqsirləndirilir. O isə deyir ki, bu barədə ittihamda yazılanlar yalandır. Həm də vurğulayır ki, zavod onun özünə məxsusdur, onu öz malını mənimsəməkdə ittiham etmək absurddur.

Hənifəzadə isə bildirir ki, zavod Məmmədovun deyil, amma kimə məxsus olduğunu da açıqlamır. Onun sözlərinə görə, "Baku Steel Company"nin Məmmədovdan əvvəlki rəhbərliyi milliyyətcə yəhudi olan iş adamları idi. Onların dövründə baş direktor olan Devid də "Baku Steel Company"yə "Bakcell"dən gedibmiş: "Devidə dedim, payçıları (Maşkeyeviç və Beni) yola gətirsin, oranı alaq. Yəhudi iş adamları da buradan getmək istəyirdilər. Beni 25 faizlik payını 15 milyona satdı. Maşkeyeviç satmaq istəmirdi, onu da yola gətirdi. O da özünün 25 faizlik payını satdı. 50 faiz də əvvəldən "Politon" şirkətinə satılmışdı. Necə oldusa, Rasim Müşahidə Şurasının sədri oldu".

"Politon"un qanuni təmsilçisi

Hənifəzadə "Politon"un kimə məxsus olduğunu da açıqlamaq istəməyib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, "Baku Steel Company" təsis olunandan az sonra onun səhmlərinin 50 faizi "Politon"a satılıb. "Politon"un əsl sahibi barədə məlumat olmasa da, onun hüquqi ünvanı ilə "Ata Holding", "Synergy Group" kimi şirkətlərlə bağlılığı olan şirkətlərin hüquqi ünvanı eynidir.

"Politon" MMC-nin qanuni təmsilçisi əslən Naxçıvandan olan 62-yaşlı İman Quliyev həm də "Real Təhlil İnformasiya Mərkəzi" MMC-nin (REAL TV) təsisçisidir.

"O şirkətlər hamısı pulyuma vasitəsi idi"

Hənifəzadə deyir ki, keçmiş dostu böyük pullar qazanmağa başlayandan sonra çox dəyişib, hətta onun telefonlarına cavab verməməyə başlayıb. Onun sözlərinə görə, Məmmədov həm ölkə daxilində, həm də xaricdə müxtəlif şirkətlər yaradır, zavodlar alırdı. Onların vasitəsilə də "Baku Steel Company"yə ziyan vururdu: "O şirkətlər hamısı pulyuma vasitəsi idi. O şirkətlərə "Baku Steel"in armaturlarını ucuz verirdi, onlar da üstünə marja qoyub satırdı. Bir şirkətin dövriyyəsi şişən kimi başqasını yaradırdı. 2016-2017-ci illərdə Aktauda zavod tikirdi. "Baku Steel"in kassasında 39-40 milyon borc yaranmışdı, maaşları, işıqpulunu verə bilmirdi".

Hənifəzadə iddia edib ki, "yuxarı"ya vermək adıyla zavodun kassasından çıxan pulları Məmmədov özünə götürüb. Onun sözlərinə görə, 2020-ci ildə buna əmin olub: "Mən zavodda idim, dedi ki, təcili 350 min lazımdır, çatmalıdır. Orada işçilər düzüb-qoşub düzəltdilər. Həmin gün düşdüm dalınca, onu izlədim, gördüm ki, evinə getdi, başqa yerə yox. Onda başa düşdüm ki, "yuxarı" deyəndə öz evini nəzərdə tuturmuş. Evi axırıncı mərtəbədə yerləşir...".

"3.5 milyon pul verdim"

Keçmiş dostu Məmmədovu həm də "Araz" kinoteatrı məsələsində onu aldatmaqda suçlayıb. Hənifəzadə deyib ki, 2011-ci ildə kinoteatrın binasının satılması məsələsi ortaya çıxanda Məmmədov ona binanı şərik almağı təklif edib. Söz verib ki, əmlak onun adına olacaq: "3.5 milyon pul verdim. Üç ay sonra gördüm ki, atasının adına alıb".

Məmmədov Hənifəzadənin həqiqətləri bilə-bilə yalan danışdığını bildirib, onu "qorxaq" adlandırıb. Onun sözlərinə görə, zavodun maliyyə direktoru Mübariz Səmədov əvvəllər "Bakcell"də Hənifəzadənin işçisi olub, indi də yaxın münasibətləri var. Məhz Səmədovun istintaqa təqdim etdiyi flaşkartda "Baku Steel Company"nin nə qədər gəlirləri olduğu, kimə nə qədər verildiyi açıq şəkildə əksini tapıb: "Sən öz sözünü demirsən, sənə öyrədiləni, DTX-nın sözünü deyirsən burada. Təqsir məndədir ki, sizin kimilərlə işləmişəm. Vaxtilə mən (keçmiş milli təhlükəsizlik naziri) Eldar Mahmudovdan canını qurtaranda belə danışmırdın. Sənin Mübarizinin qeydləri və təqdim etdiyi flaşkarta baxanda görünür ki, "Baku Steel Company"nin gəlirlərindən mənə cəmi 15 milyon çatıb. İndi Elçin Muradovun (işadamı) böyründəsən, Allah eləməsin, o da gəlib bura düşsə, gəlib onun da üzünə durarsan...".

Xatırlatma

1976-cı il təvəllüdlü Rasim Məmmədov "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edib müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. İddia olunur ki, o, şirkətin məhsullarından öz evi və obyektlərində istifadə etməklə armaturları öz şirkətlərinə daha ucuz qiymətə satmaqla və s. zavoda ziyan vurub.

Məmmədova CM-nin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Məmmədov özünü təqsirli bilmir. O, məhkəmədə bildirib ki, 2011-ci ildə "Baku Steel Company"də işə başlayarkən Prezident Administrasiyasının ozamankı rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə edib, razılaşıblar.

XS
SM
MD
LG