Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:30

ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini sürətləndirəcək


Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ABŞ-ı və Avropa ölkələrini Türkiyə vətəndaşlarına viza verilməsi prosesini bilərəkdən uzatmaqda ittiham edib

Birləşmiş Ştatalar avqustun 24-də Türkiyə vətəndaşlarına viza verilməsi prosedurunun genişləndiriləcəyini bildirib.

Reuters agentliyi yazır ki, iki NATO müttəfiqi arasında münasibətlər son illərdə mürəkkəb olub və Vaşinqtonun bu addımının Ankara tərəfindən məmnunluqla qəbul ediləcəyi gözlənilir.

Xəbərdə deyilir ki, Türkiyədə ABŞ-a səfər üçün viza almaq prosesi son illərdə xeyli çətinləşib və bu proses bəzən 15 ayadək çəkir.

Reuters bildirir ki, ABŞ ümumiyyətlə COVID pandemiyasına görə viza verilməsini 2020-ci ildən bəri bütün dünya boyunca ləngidir.

Erdoğanın seçkisi

Lakin Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu avqustun 23-də ABŞ-ı və Avropa ölkələrini Türkiyə vətəndaşlarına viza verilməsi prosesini bilərəkdən uzatmaqda ittiham edib.

Nazir hətta iddia edib ki, bu, Türkiyədə prezident seçkisindən əvvəl Recep Tayyip Erdoğanın və onun hakim Ədalət və İnkişaf Partiyasının seçki qələbəsi şanslarını azaltmaq məqsədi güdür:

"Biz belə görürük ki, bunu qəsdən edirlər. Bizim camaatımız da bunu belə görür. Biz hesab edirik ki, bu, AKP-ni seçki ərəfəsində çətin durumda qoymaq məqsədi güdür”.

Çavuşoğlu deyib ki, o, COVID pandemiyası məsələsii bəhanə hesab edir.

Dövlət Departamenti təmkin tövsiyə edir

Reuters-in Çavuşoğlunun bu bəyanatı ilə bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamenti bildirib ki, Türkiyə xarici işlər nazirinin tənqidini qəbul edir və Türkiyənin səbirsizliyini başa düşür.

Çavuşoğlu bundan əvvəl demişdi ki, o narazılığını Qərb ölkələrindəki həmkarlarına da bildirib.

Nazir demişdi ki, bu mıəsələ müsbət həll olunmasa, Ankara əks-tədbirlər görməli olacaq.

ABŞ Dövlət Departamenti bu tənqidə cavab olaraq bildirmişdi ki, Vaşinqton bu məsələnin gərginləşdirilməsini istəmir.

Rəsmi Vaşinqton Reuters-in sualına cavab olaraq bildirib ki, ABŞ problemin qarşılıqlı münasibətlərdə əngəl olmasını istəmir.

ABŞ rəsmiləri bildiriblər ki, Ankarada yeni səfirlik şəhərciyinin açılması ilə qeyri-mühacirət vizalarının verilıməsi prosesi sürətləndiriləcək.

XS
SM
MD
LG