Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:30

Jurnalistlər azı 5700 rusiyalı hərbçinin ölümünü təsdiqlədiblər


Rusiyada əsgər dəfni, iyun, 2022-ci il
Rusiyada əsgər dəfni, iyun, 2022-ci il

Bir batalyonda ortalama 300 nəfərin olduğunu nəzərə alanda Rusiyanın Ukraynadakı itkiləri təxminən 20 batalyon təşkil edir

BBC-nin Rusiya xidməti “Mediazona” portalı və könüllülər komandasıyla birlikdə Rusiya ordusunun Ukraynada itkiləri haqda yeni məlumat dərc ediblər. Avqustun 19-da yayılan məlumata görə, Ukraynada 5701 rusiyalı hərbçi həlak olub.

Bir batalyonda ortalama 300 nəfərin olduğunu nəzərə alanda Rusiyanın Ukraynada yarımillik hərbi təcavüz nəticəsində verdiyi itkilər təxminən 20 batalyon təşkil edir.

Zabitlər, öndə gedənlər

Jurnalistlər yalnız yerli hakimiyyət orqanlarının, medianın və ölənlərin yaxınlarının yaydığı informasiya əsasında məlumat yığdıqlarını bildirirlər. Ona görə də onlar siyahıdakıların real ölü sayının 40-60 faizini təşkil etdiyini vurğulayırlar.

Ukraynada həlak olmuş 5701 hərbçinin 966 nəfəri, yəni 17 faizi zabitlərdir, onların dördü general, 34-ü polkovnikdir. Rusiya generalının ölümü haqda son xəbər iyunda yayılıb.

Ən çox itki aşağı rütbəli zabitləri əhatələyir. Jurnalistlər belə bir qənaətə gəliblər ki, aşağı rütbəli zabitlər üzrə ölü sayı onların tabeliyində olan sıravilər, serjantlar və praporşiklərlə müqayisədə üç dəfə çoxdur.

Ümumilikdə siyahısında ilk yerdə piyadalar və desantçılar gəlir. Avqustun 18-cən ölümü təsdiqlənmiş hərbçilərin 20 faizi hava-desant qüvvələrinin payına düşür, 20 faizi isə motoatıcı bölmələri əhatələyir.

Könüllülər

Media və rəsmilərin könüllülər adlandırdığı şəxslər arasında ölü sayı sürətlə artan kateqoriyaya aiddir. Bu statusda müharibəyə gedənlər əsasən regionlardan, maaşı yüksək olmayan, yaşı 40-dan yuxarı şəxslərdir. Daha 66 hərbi pilotun ölümü də təsdiqlənib, onlar hərbi elita kimi tanınan mütəxəssislərdir, BBC-nin rus xidməti yazır.

Getdikcə Rusiya regionları Ukraynadakı itkilər haqda daha az məlumat paylaşırlar. Mayın sonundan çoxları bunu etmir.

Təsdiqlənmiş itkilər üzrə lider regionlar Dağıstan (270 nəfər), Buryatiya (245) və Krasnodar diyarıdır (206). Məsələn, Moskvadan cəmi 14 hərbçinin ölümü təsdiqlənib. Baxmayaraq ki, paytaxt əhalisi ölkənin 9 faizə yaxınını təşkil edir.

Digər mənbələrin göstərdiyi itkilər

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) iyulun sonunda Rusiyanın Ukraynada 15 mindən çox itki verdiyini açıqlayıb. Britaniya kəşfiyyatı iyunda 20 min itkidən danışırdı. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə Rusiyanın müharibədə 40 min əsgər və zabit itirdiyini bildirir.

Pentaqonun avqustun əvvəlində açıqladığı məlumata görə, Rusiyanın Ukraynadakı itkiləri, ölü və yaralılar daxil olmaqla, 70 mindən 80 minədəkdir.

Rusiya ordusu sonuncu dəfə martın 25-də rəsmi itki sayını açıqlayıb, müharibədə 1351 nəfərin həlak olduğunu bildirib.

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayıb.

XS
SM
MD
LG