Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:47

Azərbaycan kredit götürmür?


İlham Əliyev
İlham Əliyev

Bunu prezident İlham Əliyev 2022-ci ilin ilk altı ayının yekunlarına həsr edilən müşavirədə səsləndirib

“Kreditlər almırıq və əvvəlcədən alınmış kreditləri qaytarırıq. Tam almırıq deyə bilmərəm, amma əvvəldən alınmış kreditlərin davamı indi gəlir. Amma yeni kredit almırıq, qaytarırıq”.

Bu fikirləri prezident İlham Əliyev 2022-ci ilin ilk altı ayının yekunlarına həsr edilən müşavirədə səsləndirib.

Azərbaycanda dövlət borcunun həcmi barədə Maliyyə Nazirliyinin sonuncu dəfə açıqladığı göstəricilər bu il yanvarın 1-nə məxsusdur. Həmin nəticələrə görə, Azərbaycanın toplam xarici borcu 8 milyard 136 milyon dollara bərabər olub. Bu o deməkdir ki, 2021-ci il ərzində Azərbaycanın xarici borcunda 685 milyon dollar azalma qeydə alınıb.

Daxili borcların həcmi artıb

Ancaq həmin müddətdə dövlətin daxili borclarının həcmi artıb. Belə ki, 2022-ci ilin əvvəlinə Azərbaycanın daxili borcunun həcmi 3 milyard 68 milyon manata yüksəlib. 2021-ci il ərzində bu borcun məbləği 1 milyard 126 milyon manat artıb.

Azərbaycanın xarici dövlət borcunun 2021-ci il ərzində 1 milyard 165 milyon manat (685 milyon dollar) azaldığını nəzərə alsaq, daxili borcun miqdarındakı artımdan aydın olur ki, əslində, borclanmanın ümumi səviyyəsində ciddi dəyişiklik yoxdur. Sadəcə, əvvəlki dövrlə müqayisədə, hökumət xarici yox, daha çox daxili mənbələr əsasında borclanmaya yönəlib.

Qeyd edək ki, ötən ilin büdcəsində daxili borcların sadəcə faiz ödənişləri üçün 160 milyon manat nəzərdə tutulmuşdu. 2018-ci ildə bu göstərici təxminən iki dəfə daha az idi.

350 milyon dollarlıq bir...

Prezidentin dediyinin əksinə olaraq, Azərbaycan hökuməti son dövrlərdə də, beynəlxalq maliyyə qurumları ilə yeni kredit müqavilələri imzalayıb.

Məsələn, ötən il noyabrın 10-da hökuməti Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə “COVID-19-a Aktiv Cavab və Xərcin Dəstəklənməsi Proqramı” üzrə kredit ayrılmasına dair müqavilələr imzalayıb.

Maliyyə Nazirliyi sazişin dəyərinin ümumilikdə 350 milyon ABŞ dolları olduğunu bildirib. Kredit sazişlərinin şərtlərinə əsasən, proqram çərçivəsində AİB-dən 250 milyon ABŞ dolları və AİİB-dən 100 milyon ABŞ dolları məbləğində kredit cəlb ediləcək. Kreditin 10 il müddətinə LİBOR üstəgəl 0,5 faiz dərəcəsi ilə geri ödənilməsi nəzərdə tutulub.

Rəsmi açıqlamaya görə, sözügedən proqramın məqsədi koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarındakı kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılması ilə bağlı hökumət tədbirlərini dəstəkləməkdir.

...65 milyon dollarlıq başqa bir kredit müqaviləsi

Azərbaycan hökuməti ötən il oktyabrın 27-də daha bir kredit müqaviləsi bağlayıb. Müqavilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə imzalanıb. Müqavilənin şərtlərinə görə, qurum Azərbaycana “Regional Yollar və İnkişaf Layihəsi” üzrə 65 milyon dollar həcmində kredit ayırmağı üzərinə götürüb.

Rəsmi açıqlamaya görə, vəsait Ələt-Astara-İranla dövlət sərhədi magistral avtomobil yoluna alternativ Yenikənd-Biləsuvar hissəsinin yenidən tikilməsinə, onun səmərə və təhlükəsizliyinin, yeni yol xidmətlərinin keyfiyyətinin artırılmasına yönəldiləcək.

Bu layihə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat bağlantısının təmin edilməsinə, bazara çıxışın yaxşılaşdırılmasına imkan verəcək.

2020-ci ildə isə Azərbaycan hökuməti beynəlxalq və kommersiya maliyyə təşkilatlarından 150 milyon dollar məbləğində kredit təmin edən 2 kredit müqaviləsi imzalayıb. Bu haqda hökumətin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında qeyd edilir.

Hər iki kredit müqaviləsi Dünya Bankı ilə imzalanıb. Hesabatda qeyd edilir ki, məqsəd 2020-ci ildə ölkədə məşğulluğu dəstəkləmək və ədliyyə sisteminin inkişafı, müasir məhkəmə infrastrukturu layihəsinin icrasına əlavə maliyyə dəstəyi verməkdir.

XS
SM
MD
LG