Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

'Cənnətdə yer almaq üçün' Babayevə 420 min manat verib


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək insanları aldadıb onların külli miqdarda pulunu, əmlakını ələ keçirməkdə suçlanan Aqil Babayev bir ildən çoxdur ki, həbsdədir. O, iyulun 19-da məhkəmə önünə çıxarılıb. Bu işin araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində gedəcək.

Cinayət işində 40 nəfər zərərçəkmiş kimi tanınıb. Babayevin onların hamısını aldatdığı iddia olunur. Ancaq özü bu ittihamı qəbul etmir. Məhkəmədə qısaca onu deyib ki, tikinti sektorunda işləyib.

9 milyon pul, qızıl-zinət əşyaları

Vəkilləri deyir ki, Babayev tutularkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onun bağ evindən külli miqdarda dəyəri olan qızıl-zinət əşyaları, 9 milyon manata yaxın pul götürüblər. Vəkil Əli Hüseynovun sözlərinə görə, bu haqda Daxili İşlər Nazirliyinin "102" zəng mərkəzinə də məlumat veriblər. Lakin nəticəsi yoxdur.

Vəkillər Babayevin məhkəmə hökm çıxarana qədər ev dustaqlığına buraxılması məsələsini də qaldırıblar.

Müdafiəçilər bildirib ki, istintaq zamanı Babayevin əleyhinə yalan ifadə vermək istəməyən, düzünü danışan şahid buna görə təzyiqlərə məruz qalıb.

"Bu işdə Aqil Babayevin günahı yoxdur. Hazırda zalda bir nəfər zərərçəkmiş var, günahkar da odur", – vəkil Eldəniz Quliyevin sözləridir.

"İmam kimi sənə itaət eləmişəm..."

Zərərçəkmiş qismində tanınanlar isə məhkəmə prosesinin qapalı keçirilməsini istəyiblər. Şikayətləniblər ki, sosial şəbəkələrdə onların haqqında xoşagəlməz məlumatlar yayılır. Amma hakimlər məhkəmə prosesini qapalı keçirməkdən imtina edib. Hakim Eldar İsmayılov bildirib ki, bu işdə kommersiya, dövlət, ailə sirri təşkil edən məlumatlar yoxdur, ona görə də məhkəmə prosesi açıq keçirilməlidir.

Babayevin ev dustaqlığına buraxılması məsələsində də onun vəkillərinə rədd cavabı verilib.

Hakimlər qərar verməkdən ötrü müşavirə otağında olanda məhkəmə zalında qalmaqal yaranıb. Zərərçəkənlər şüşə kabinədə olan Babayevə hücum etməyə cəhd göstərib.

"16 yaşından sənin qulun olmuşam, İmam kimi sənə itaət eləmişəm...", – zərərçəkənlərdən birinin sözləridir.

Bu iş üzrə məhkəmə dindirmələri avqustun 2-dən başlayacaq.

"Cənnətdə yer almaq üçün"

Aqil Babayev külli miqdarda dələduzluqda - zərərçəkmişlərə təxminən 2.5 milyon manat ziyan vurmaqda suçlanır. İddia olunur ki, Babayev özünü insanlar arasında zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib, xeyriyyə işləriylə məşğul olduğunu deyib, bu məqsədlə onlardan pul toplayıb.

Babayev həbs olunarkən Daxili İşlər Nazirliyinin onunla bağlı yaydığı videogörüntülərdə zərərçəkmiş kimi tanınan Faiq Abdullayev deyirdi ki, Babayevin 12-ci İmam olduğuna inanıb, "cənnətdə yer almaq üçün" 420 min manat pul verib: "Mənə demişdi ki, axirətdə yerin yaxşı olacaq. Xırda-xırda verdiyim pullar 420 min manata gəlib çıxdı...".

Babayevin ailə üzvləri isə onun haqqında deyilənləri təkzib edib. Onun özünü İmam Mehdi kimi təqdim edib insanları aldatması, onların pulunu əllərindən alması haqda iddiaları absurd adlandırıblar. Ailəsi bildirib ki, Aqil Babayev "Shaurma N1" restoranlar şəbəkəsinin sahiblərindən olub. Onun pulunu, biznesini əlindən almaq üçün bu cür absurd ittiham uydurub həbs ediblər.

Babayevə ittiham verilən CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsində 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG