Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:43

Azərbaycanda əhalinin yarısının maaşı 410 manatdan aşağıdır


Məmurlar niyə müəllim və həkimlərdən çox maaş alır? Sosial ədalət varmı?
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Məmurlar niyə müəllim və həkimlərdən çox maaş alır? Sosial ədalət varmı?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda median əməkhaqqı məbləğini açıqlayıb. Hazırda ölkədə median əməkhaqqı 410 manata bərabərdir.

Median əməkhaqqı iqtisadiyyatda maaş cədvəlinə qol çəkən bütün işçilərin sayını ikiyə böldükdə həmin bölünmə nöqtəsinə düşən məbləğ deməkdir. Yəni, median əməkhaqqı o göstəricidir ki, həmin rəqəmdən çox və az maaş alan işçilərin sayı eynidir. Statistik məlumatlara görə, hazırda Azərbaycanda muzdlu işçilərin sayı 1 milyon 706 min nəfərə bərabərdir. Bu o deməkdir ki, ölkədə aylıq maaşla işləyən 1 milyon 706 min insan var və onların 853 min nəfərinin maaşı 410 manatdan aşağıdır.

Azərbaycanda rəsmi açıqlamalarda əməkhaqqı səviyyəsi ilə bağlı daha çox orta aylıq əməkhaqqına istinad edilir. "Orta aylıq əməkhaqqı" dedikdə ümumi əməkhaqqı fondunun işçilərin sayına bölünməsi nəticəsində alınan rəqəm nəzərdə tutulur. Hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 825 manata bərabərdir. Bu o deməkdir ki, hazırda ölkədə median əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti 53 faizə bərabərdir. Orta aylıq əməkhaqqı məbləği kəmiyyətcə daha yuxarı səslənsə də, əmək bazarındakı real vəziyyəti göstərmək baxımından median əməkhaqqı miqdarı daha vacib rol oynayır.

Median əməkhaqqı minimum əməkhaqqına yaxındır

Onu da qeyd edək ki, hazırda Azərbaycanda minimum əməkhaqqı 300 manatdır. Bu o deməkdir ki, əmək müqaviləsi ilə işləyənlərin yarısına yaxını rəsmi olaraq məhz minimum əməkhaqqına yaxın gəlir əldə edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan 2000-ci illərin əvvəllərində Avropa Sosial Xartiyasına qoşularkən üzərinə götürdüyü öhdəliklərdən biri ölkədə minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbətinin 60 faizə çatdırılması idi. Yəni, əgər Azərbaycan bu öhdəliyinə əməl etsəydi, hazırda ölkədə minimum əməkhaqqı 500 manata bərabər olmalı idi. Bu baxımdan aydın olur ki, hazırda ölkədə nəinki minimum əməkhaqqı, heç median əməkhaqqı da orta aylıq əməkhaqqının 60 faizinə çatmayıb.

Müqayisə üçün qeyd edək ki, əksər Şərqi Avropa və inkişaf etmiş ölkələrdə median və orta aylıq əməkhaqqı arasındakı fərq 10-25 faiz arasında dəyişir. Region ölkələrindən Rusiyada median əməkhaqqı orta aylıq əməkhaqqının təxminən 90 faizinə yaxındır. Bu baxımdan, Azərbaycanda median əməkhaqqı ilə bağlı ən çox diqqət çəkən məqamlardan biri onun orta aylıq əməkhaqqından təxminən iki dəfə geri qalması ilə bağlıdır.

Median əməkhaqqı niyə aşağıdır

Azərbaycanda median əməkhaqqının aşağı olmasının səbəblərindən biri dövlət sektorunda əmək haqlarının azlığı ilə bağlıdır. Hazırda ölkədəki muzdlu işçilərin 903 min 500 nəfəri (53 faiz) iqtisadiyyatın dövlət, 802 min 500 nəfəri isə (47 faiz) özəl sektorda çalışır. Yəni, muzdlu işçilərin yarısından çoxu dövlət qurumlarından maaş alır. Sayca muzdlu işçilər dövlət sektorunda daha çox çalışsa da, orta aylıq maaş özəl sektorda daha yüksəkdir. Dövlət Statistika Komitəsinin sonuncu açıqladığı rəqəmlərə görə, hazırda dövlət sektorunda orta aylıq əməkhaqqı 768 manata bərabərdir. Özəl sektorda isə orta aylıq əməkhaqqı dövlət sektoruna nəzərən 16 faiz daha yüksək – 892 manatdır.

Dövlət sektorunda ən aşağı əməkhaqqı inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində qeydə alınıb. Bu sektorda çalışan işçilərin orta aylıq maaşı 431 manat olub. Kənd təsərrüfatı üzrə çalışanların orta maaşı isə 463 manat səviyyəsində qeydə alınıb.

Müstəqil ekspertlər Azərbaycanda median əməkhaqqının minimum əmək haqqına yaxın olmasını həm də ölkədə kölgə iqtisadiyyatının həcminin böyüklüyü ilə əlaqələndirirlər. Belə ki, bəzi hallarda şirkətlər vergi ödənişlərini azaltmaq üçün işçinin rəsmi maaşını minimum əməkhaqqı səviyyəsində müəyyən edir. Yerdə qalan hissəni isə qeyri-rəsmi olaraq əldən ödənişlə həyata keçirir.

Minimum əməkhaqqı və real tələblər

Müstəqil iqtisadçıların tez-tez gündəmə gətirdiyi bir məsələ də minimum əməkhaqqının realda minimum ehtiyaclara cavab verib-verməməsidir. Xüsusilə qiymət artımlarının sürətləndiyi son illərdə əhalinin ciddi bir hissəsi minimum əməkhaqqı səviyyəsində gəlir əldə etdiyindən bu məvacibin real minimum tələblərə cavab verməsi çox vacib amilə çevrilir.

Azərbaycanın əmək bazarı ilə bağlı diqqətçəkən daha bir məqam muzdlu işçilərin iqtisadi fəal əhali arasında payının aşağı olmasıdır. Hazırda ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 300 min nəfərdir, onlardan cəmi 1 milyon 703 min nəfəri muzdla çalışır. Yəni, iqtisadi fəal əhalinin təxminən hər üçündən biri əmək müqaviləsi və aylıq maaşla işləyə bilir. Nəinki inkişaf etmiş ölkələrdə, region ölkələrinin hamısında bu göstərici Azərbaycana nəzərən bir neçə dəfə yüksəkdir. Nəzərə almaq lazımdır ki, muzdlu işçilərin payının iqtisadi fəal əhali arasında az olması hökumətin minimum əməkhaqqı siyasəti vasitəsilə insanların sosial rifahına təsir imkanlarını azaldır.

XS
SM
MD
LG