Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:48

Etirazçılar Yerevan meriyasının qapılarını kəsib


Etirazçılar Yerevan meriyasının girişində
Etirazçılar Yerevan meriyasının girişində

"Azatutyun" xəbər verir ki, meriyanın qarşısına polis qüvvələri gətirilib.

Ermənistanda müxalifətin “Müqavimət” hərəkatının tərəfdarları Yerevan meriyasının bütün 4 girişini bağlayıblar.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, meriyanın qarşısına polis qüvvələri gətirilib.

Bu da xəbər verilir ki, polis etirazçılara hökumət binalarının bloklanmasının qanuna zidd olduğu barədə xəbərdarlıq edib.

Lakin etiraz edənlər bu xəbərdarlığa məhəl qoymayıblar.

Etiraz aksiyalarının əsas liderlərindən biri, Milli Məclisin vitse-spikeri İşxan Saqatelyan polisin tələbinə cavab olaraq deyib ki, Nikol Paşinyan müxalifətdə olanda ona hökumət binalarını bloklamaq icazəsi verilirdi.

Azatutyun yazır ki, iş günü başa çatsa da əməkdaşlar binadan çıxa bilməyiblər.

İşxan Saqatelyan deyib:

“Ermənistanda hakimiyyət yoxdur. Biz istəsək binanı bloklayarıq. Siz əsirsiniz, sizi xilas etmək lazımdır”.

Saqatelyan Yerevandakı Fransa meydanında deyib ki, etiraz aksiyası Sayat-Nova və Abovyan küçələrində keçirilməliydi.

Yerevanda müxalifət avtoyürüş keçirir

Ermənistan müxalifəti paytaxt Yerevanın kənarlarından avtoyürüşə başlayıb. İştirakçıların jurnalistlərə dediyinə görə, məqsəd vətəndaşları itaətsizlik aksiyaları haqda bilgiləndirmək, onları etirazlara qoşulmağa çağırmaqdır.

AzadlıqRadiosunun Ermənistan xidməti xəbər verir ki, avtokarvanı polis maşınları müşayiət edir, tədbir dinc şəraitdə keçir.

Müxalifət tərəfdarları artıq ikinci həftədir küçələrə çıxaraq hakimiyyətin dəyişməsini tələb edirlər. Dünənki (10 may), daha öncəki aksiyalar insidentsiz keçməyib. Polis gücdən istifadə edib, onlarla etirazçı saxlanıb.

***

Ermənistanda hakimiyyətin istefasını tələb edən müxalifət bu gün – mayın 10-da günortadan sonra paytaxtın dörd rayonunda yürüşlərə başlayıb. Eyni zamanda itaətsizlik aksiyaları keçirilir.

Etirazçılar periodik olaraq yolları bağlayır, polis isə cavabında onları saxlayır.

Yolları bağlamağa cəhd edənlər saxlanır

Malatiya-Sebastiya inzibati rayonundan başlamış yürüşü “Ayastan” müxalifət fraksiyasından deputatlar Aram VardevanyanQeqam Manukyan müşayiət edirlər. Yürüşdə Ermənistanın ikinci prezidenti, “Ayastan” blokunun başçısı Robert Koçaryanın oğlu Levon Koçaryan da iştirak edir.

Polisin digər etirazçı qrupa qarşı zor tətbiq etdiyini və onları saxlamağa çalışdığını eşidən fəallar yolu tam bağlamağa qərar veriblər, amma bir neçə dəqiqədən sonra açıblar.

Şenqavit rayonunda isə yolu bağlamaq istəyən etirazçılara polis mane olub. AzadlıqRadiosu-nun Ermənistan xidməti bir neçə etirazçının saxlanmasını lentə alıb.

Azatutyun hazırda paytaxtın müxtəlif rayonlarında 61 nəfərin saxlandığını bildirir.

Ermənistanda müxalifət aprelin sonundan Baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Müxalifət hakimiyyəti Dağlıq Qarabağ məsələsində güzəştə, onu Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazır olmaqda suçlayır.

Müxalifətin arqumentləri

Mayın 1-də müxalifət “mübarizənin həlledici mərhələsi”nin başlandığını elan edib. Ötən həftənin əvvəlindən müxalifət tərəfdarları Yerevanda, eləcə də digər şəhərlərdə vətəndaş itaətsizliyi aksiyaları keçirirlər.

“Ayastan” fraksiyasından deputat İşxan Saqatelyan dünən axşam Fransa meydanında mitinqdə hakimiyyətin istefasından sonra müxalifətin fəaliyyət planını təqdim edib. O deyib ki, hakimiyyət gedəndən sonra milli razılıq hökuməti formalaşdırılacaq. O, özəlliklə Dağlıq Qarabağın Azərbaycanın tərkibində istənilən statusunun istisna olunduğunu, Ermənistanın və Qarabağın təhlükəsizliyini gücləndirməyin gərəkdiyini vurğulayıb.

Hakimiyyət isə müxalifətin tənqidini rədd edərək bildirir ki, Dağlıq Qarabağda ermənilərin hüquqları və statusu Azərbaycanla sülh danışıqlarının tərkib hissəsi olacaq. Ötən həftə parlamentdə çıxış edən Baş nazir Nikol Paşinyan istefasıyla bağlı müxalifətin tələblərini rədd edib. Hakimiyyət təmsilçilərinin arqumentinə görə, müxalifətin etirazları və tələblərini əhalinin geniş təbəqələri dəstəkləmir.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Atəşkəsin monitorinqi üçün regiona 2 minədək Rusiya hərbçisi yerləşdirilib.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlanıb. Azərbaycan 1994-cü ildə Ermənistanla imzalanan atəşkəs razılaşmasına qədər ərazilərinin 20 faizini itirmişdi.

Paşinyan ötən ay Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ikitərəfli sülh sazişinin hazırlanmasına başlamağa və sərhədlərin delimitasiyası üzrə birgə komissiya yaratmağa razılaşıb.

Bakı sülh sazişi üçün beş prinsip, o cümlədən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını irəli sürüb. Paşinyanın bu elementlərin Yerevan üçün əsasən qəbuledilən olduğunu deməsi müxalifəti qızışdırıb. Onlar baş naziri Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımağa hazır olmaqda suçlayırlar.

XS
SM
MD
LG