Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:24

Paşinyan müxalifətə: 'Hər qaradan Otello çıxmaz'


Nikol Paşinyan və komandası Milli Məclisi tərk edən müxalifət deputatlarını alqışlarla yola salır
Nikol Paşinyan və komandası Milli Məclisi tərk edən müxalifət deputatlarını alqışlarla yola salır

Bir neçə gündür küçə etirazları keçirən və parlamentin iclaslarını boykot edən müxalifət deputatları mayın 4-də Milli Məclisə gəliblər.

Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə çıxış edən millət vəkili bildirib ki, müxalifət onun Dağlıq Qarabağa dair imzaladığı bəyanatlardan, habelə onun hökumətinin başladığı danışıqlardan imtina etmir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, belə bir bəyanatla mayın 4-də müxalifət liderlərindən biri, Hayastan parlament fraksiyasının üzvü İşxan Saqatelyan çıxış edib.

Hərçənd Saqatelyan əlavə edib ki, Paşinyanın bəyanatları və onun hökumətinin apardığı danışıqlar müxalifət üçün qeyri-məqbuldur:

“9 noyabr bəyanatı haqqında biz demişik ki, bu bizim üçün məqbul olmasa da, artıq baş vermiş faktdır. Amma biz Nikolun bu kapitulyasiyanı sona çatdırmasına mane olmalıyıq”.

Müxalifət Paşinyan deyəni deyir?

Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasını təmsil edən Saqatelyan daha sonra deyib:

“Biz müharibəni qızışdırmayacağıq. Biz Türkiyə və Azərbaycanla danışıqları dayandırmayacağıq, müharibə elan etməyəcəyik, amma bu danışıqlara qarşı tərəfə nə lazım olduğunu soruşmaq üçün yox, ölkəmizin maraqlarını real şəkildə müdafiə etmək üçün gedəcəyik. Nikol da belə deyir. Amma əslində belə demir”.

Azatutyun yazır ki, artıq bir neçə gündür küçə etirazları keçirən və parlamentin iclaslarını boykot edən müxalifət deputatları mayın 4-də Milli Məclisə gəliblər.

Onlar Milli Məclisdə keçirilən “hökumət saatında” müxalifətin tələbini oxuyublar:

“Paşinyan faktiki olaraq, “Qarabağ – Azərbaycandır və nöqtə” tezisini həyata keçirir və Artsaxın (Qarabağ-red) statusunun azaldılmasına, faktiki olaraq Artsaxın (Qarabağ-red) Azərbaycanın bir hissəsi kimi tanınmasına dair Türkiyə-Azərbaycan mövqeyini dəstəkləyir. O sıçrayışlı iqtisadi artım vəd etmişdi, amma dövlət borcu, yoxsulluq, qiymətlər və ölümlər artır. O bir çox vədlərinə əməl etməyib. Sonuncu vədi isə faciə ilə nəticələnib. “Xidməti avtomobillərin ağalığına” son qoymağı vəd edən və onun kortejinin qırmızı işıqda dayandığını deyən Paşinyanın korteji hamilə qadını və onun hələ doğulmamış körpəsini öldürüb. Nikol Paşinyan qeyri-legitimdir, onun bizim dövlətimizi yeni güzəştlərə aparmaq üçün mandatı yoxdur və o istefaya getməlidir”.

Paşinyan tribunaya qalxıb

İclasda iştirak edən Nikol Paşinyan deyib ki, bu ittihamlara bənd-bənd cavab vermək istəyir. O bildirib ki, Qarabağ danışıqlarını o yox, keçmiş prezident Serj Sarkisyan iflasa uğradıb:

“Serj Sarkisyan bu tribunadan gələcək müharibə barədə bəyənat verib demişdi: “Biz ümid etməməliyik ki, Azərbaycan Qarabağ məsələsini hərbi yolla həll etməyə cəhd göstərməyəcək”.

Azatutyun yazır ki, müxalifətin tələbnaməsini oxuyan deputat Armen Rustamyan Paşinyanın əsaslandırmasını qeyri-məqbul adlandırıb:

“Nə fərqi var, kimsə, nə vaxtsa nəsə edib. Siz baş nazir olmusunuz və bu iradəni siz yerinə yetirməli idiniz. Siz bunu vəd etmişdiniz”.

Nikol Paşinyan bildirib ki, az sonra “ifşaedici bəyanat” verəcək.

Bundan sonra müxalifət deputatları iclası tərk ediblər. Paşinyan onların boykotuna istehzalı replika verib:

“Elə ki, ifşadan danışdım, qaçıb getdilər”.

Lakin Paşinyan fasilədən sonra vəd etdiyi açıqlamanı verməyib və deyib ki, suallara “qiyabi” cavab vermək istəmir.

Ermənistanda etirazlar genişlənir
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Frunzik Mkrtçyandan bir əhvalat

Baş nazir bunun əvəzində onun istefası tələbi ilə bir neçə gündür ki, davam edən etiraz aksiyalarından danışıb.

O deyib ki, müxalifət onun 2018-ci ildə atdığı addımları təqlid edir:

“Onlara elə gəlir ki, hər şeyi təkrar eləsələr, yamsılasalar nəsə alınacaq”.

Paşinyan bunun ardınca məşhur aktyor Frunzik Mkrtçyandan və rejissor Vaqram Papazyandan bir əhvalat danışıb:

“Bir dəfə Frunzik Mkrtçyan Vaqram Papazyana müraciət edərək deyir: “Maestro, mən öz aktyor karyeramda yeni mərhələyə keçmək, Otello rolunu oynamaq istəyirəm”. Vaqram Papazyan buna bir baxır, fasilə verir və deyir: “Oğul, hər qaradan Otello çıxmaz”.

Azatutyun yazır ki, bununla da mayın 4-də Milli Məclisin iclası başa çatıb.

Müxalifət sabahkı planları barədə məlumat verməyib.

XS
SM
MD
LG