Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:22

Azərbaycan qazı Avropanı böhrandan çıxara bilərmi?


İlham Əliyev Cənub Qaz Dəhlizinin açılışında (2018)
İlham Əliyev Cənub Qaz Dəhlizinin açılışında (2018)

Rusiya ilə Avropa arasında qaz böhranı dərinləşdikcə, Azərbaycanın adı qaz təchizatını artıra biləcək ölkə kimi daha çox hallanmağa başlayır

Rusiya ilə Avropa arasında qaz böhranı dərinləşdikcə, Azərbaycanın adı qaz təchizatını artıra biləcək ölkə kimi daha çox hallanmağa başlayır.

Beləki, Bolqarıstanın baş naziri Kiril Petkov aprelin 27-də Fransanın Monde qəzetinə müsahibəsində deyib ki, Avropa İttifaqının Azərbaycan qazını qısa zamanda Bolqarıstana ötürməyə nail olacağına ümid edir.

Bolqarıstana verilən qazı Rusiya ötən həftə kəsib, səbəb kimi isə bu ölkənin rublla ödəniş etmək istəmədiyini göstərib.

Bəs Azərbaycan Bolqarıstan hökumətinin çağırışına cavab olaraq bu ölkəni təcili qazla təmin edə bilərmi?

Bu haqda rəsmi Bakı hansısa açıqlama verməyib.

Hazırda Azərbaycan Bolqarıstana illik 300 milyon kubmetrə qədər qaz verir.

Bolqarıstan problemi

Bolqarıstanda, Demokratiyanın Tədqiqi Mərkəzinin enerji üzrə təhlilçisi Martin Vladimirov deyir ki, rəsmi Bakının Bolqarıstana verdiyi qazının həcmini təcili şəkildə artırması baş versə, bu, siyasi qərar olacaq - çünki qazı Trans-Adriatik Kəmər - TAP vasitəsilə Bolqarıstana satmaq Azərbaycana sərf eləmir:

“Azərbaycan ancaq Avropa İttifaqı və ABŞ-ın siyasi təzyiqi ilə Bolqarıstana əlavə qaz verə bilər. Çünki Azərbaycan öz qazını hazırda olduğu kimi Yunanıstan və İtaliyaya satmaqda daha maraqlıdır, çünki İtaliya və Yunanıstan daha çox pul verir. Keçən il yüksək səviyyəli ABŞ və Avropa İttifaqı rəsmiləri ilə belə danışıqlar olub, amma nəticəsiz qalıb. İndi də bunun baş verməsi üçün Azərbaycanın mövcud müqaviləni ona mənfəət gətirməyən şərtlərlə dəyişməsi üçün rəsmi Bakı ilə siyasi danışıqlar aparılmalıdır”.

Azərbaycanın Avropa İttifaqı ölkələrinə qazı neçəyə satdığı rəsmi açıqlanmır.

Amma Azərbaycanın Bolqarıstanla artıq bir razılaşması də var - bu da TAP-a birləşdiriləcək Yunanıstan Bolqarıstan interkonnektoru ilə ötürüləcək qazdır.

Bu layihənin internet saytında deyilir ki, kəmər bu ilin iyunun sonuna qədər hazır ola bilər.

Kəmər işə düşəndə Azərbaycan ilk dəfə Bolqarıstana illik 1 milyard kubmetr qaz verməyə başlayacaq.

Amma bolqarıstanlı təhlilçi Martin Vladimirov deyir ki, bu layihə hələ vaxt aparacaq:

“Indi Bolqarıstanın ən yaxşı halda ata biləcəyi bir addım var - o da interkonnektorun tikintisini sürətləndirməkdir. Amma ki, bunun bu il payızın sonundan daha tez baş verəcəyini düşünmürəm. Ən optimist proqnoz odur ki, tikinti bu ilin iyuluna qədər başa çatacaq. Daha sonra test və başqa prosedurlar həyata keçirilməlidir. Bolqarıstanın tələbatını təcili ödəməyə bir məqam da yardım edə bilər - Azərbaycan qazı test başa çatan kimi göndərə bilər, başqa sənədləşdirmə işlərini gözləyə bilər. Bu, Bolqarıstana kömək edər ki, Rusiyanın yaratdığı qaz böhranını müəyyən qədər qapasın”.

Cəmi 2 faiz olsa da…

Bəs Avropanın artan tələbi fonunda Azərbaycan nə qədər qaz təklif edə biləcək?

Prezident İlham Əliyev aprelin 30-da ADA universitetində çıxışında bu mövzuya da toxunaraq deyib ki, o, alternativ enerji mənbələrinə ümid edir:

“Dediyim kimi, bu, qismən daxildə qaz itkilərinin optimallaşdırılması hesabına olacaq. Bir hissəsi təbii qazın günəş və külək enerjisi ilə əvəz edilməsi olacaq, digər hissəsi isə yeni hasilat hesabına olacaq. Biz yeni yataqlardan hasilatı gələn il üçün gözləyirik. Artıq Abşeron yatağında 1.5 milyard kubmetr əlavə qaz var. Digər yataqlardan da gözləntilərimiz var”.

Azərbaycan qazını Avropaya çıxaran TAP - TransAdriatik Boru Kəməri bu ilin yanvarından işə düşüb. Onun ötürücülük gücü 10 milyard kubmetrdir. Bu isə Avropanın qaz ehtiyacının təqribən 2 faizidir. Amma prezident İlham Əliyev aprelin 30-da deyib ki, əlavə nasoslar quraşdırmaqla TAP-ın gücünü 20 milyard kubmetrə də çatdırmaq olar.

Rusiyanın Ukraynaya hücumundan sonra Avropa üçün Rusiya qazından asılılığı azaltmaq üçün yeni enerji mənbələri axtarışına çıxıb və Azərbaycanla da danışıqlar bu konteksdə sürətlənib. Prezident İlham Əliyev isə aprelin 30-da deyib ki, Azərbaycan heç vaxt Rusiya ilə yarışmaq niyyətində olmayıb.

Rəsmi məlumatına görə, Azərbaycan keçən il təbribən 44 milyard kubmetr qaz istehsal edib, bunun təqribən 43 faizini ixrac edib.

XS
SM
MD
LG