Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:26

Rusiyada donos yazanların sayı artır


Donos
Donos

Dubrova radioya danışıb ki, Ukraynadakı müharibəni müzakirə edəndə şagirdlərin qəzəbindən “dəhşətə gəlib”

Rusiyanın Penza şəhərində ingilis dili müəlliməsinə cinayət işi açılıb. Şagirdləri Rusiyanın Ukraynaya qarşı müharibəsilə bağlı onun tənqidlərini gizli yayıblarmış. AzadlıqRadiosu-nun müxbiri Robert Koalson müəllimlərin, fəalların üzləşdiyi anonim donosların sovet diktatoru İosif Stalin dövrünün qaranlıq səhifələrini yada saldığını yazır.

45 yaşlı müəllimə İrina Gen düzgün hərəkət etdiyini düşünür. “Buna görə təəssüf eləmirəm. Yeganə problem odur ki, uşaqların beyninə təsir göstərə bilməmişəm”, – o söyləyir.

Gen martın 18-də səkkizinci sinif şagirlərilə Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə edib. Şagirdlərdən biri onun səsini yazaraq ictimailəşdirib. Müəllimə “Rusiya silahlı qüvvələri haqda saxta informasiya” yaymaqda suçlanır. Gen 15 ilədək həbsə məhkum edilə bilər.

Prezident Vladimir Putin martın 16-da hökumətin iclasında cəmiyyətin “təbii və vacib özünütəmizləmə”sindən danışıb. “Donos dövrünə çatmışıq. Bunu yaxşı anlayırıq”, – Gen deyir.

O 10 il işlədiyi məktəbdən çıxıb, “belə bir xoşagəlməz şeyin baş verdiyi məktəbdə işləməyin yaxşı bir şey olmadığını” söyləyir.

“Siyasi müzakirə”

Həştərxanda isə riyaziyyat müəlliməsi Yelena Baybekova aprelin 1-də işdən çıxarılıb.

Məktəb direktorunun sözlərinə görə, adları çəkilməyən şagirdlər müəllimənin dərsdə “siyasi müzakirələr” aparmasından şikayətləniblər. Baybekova şikayəti göstərməyiblər.

Baybekova boş vaxtlarında müharibəyə qarşı nümayişlərə qoşulduğunu desə də, məktəbdə siyasətdən danışığını inkar edir. Onun radioya dediyinə görə, məktəbdən onu dissident siyasi baxışlarına görə uzaqlaşdırmağa çalışırdılar:

“Mənə qarşı ittihamlar tamamilə quraşdırılıb. Məktəb direktoruna dedim ki, indi 1937-ci ildə donosları yazanların kimə bənzədiyini bilirəm. O da cavab verdi ki, o da faşistlərin və vətəni satanların kimə bənzədiyini bilir”.

Stalinin “Böyük Terror”u milyonlarla sovet vətəndaşının müxtəlif bəhanələrlə saxlanması, güllələnməsi ilə sonuclanıb.

4 milyon donosu kim yazıb?

1982-ci ildə sovet jurnalisti və yazıçısı Sergey Dovlatov “Zona” əsərində yazırdı: “Biz sonsuz olaraq Yoldaş Stalinə lənət oxuyuruq, düz də edirik. Amma soruşmaq istəyirəm – 4 milyon donosu kim yazıb?... Onları sadə sovet adamları yazırdı”.

Sibirin Neryungri şəhərində tarix müəllimi Andrey Şestakov, Korsakov şəhərində ingilis dili müəlliməsi Marina Dubrova oxşar səbəblərdən işdən çıxarılıblar. Bir şagird Dubrovanın dərsdə müharibəni müzakirə etməsini yazıb və valideyni də şikayət göndərib. Müəllimə “saxta” informasiya yaymağa görə 30 min rubl ($360) cərimələnib.

Dubrova radioya danışıb ki, Ukraynadakı müharibəni müzakirə edəndə şagirdlərin qəzəbindən “dəhşətə gəlib”.

Kreml bu müharibəyə “xüsusi hərbi əməliyyat” deyir.

Gözlənilən idi...

Rusiyada təkcə müəllimlər deyil, digər vətəndaşlar da donosla üzləşirlər. Nalçik şəhərində bir cütlük kafedə Ukraynada ərazi müdafiə qüvvələrində xidmət edən qohumlarının ölümündən danışırlar. Yaxınlıqda əyləşən dörd qadın cütlüyü söyür, dərhal polis çağırır. Polis əməkdaşı cütlüyü saxlamaqdan imtina edir. Qadınlar onda FSB-yə müraciət edir. FSB əməkdaşı da onları həbs etməkdən imtina edir. Bu zaman qadınlar polisə ikinci dəfə zəng edir. Bu dəfə polis əməkdaşı Oksana Aleksandra “xırda xuliqanlıq” ittihamı yazıb. Aleksandr sonradan “saxta” informasiya ittihamı ilə üzləşib, guya polisə deyibmiş ki, Rusiya ordusu Ukraynaya qanunsuz girib. Ona 30 min rubl ($360) cərimə kəsilib.

“Donosların artacağı gözləniləndir”, – Rostov-na-Don şəhərində yaşayan insan haqları fəalı Rostislav Pavlişçev deyir. Onu da dekabrda anonim donos əsasında saxlayıblar.


“Bəzi hallarda anonim donosları çox güman elə polis özü yazır. Digər hallarda ərizəçilər dövlət sektorunun qorxudulmuş işçiləridir, polis, ya da müdirləri onları donos yazmağa vadar edir. Bəzi donosları Antiesktremizm Mərkəzilə əməkdaşlıq edən saxta ‘fəallar’ yazırlar. Müxtəlif ssenarilər var, amma hamısı gözləniləndir və bir şeyə söykənir – qorxuya”, – fəal söyləyir.

Rusiya fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı müharibəyə başlayandan ABŞ və Avropadakı müttəfiqləri Rusiyaya iqtisadi, maliyyə və diplomatik sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG