Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:16

ABŞ dövlət katibi İlham Əliyevə zəng edib


Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken (solda) və Azərbaycan prezidenti İlham Əliyev
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken (solda) və Azərbaycan prezidenti İlham Əliyev

Entoni Blinken aprelin 6-da Brüsseldə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirib

Aprelin 5-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan prezident İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı əsnasında Entoni Blinken aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirib.

Prezident İlham Əliyev isə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları, kommunikasiyaların qurulması üçün ölkəsinin irəli sürdüyü təklifləri, mövqeyini qeyd edib. Məlumata deyilir ki, Əliyev humanitar məsələlərə toxunub, "birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş hesab olunan 3890 nəfər azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsi və kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsinin vacibliyini diqqətə çatdırıb".

Ermənistanın Baş naziri Nikol Paşinyan fevralda parlamentdə demişdi ki, bir il ərzində Azərbaycana Birinci Qarabağ müharibəsindən bəri itkin sayılan 108 nəfərin qalıqlarını verib, bu yaxınlarda daha iki nəfərin qalıqları veriləcək.

Brüssel görüşü

Aprelin 6-da Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə üçtərəfli görüş keçiriləcək.

Bu, artıq son vaxtlarda ikinci belə görüşdür. Bundan əvvəl Aİ Şurası prezidentinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan rəhbərliyinin görüşü ötən ilin dekabrında olmuşdu.

Azərbaycanın təklifləri və ona cavab…

Azərbaycan bir müddət öncə Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinspi təqdim etdiyini açıqlayıb.

Xarici İşlər Nazirliyinin açıqlamasına görə, ora dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması, sərhədlərin müəyyən edilməsi, nəqliyyat və kommunikasiyaların açılışı kimi məsələlər daxildir.

Ermənistan isə öz növbəsində Azərbaycanın yeni təklifinə cavabında sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəyib.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, rəsmi Yerevan Bakı ilə sülh danışıqlarının təşkili üçün ATƏT-in Minsk qrupuna müraciət etməyi nəzərdən keçirir.

ATƏT-in Minski qrupu uzun müddət Qarbağ danışıqlarında vasitəçi olub.

ABŞ, Rusiya və Fransa qrupda həmsədr ölkələrdir.

Xatırlama

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG