Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:15

David Babayan: ‘Azərbaycan xof yaratmaq istəyir...’


David Babayan
David Babayan

Qarabağ separatçılarının liderlərindən David Babayan Azərbaycanın onu da axtarışa verdiyini bildirib

Dağlıq Qarabağda separatçıların liderlərindən David Babayan deyib ki, onlar Azərbaycan hüquq-mühafizə orqanlarından separatçıların başçısı Arayik Arutyunyanın “ən qısa müddətdə saxlanacağına” dair heç bir müraciət və ya sorğu almayıblar.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, fevralın 15-də Azərbaycanın Baş Prokurorluğu ölkə hüquq-mühafizə orqanlarının Arayik Arutyunyanı “ən qısa müddətdə” saxlamaq niyyətində olduğuna dair məlumat yayıb.

Bakı Arutyunyanı Gəncə şəhərinin raket atəşinə tutulmasında ittiham edir.

David Babayan Azatutyuna müsahibəsində deyib:

“Azərbaycan xof yaratmaq istəyir və istisna olunmur ki, onlar hansısa bir şəkildə Artsax (Qarabağ-red) məmurlarına xətər yetirsinlər, onlara hücum etsinlər”.

Azatutyunun “bu barədə Rusiya tərəfindən hər hansı sorğu olubmu və Azərbaycanın Arayik Arutyunyan niyə indi yadına düşüb” sualına Babayan belə cavab verib:

“Düşünürəm ki, burda Rusiya tərəfini yada salmaq düzgün deyil, bu Azərbaycanın terrorçuluq siyasətinin bir hissəsidir. Bilirsiniz, axtarışda olan adamlar var. Mən də axtarışdayam. Mən prezidentdən (Arayik Arutyunyan-red) sonra ikinciyəm”.

Rusiya sülhməramlılarının vaxtı uzadılmasa...

David Babayan daha sonra narahatlığını bildirib ki, Rusiya sülhməramlılarının missiyası uzadılmasa çətinliklər yarana bilər:

“İki-üç il ərzində, bizim ümid etdiymiz kimi Rusiyanın sülhməramlı missiyası uzadılmasa, onlar müxtəlif cür təxribatlara əl atacaqlar. Təxribatlardan biri də, hər şeydən göründüyü kimi bu üsullarla kiməsə ziyan vurmaq, hətta həyatına təhlükə yaratmaq, kimisə tutmaq, oğurlamaq, göz qarşısında alçaltmaq, hər zaman etdiklərini etmək olacaq. Başqa sözlərlə bu terrorçu ölkə belə siyasətini davam etdirir, bu təbiidir və gözləniləndir, bunda təzə nəsə yoxdur”.

Azatutyunun Azərbaycanın bu məsələdə vasitəçilik üçün Rusiya tərəfinə müraciət edib-etməməsi barədə sualına Babayan belə cavab verib:

“Yox belə bir şey, ümumiyyətlə ola bilməz, bu onların təşəbbüsüdür. Amma, əlbəttə, elə ölkələr var ki, məsələn, Türkiyə onları dəstəkləyir. Türkiyədə, onların müttəfiqi olan bir sıra başqa ölkələrdə də bizi eyni təhlükələr gözləyir”.

Ermənistanda Qarabağ müharibəsini araşdıracaq komissiya yaradılır
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Baş Prokurorluq nə demişdi

Azərbaycan Baş Prokurorluğunun fevralın 15-də yaydığı bəyanatda deyilir:

“Gəncəyə olan hücum nəticəsində 26 şəxs qətlə yetirilmişdi. Arayik Arutyunyan öz tvitter hesabında bu hücumu təşkil etdiyini bəyan etmişdi. Bu sübutlar əsasında Arutyunyanın təqsirləndirilən şəxs kimi Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 120 (qəsdən adamöldürmə) və digər maddələri ilə məsuliyyətə cəlb edilməsi barədə qərar verildi”.

Bəyanatda daha sonra bildirlir ki, Azərbaycan və Ermənistan terrorçuluğa qarşı mübarizə ilə bağlı beynəlxalq konvensiyanı ratifikasiya ediblər və istənilən hüquq dövləti terrorçuluğa görə axtarışa verilmiş şəxsin tutulmasına və konvensiyanın tələblərinə riayət etməyə borcludur.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb.

Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG