Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:53

Yanqulbayev Gürcüstandan gedir


Abubakar Yanqulbayev
Abubakar Yanqulbayev

Yanqulbayev hakimiyyətin onun ailəsini hədəfə almasının özünün Kadırovu, Çeçenistanda insan haqlarının durumunu tənqid etməsilə əlaqələndirir

Çeçenistan liderlərinin özünü və ailə üzvlərini öldürməklə hədələdiyi çeçen insan haqları fəalı təhlükəsizliyə görə Gürcüstandan gedib.

İşgəncələrə Qarşı Komitə insan haqları qrupunun keçmiş hüquqşünası Abubakar Yanqulbayev fevralın 6-da AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, dekabrın sonundan bəri yaşadığı Gürcüstanı tərk etmək qərarına gəlib. Çünki son həftələr Tbilisidə naməlum şəxslərin onu izlədiyi haqda məlumat var.

Peşəkar izləmə

“Bu haqda mənə təhlükəsizlik ekspertləri məlumat verib. Özüm izləndiyimi hiss etməmişəm, bu da bu işin yetərincə peşəkar aparıldığı deməkdir. Mən bu vəziyyətdə yaşamaqdansa, Gürcüstandan çıxmağa qərar verdim. İzləmənin özümə və ailə üzvlərimə qarşı yüksək çinli rəsmilərin səsləndirdiyi təhdidlərə bağlı olmasına şübhə yoxdur”, – Yanqulbayev söyləyib.

Ötən ay Nijni Novqorod şəhərində çeçen və yerli polis əməkdaşları Yanqulbayevin anası Zarema Yanqulbayevanı (Musayeva) zorla evindən çıxararaq Çeçenistana aparıblar. Orada ona polis əməkdaşına hücum ittihamı irəli sürülüb.

Çeçenistanın Kremlin dəstəklədiyi rəhbəri Ramzan Kadırov, digər rəsmilər, eləcə də Rusiya parlamentinin aşağı palatası Dövlət Dumasının üzvü Adam Delimxanov Yanqulbayev ailəsinin bütün üzvlərini öldürməklə hədələyib, onları “terrorçular” adlandırıb.

Rusiyadan gedirlər

Onlar sözügedən komitənin qurucusu İqor Kalyapini, “Novaya gazeta”nın jurnalisti Yelena Milaşinanı, Dojd televiziyasını “terrorçuların ortağı” olduğunu iddia edib. Milaşina Çeçenistanda insan haqları pozuntularından yazır.

Yanqulbayev hakimiyyətin onun ailəsini hədəfə almasının özünün Kadırovu, Çeçenistanda insan haqlarının durumunu tənqid etməsilə əlaqələndirir. Atası, təqaüddə olan hakim Səidi Yanqulbayev, bacısı təhdidlərdən sonra Rusiyanı tərk edib. Milaşina da ötən həftə Rusiyadan gedib.

Yanqulbayev AzadlıqRadiosu-na deyib ki, “indi Çeçenistanda yalnız bir nəfərin hüquqlarına hörmət göstərilir, o da Ramzan Kadırovdur”.

Kalyapin ötən həftəsonu “The Insider” araşdırmaçı vebsaytına bildirib ki, o, İşgəncələrə qarşı Komitədən çıxıb, amma bu, təhdidlərlə bağlı deyil.

“Rusiya Holokostu”

Rusiyada jurnalistlər, insan haqları fəalları, sıravi vətəndaşlar hökuməti Çeçenistan rəsmilərinin təhdidedici bəyanatları ilə bağlı hüquqi addımlar atmağa çağırıb.

Yerli və beynəlxalq insan haqları qrupları illərdir Kadırovu Çeçenistanda adam oğurluğu, işgəncə, qanunsuz qətllər, LGBT icmasının təqibi kimi pozuntuları himayə etdiyini deyirlər. Kremlin tənqidçilərinin fikrincə, Rusiya Prezidenti Vladimir Putin bütün bunlara göz yumur, çünki Çeçenistanda separatçı əhvalın, zorakılığın cilovlanmasında Kadırova bel bağlayır.

“Buna Rusiya Holokostu deyərdim, adam oğurluğu, insan qətli əhəmiyyətsiz bir şeyə çevrilib”, – deyən Yanqulbayev çeçenlərin Kadırov və hökumətinin illər boyu Çeçenistanda etdiklərini “heç vaxt unutmayacağını” vurğulayıb.

O, Çeçenistandakı indiki vəziyyətin iki dağıdıcı postsovet müharibəsinin nəticəsi olduğunu sözlərinə əlavə edib. Həmin müharibələr islam üsyançı dəstələrinin Şimali Qafqazda digər müsəlman regionlarına yayılmasına səbəb olub.

XS
SM
MD
LG