Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:19

Sürücülərin etirazı ifrat sağçıların işinə yarayır – Qərb mediası


Ottava, 6 fevral, 2022-ci il
Ottava, 6 fevral, 2022-ci il

Telegram qruplarında onminlərlə adam Kanada etirazlarından danışır, bu informasiyanı ölkə xaricində necə yaymağı müzakirə edirlər

Bir həftədən çoxdur pandemiya qadağalarına etiraz edən yük maşınları sürücüləri Kanadanın paytaxtı Ottavanın mərkəzini qapatmışdı. Dünən – fevralın 6-da şəhərin meri fövqəladə vəziyyət elan edib. Mer Cim Vatsonun qərarı nümayişlərin şəhər sakinlərinin təhlükəsizliyinə təhdid yaratması ilə izah olunur.

“The New York Times” bu rejimin daha çox simvolik xarakter daşıdığını yazır. Çünki fövqəladə vəziyyət polisə parlamentə yaxın küçələrdən yüzlərlə yük maşını və şəxsi avtomobilin uzaqlaşdırılması üçün əlavə səlahiyyət vermir.

Musiqili, yemək-içməkli nümayişlər

Şənbə günü nümayişçilər Ottava və digər şəhərlərdə küçələrə çıxaraq pandemiya məhdudiyyətlərinə etiraz ediblər. Etirazlar artıq ikinci həftəsonudur keçirilir. İlk öncə yük maşınları sürücüləri sərhəddə vaksinin məcburi edilməsinə etiraza çıxıblar. Sonradan Baş nazir Castin Trüdoya qarşı və bir sıra digər siyasi məsələlər qaldırılıb.

Qəzet şənbə günü etirazların əsasən dinc keçdiyini yazır. Ottavada şaxtalı havaya baxmayaraq, parlament qarşısında orkestr ifa edib. Müvəqqəti çadırlarda yemək paylanıb.

Küçələrdə üz-üzə gələn etirazlar yumruqlarını qaldıraraq “azadlıq” qışqırıblar.

Nümayişlərdə zorakılıq qeydə alınmasa da, Ottavanın mərkəzində nəqliyyatın işi iflic olub, səs-küy, qısnamadan şikayətlər səslənib.

200-250 yük maşını şəhər mərkəzində qalıb, sürücülər tez-tez siqnal veriblər. Tərəfdarları sürücülərə yanacaq daşıyıblar.

Görünməmiş fəallıq

“Politico” dərgisi isə Ottavadakı sürücülərin bütün dünyada ifrat-sağçıları cuşa gətirdiyini yazır.

Kanada etirazları ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Nümayəndələr Palatasının respublikaçı üzvü Marjuar Teylor Qrinədək bir sıra siyasətçilərin dəstəyini qazanıb. Sosial media, şifrəli mesajlaşma qrupları ilə koordinasiya olunan etirazlar tezliklə qlobal hərəkata çevrilib, məqalədə deyilir.

Telegram-da onminlərlə insan Kanada etirazlarını dəstəkləmək üçün səfərbər olub. “Politico” kontentin moderasiya olunmadığı bu sosial şəbəkənin ifrat-sağçıların sevimli məkanına çevrildiyini qeyd edir.

Müxtəlif ianə platformalarında isə Kanada hərəkatına milyonlarla dollar vəsait yığılıb.

“ABŞ-ın sağ-qanaq siyasətçiləri və kontent yaradanlar... bu etirazlara gerçəkdən qlobal miqyas verdilər. Xaricdən ianə, istənilən ianəyığma kampaniyası üçün adi haldır... Amma bu, görünməmiş miqyasda baş verir”, – onlayn ekstremizmi izləyən Strateji Dialoq İnstitutunun təhlilçini Kyaran Okonnor deyib. Bu təhlil mərkəzi Kanadada Covid-19 qadağalarına etirazları da izləyir.

Dərgi yazır ki, Kanadada yük maşınları karvanına qlobal dəstək antivaksin qruplarının onlayn və real dünyada əməliyyatların koordinasiyasını getdikcə təkmilləşdirdiyi bir dönəmdə baş verir.

2020-ci ilin əvvəlində pandemiya başlanandan hökumətin maska, vaksin tələblərinə, digər səhiyyə tədbirlərinə qarşı çıxanlar sosial mediada qruplaşırlar. Facebook və Twitter 2021-ci ildə antivaksin dezinformasiyası ilə mübarizə apardığından onlar digər şəbəkələrə üz tuturlar.

7 mindən çox post, 10 milyonadək əlaqə

Kanadanın dünyada vaksinasiyaya görə öncül yerlərdə olmasına baxmayaraq, milli təhlükəsizlik rəsmiləri və tədqiqatçılar etirazlar vaxtı sosial şəbəkələrdə qlobal koordinasiyada sıçrayış müşahidə ediblər.

Yanvarın 22-dən fevralın 5-cən ABŞ-dakı Facebook səhifələrində 7 mindən çox postda yük maşınları karvanından söz açılıb. Bu postlar vasitəsilə 10 milyonadək sosial media əlaqəsi qurulub.

Telegram qruplarında isə onminlərlə adam Kanada etirazlarından danışır, bu informasiyanı ölkə xaricində necə yaymağı müzakirə edirlər.

Fevralın 4-də isə GoFundMe “Azadlıq Karvanı 2022” ianə səhifəsini bağlayıb, dinc nümayişlərin artıq məşğuliyyət növünə çevrildiyini, bununla da şirkətin xidmət şərtlərinin pozulduğunu qeyd edib.

“Politico” sosial mediakı fəaliyyətin təhlilinə əsasən yazır ki, hazırda ABŞ-da da oxşar “karvanlar” təşkil olunur. 40 minədək istifadəçisi olan bir Telegram kanalı Alabamadan Vyominqə qədər müxtəlif ştatlarda planlaşdırılan etirazlarla bağlı məlumatlar paylaşır.

XS
SM
MD
LG