Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:26

Aktual sual: Azərbaycan Avropanı təbii qazla təmin edə bilər?


Türkmənistan qazı Azərbaycana niyə lazım olub?
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Türkmənistan qazı Azərbaycana niyə lazım olub?

Avropaya qaz idxalının az qala yarısı Rusiyadandır

Artıq bir ildir Avropanın təbii qaz bazarı çalxalanır. Ötən ilin əvvəllərində koronavirus pandemiyasının doğurduğu qapanmaların yumşaldılması qaza tələbatı çoxaltmış və təbii qazı bahalandırmışdı. Həmin dövrdə təbii qazın min kubmetrinin satış qiyməti 350 dollara yaxınlaşmışdı. Cürbəcür iqtisadi və siyasi proseslər burulğanında qazın qiymət artımı ara verməmiş və rekord məbləğə, az qala, 2 min dollara yüksəlmişdi. Avropanın əsas təbii qaz təchizatçısı Rusiyadır. Ancaq son zamanlar bu ölkənin Ukraynayla çox gərgin münasibətləri Avropanın təbii qazla təminatı məsələsini yenidən gündəmə gətirib. Axı siyasi dartışmalarda Rusiya tərəfinin faydalandığı əsas təzyiq vasitələrindən biri məhz təbii qazla təminat məsələsidir.

Avropa Birliyində düşünürlər ki, Rusiyaya sanksiyalar tətbiq edilsə, Rusiya da buna cavab olaraq Avropaya göndərdiyi təbii qazın miqdarını azalda bilər. Unutmaq olmaz ki, rəsmi rəqəmlər Avropa Birliyinə təbii qaz nəqlinin 40 faizdən artıq bölümünün Rusiyanın payına düşdüyünü göstərir. Yanvarın sonunda açıqlanan göstəricilərə görə, Avropanın yeraltı qaz anbarlarında doluluq səviyyəsi 40 faizdən də aşağı düşüb. Bu, son 10 ildə qeydə alınan ən aşağı göstəricidir. Yeraltı qaz anbarlarında doluluğun ən aşağı olduğu ölkələr Avstriya (23.26 faiz), Niderland (27.49 faiz) və Bolqarıstan (32.92 faiz) olub. Böyük ölkələrdən Almaniyada eyni göstərici 38 faiz, İtaliyada 51 faiz, Böyük Britaniyada 67 faizdir.

Avropada qaz böhranı. Azərbaycan satışı artırırmı?
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Alternativlərdən biri Azərbaycandır, amma...

Avropa Birliyi Rusiyadan qaz təchizatı ilə bağlı yaşana biləcək riskləri azaltmaq üçün digər təbii qaz ixracatçılarıyla əməkdaşlığı artırmaq niyyətindədir. Bu baxımdan Birliyin maraq göstərdiyi ölkələrdən biri də Azərbaycandır. Avropa Birliyinin (AB) sözçüsü Tim Makfi bildirib ki, AB Avropaya qaz təchizatının artırılmasını müzakirə etmək üçün bu həftə Azərbaycanla danışıqlar aparmağı planlaşdırır. Bu çərçivədə AB-nin energetika üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasına qatılmaq üçün Bakıya gələcək və Azərbaycanın energetika naziri Pərviz Şahbazovla, eləcə də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcək. Bəs Azərbaycanın təbii qaz resursları Avropanın qazla təminatında mühüm rol oynamağa imkan verirmi?

Azərbaycandan Avropaya qaz nəqli 2020-ci ilin son günündə başlanıb. Həmin vaxtdan bəri Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) Avropaya kommersiya məqsədli qaz nəql edilir. Bu kəmərin işə düşməsi ilə Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını Avropa bazarına birbaşa borularla çıxarmağa nail olub.

Azərbaycanın qaz üzünə həsrət kəndləri: Problem nə vaxt çözüləcək?
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Rəsmi açıqlamaya görə, TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində çıxarılan qazın, ilkin olaraq, ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Gələcəkdə digər ölkələrin də hasilatçı qismində layihəyə cəlb edilməsi illik ixrac həcmini 20 milyard kubmetrə çatdıra bilər. Müqavilə şərtlərinə görə, Avropaya qaz ixracının layihədə göstərilən nəql həcminə çatması üçün iki il nəzərdə tutulub. 2020-ci ildə Azərbaycanda 37 milyard kubmetrə yaxın, 2019-cu ildə isə 35.6 milyard kubmetr təbii qaz çıxarılıb. Energetika nazirinin açıqlamasında bildirilmişdi ki, 2021-ci ildə bu rəqəmin 45 milyard kubmetrə, 2023-cü ildə isə 50 milyard kubmetrə yüksəldilməsi planlaşdırılır.

Di gəl, indiki rəqəmlər Azərbaycanın təbii qaz resurslarının Avropa Birliyinin toplam tələbatı baxımından yetərsiz olduğunu üzə çıxarır. Ötən il Avropada 552 milyard kubmetrlik qazdan istifadə olunub. Regionun təbii qaz idxalı isə 2019-cu ildə 358 milyard, 2020-ci ildə isə 326 milyard kubmetr idi. Azərbaycan Energetika Nazirliyinin 2021-ci ilin ilk 11 ayı ilə bağlı statistik göstəricilərindən aydın olur ki, həmin müddət ərzində ölkədə toplam 39.7 milyard kubmetr təbii qaz hasil olunub. Həmin təbii qazın 43 faizə yaxını - 16.9 milyard kubmetri ixrac edilib. Azərbaycanın təbii qaz ixracında əsas istiqamət Türkiyədir. Sözügedən müddətdə ixrac olunan təbii qazın 46 faizi (7.7 milyard kubmetri) Türkiyəyə nəql edilib. Gürcüstana da 1.8 milyard kubmetr qaz satılıb. Nəhayət, Avropaya satılan Azərbaycan qazının həcmi 7.3 milyard kubmetrdir. Bu rəqəmlərdən ortaya çıxır ki, Azərbaycan Avropanın illik təbii qaz idxalı ehtiyacının iki faizdən də az bölümünü ödəyir.

Qaz bahalaşdı, oduna keçdilər. Küçələrdən taxta yığırlar
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Ötən ilin birinci yarısı ilə bağlı açıqlanan rəqəmlər də bunu təsdiqləyir. Rəsmi bilgilərə görə, 2021-ci ilin ilk altı ayı ərzində Avropa Birliyinin idxal etdiyi bütün təbii qazın 44 faizi Rusiyadan gətirilib. Ardınca Norveç gəlir. Norveçdən boru kəmərləri vasitəsi ilə idxal edilən təbii qazın həcmi birliyin bütün təbii qaz idxalının 21.5 faizidir. Avropa Birliyinin idxalında üçüncü yerdə LNG (mayeləşdirilmiş təbii qaz) reqazifikasiya terminalları dayanır. Bu tip idxal Birliyin bütün təbii qaz idxalının 21 faizidir. Təbii qazın maye formasında idxalına görə dünya bazarlarında ABŞ, Qətər kimi ölkələr lider mövqelərdədir. Avropa Birliyinin təbii qaz idxalında dördüncü yerdə Əlcəzair dayanır. Əlcəzairdən boru kəmərləri vasitəsi ilə Avropaya nəql edilən qaz toplam idxalın 11 faizidir. Avropaya qaz göndərənlərin ilk beşliyində Azərbaycanın da adı var. TAP boru kəməri ilə daşınan qazın Avropanın idxalındakı payı cəmi 1.5 faizdir. Bu baxımdan, Avropanın qaz idxalında Azərbaycanın aparıcı rol oynaması mümkün deyil, ölkənin resursları çox məhduddur. Həm il ərzində ixrac edilən təbii qazın həcmi, həm də Avropanı qazla təchiz edən kəmərlərin mövcud resursları Avropanın təbii qaz idxalı bazarında Azərbaycanın əsas oyunçuya çevrilməsini əngəlləyir. Di gəl, bütünlüklə AB-də olmasa da, İtaliya, Yunanıstan, Bolqarıstan kimi ölkələrin təbii qazla təminatında Azərbaycanın mövcud rolu daha da artırıla bilər.

Avropaya təbii qaz satışına başlanılması büdcəyə də təsirsiz ötüşməyib. Ötən il Azərbaycan təbii qaz satışından 5 milyard 334 milyon dollar dəyərində ixrac gəliri əldə edib. Bu, ölkənin bütün ixracının 25 faizi deməkdir.

XS
SM
MD
LG