Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 18:31

İngiltərə COVID ölümlərini 'saymamağa' hazırlaşır?


Londondakı müqəddəs Tomas xəstəxanasında COVID-dən ölənlərin xatirə divarı
Londondakı müqəddəs Tomas xəstəxanasında COVID-dən ölənlərin xatirə divarı

Rəsmilər bildirirlər ki, ölüm statistikasının dərc olunmaması insanların normal həyata qayıtmasına kömək edəcək

Britaniya hökuməti qarşıdan gələn Pasxa bayramınadək gündəlik COVID-19 ölümlərinə dair məlumatın dərc edilməsi praktikasını dayandıra bilər.

Rəsmilər bildirirlər ki, bu qərar baş nazir Boris Consonun “COVID-lə birgə həyat” planına daxildir.

Buna baxmayaraq Britaniya hökuməti, Səhiyyə və Sosial Təminat nazirlikləri, Britaniya Sağlamlıq Təhlükəsizliyi İdarəsi bu xəbərlərlə bağlı şərh verməkdən imtina ediblər.

Bununla belə hökumət mənbələrindən biri Pasxaya, yəni aprel ayınadək gündəlik COVID statistikasının indiki formada dərc edilməsinin dayandırılması planının olduğunu təsdiqləyib.

Həmin mənbə bildirib ki, COVID ölümlərindəki hazırkı azalma meyli davam edərsə, bu addım daha tez atıla bilər.

Narahatlıq

Lakin ekspertlər narahatdırlar ki, gündəlik statistik məlumatın dərc edilməməsi koronavirusun mümkün yeni variantlarını diqqətdən qaçıra bilər.

Ekzeter Universitetinin professoru və Milli Səhiyyə Xidməti şurasının üzvü Deyvid Streyn deyib ki, hökumətdən belə addım gözlənilirdi.

Alim bildirib ki, PCR testlərdən ev testlərinə keçilməsi bu istiqamətdə ilk addım idi.

Amma alim bunu da əlavə edib ki, statistik məlumatların dərc olunmaması mümkün yeni variantın gözdən qaçmasına səbəb ola bilər.

Lakin Streyn ümid edir ki, ümumilikdə statistik məlumatlar, xüsusən də vaksinasiya ilə bağlı rəqəmlər barədə məlumatların verilməsi davam edəcək.

Adamların ümumi əhvalı yaxşılaşacaq

Rəsmilər bildirirlər ki, ölüm statistikasının dərc olunmaması insanların normal həyata qayıtmasına kömək edəcək.

Bundan başqa gözlənilir ki, bu addım habelə karantin məhdudiyyətlərinin tamamilə qaldırılması ilə nəticələnəcək.

Hökumət bildirib ki, Consonun ölüm statistikasına dair planları yalnız İngiltərədə tətbiq olunacaq.

Şimali İrlandiya, Şotlandiya və Uels 24 saatlıq COVID statistikasını davam etdirib-etdirməmək barədə özləri qərar qəbul edəcəklər.

Lakin İngiltərəyə aid həftəlik COVID statistikası ilə maraqlananlar Milli Statistika İdarəsinin saytına baxa bilərlər.

Hökumətin planına görə gündəlik yoluxma, xəstəxanaya qəbul və ölüm statistikası verilməsə də, vaksinasiya statistikası davam etdiriləcək.

Pandemiyanın əvvəlindən indiyədək Britaniyada COVID-lə bağlı 177 min ölüm qeydə alınıb.

XS
SM
MD
LG