Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:20

Omikron ABŞ-da dominant ştamma çevrilir


Nyu Yorkda kilsə
Nyu Yorkda kilsə

Omikron ötən həftə ABŞ-da yoluxmaların 73 faizini əhatələyib

Koronavirusun sürətlə yayılan omikron ştammı artıq Birləşmiş Ştatlarda yoluxmalarda dominant mövqeyə keçib. Bunu səhiyyə rəsmiləri dekabrın 20-də açıqlayıb. Bir sıra böyük şəhərlərdə maska taxmaq, digər məhdudiyyətlər qüvvəyə minir.

Omikron ötən həftə ABŞ-da yoluxmaların 73 faizini əhatələyib. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) Direktoru Roçel Valenski deyib ki, yeni rəqəmlər digər ölkələrdə müşahidə olunan artımı əks etdirir.

“Bu rəqəmlər kəskin görünsə də təəccüblü deyil”, – o deyib.

DST başçısının tövsiyəsi

Cənubi Afrikada alimlər omikron barədə ötən ay həyəcan təbili çalıblar. Noyabrın 26-da Dünya Səhiyyə Təşkilatı (DST) onu “narahatlıq yaradan ştamm” elan edib. O vaxtdan ştamm 90-dək ölkədə aşkarlanıb.

DST başçısı Tedros Adhanom Gebreyesus ölkələri pandemiyaya qarşı mübarizə cəhdlərini artırmağa, bayram tədbirlərini təxirə salmağa çağırıb. Çünki “indi bayram edib sonra kədərlənməkdənsə, sonra bayram etmək” daha yaxşıdır.

Almaniyanın federal və vilayət hökumətləri liderləri dekabrın 21-də bir araya gələrək yanvardan qadağaları sərtləşdirməyi müzakirə edəcəklər. Bu təcili toplantıdan öncə federal hökumət bildirib ki, omikronun sürətlə yayılması Almaniyada pandemiyanı “yeni miqyasla” hədələyir.

Niderland Milad lokdaunu elan edib. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen isə xəbərdarlıq edib ki, yanvarın ortasınadək omikron Avropada dominanta çevrilə bilər.

ABŞ

Dekabrın 21-də ABŞ Prezidenti Co Bayden “vaksin olunmağın faydaları haqda Amerika xalqı ilə birbaşa və aydın şəkildə danışacaq”, Ağ evin sözçüsü Jen Psaki deyib. Bayden həmçinin yoluxmaların artmasına cavab olaraq “ölkəni bağlamaq” planı olmadığını söyləyib.

Rəsmilərsə bəzi məhdudiyyətlərin tətbiqindən – testləri genişləndirmək, bayram tədbirlərini təxirə salmaqdan savayı seçim qalmadığını deyiblər. Vaşinqtonun meri yanvarın sonunadək qapalı məkanlarda maska taxmağı məcburi elan edib.

Rod Aylend ştatında da əksər qapalı məkanlarda maska, vaksinasiya sənədi tələb olunacaq. Bostonun meri elan edib ki, gələn aydan restorana, bara, digər qapalı yerlərə daxil olmaq istəyənlər vaksinasiya sənədi göstərməlidirlər.

Britaniya

Londonda yoluxmalar sürətlə artır. Mer Sadiq Xan Trafalqar Meydanında Yeni il şənliklərinin olmayacağını açıqlayıb. Şənliyə 6 min 500-dək işçi, ictimaiyyət üzvünün qatılacağı gözlənirdi. İndi onlardan evdə əyləşərək tədbirin TV-də canlı izləməsi istənilir.

Baş nazir Boris Conson omikron ştammının yayılmasına qarşı yeni tədbirlərə əl atıla biləcəyi haqda xəbərdarlıq edib. O, əhalini maska taxmağa, bütün qaydalara əməl etməyə səsləyib.

Omikronun xəstəliyi ağırlaşdırması haqda çox şey bəlli deyil. Səhiyyə rəsmiləri peyvənd vurduranların xəstəliyi daha yüngül keçirdiyini deyirlər. Amma ilkin araşdırmalar omikrona yoluxmamaq üçün gücləndirici dozanın gərəkdiyini göstərir.

“Hamımızın omikronla üzləşəcəyimiz gün olacaq. Cəmiyyətlə ünsiyyətdə olacaqsızsa, istənilən həyati fəaliyyətdə omikronla üzləşəcəksiz. Bunun öhdəsindən gəlməyin ən yaxşı yolu tam peyvənd olunmaqdır”, – Cons Hopkins Səhiyyə Təhlükəsizliyi Mərkəzinin aparıcı alimi Ameş Adalya deyib.

XS
SM
MD
LG