Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:43

Putin və Si Qərbə birgə müqavimət barədə razılığa gəliblər


Rusiya və Çin prezidentləri Vladimir Putin və Si Tsinpin dekabrın 15-də videobağlantı ilə danışıblar
Rusiya və Çin prezidentləri Vladimir Putin və Si Tsinpin dekabrın 15-də videobağlantı ilə danışıblar

Bu telefon söhbəti Rusiya və Çinin Qərblə münasibətlərinin gərginləşdiyi bir vaxtda bir-birlərinə verdikləri qarşılıqlı dəstəyi göstərir

“Rusiya və Çin Qərbin müdaxiləsinin dəf edilməsində və bir-birinin təhlükəsizlik maraqlarının müdafiə olunmasında möhkəm dayanmalıdırlar”.

Reuters agentliyi yazır ki, Rusiya və Çin prezidentləri Vladimir PutinSi Tsinpin dekabrın 15-də videobağlantı ilə keçirdikləri danışıqlarda belə bir mövqe elan ediblər.

Putinin ABŞ lideri Co Baydenlə videbağlantısından səkkiz gün sonra baş tutan bu söhbət Qərbə qarşı düşmənçiliyin Moskva və Pekini necə də sıx yaxınlaşdırdığını nümayiş etdirir.

Çinin Sinxua agentliyinin yaydığı xəbərə görə bu söhbət zamanı Si deyib:

"Hazırda müəyyən beynəlxalq qüvvələr “demokratiya” və “insan haqları” pərdəsi altında Çinin və Rusiyanın daxili işlərinə qarışır, beynəlxalq qanunu və hamı tərəfindən qəbul olunmuş beynəlxalq münasibətləri tapdalayırlar”.

O əlavə edib ki, Çin və Rusiya bir-birlərinin təhlükəsizlik maraqlarını birgə səylərlə daha səmərəli müdafiə etməlidirlər.

Putinin müşavirlərindən Yuri Uşakovun müxbirlərə dediyinə görə, Si Putinin Qərbdən təhlükəsizlik qarantiyası almaq tələbini dəstəklədiyini bildirib.

Müşavir habelə deyib ki, iki lider Avstraliya, Britaniya və ABŞ-ın yaratdığı AUKUS və ya Avstraliya, Hindistan, Yaponiya və Birləşmiş Ştatların təşkil etdikləri Quad kimi yeni hərbi paktların bağlanmasına qarşı olduqlarını ifadə ediblər.

Qarşılıqlı tərif və dəstək

Reuters yazır ki, bu telefon söhbəti Rusiya və Çinin Qərblə münasibətlərinin gərginləşdiyi bir vaxtda bir-birlərinə verdikləri qarşılıqlı dəstəyi göstərir.

Hazırda Çin insan haqlarının kobud şəkildə pozulmasında, Rusiya isə Ukraynaya qarşı təcavüzkar hərəkətlərdə ittiham olunur.

Putin söhbət zamanı Çin prezidentinə deyib:

"Bizim ölkələrimiz arasında bir-birimizin daxili işlərinə qarışmamaq və bir-birimizin maraqlarına hörmət etmək prinsipi əsasındsa yeni əməkdaşlıq modeli qurulub”.

Putin bunu da xüsusilə vurğulayıb ki, Si ilə fevral ayında keçiriləcək Pekin Qış Olimpiadası zamanı görüşəcəyinə ümid edir.

Ağ Ev ötən həftə bildirmişdi ki, ABŞ Çinin Sintzyan vilayətində müsəlman azlıqlara qarşı qəddar rəftarına etiraz olaraq bu idman tədbirinə rəsmi heyət göndərməyəcək.

Putin buna işarə edərək deyib ki, Rusiya və Çin idmanın və Olimpiya hərəkatının siyasiləşdirilməsini birgə dəf etməlidirlər.

ABŞ-ın nüfuzuna balans

Reuters yazır ki, Rusiya daim Çindən, xüsusilə də enerji sahəsində sərfəli sazişlərin imzalanmasında ABŞ-ın nüfuzuna balans kimi istifadə etməyə çalışıb.

Putin və Si iki ölkə arasında 20 il bundan əvvəl imzalanmış dostluq və əməkdaşlıq müqaviləsinin uzadılması barədə razılığa gəliblər.

Rusiya prezidenti bildirib ki, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi bu ilin 11 ayı ərzində 31 faiz artaraq 123 milyard dollara çatıb.

İki lider bu rəqəmi yaxın gələcəkdə 200 milyard dollara çatdırmaq niyyətlərini ifadə ediblər.

Putin habelə deyib ki, Çin Rusiya vaksinlərinin istehsalı üçün beynəlxalq mərkəzlərdən birinə çevrilib.

Çinin 6 əczaçılıq şirkəti 150 milyon doza Rusiya vaksininin istehsalı barədə müqavilə imzalayıb.

XS
SM
MD
LG