Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:28

Saakaşvili məhkəməni tanımadığını deyir


Mixeil Saakaşvili məhkəmədə
Mixeil Saakaşvili məhkəmədə

“Empatiya Mərkəzi”nin direktoru Maryam Cişkariani noyabrın 28-də ona baş çəkəndən sonra deyib ki, Saakaşvilinin psixi durumu onun məhkəmədə iştirakına mane olmur

Tbilisi Şəhər Məhkəməsində keçmiş prezident Mixeil Saakaşvilinin məhkəməsi başlanıb. Məhkəmə qarşısında tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb.

Saakaşvili Qoridəki hərbi xəstəxanadan Tbilisiyə penitensiar xidmətin xüsusi maşınında, dörd pikapın və bir vertolyotun müşayiəti ilə aparılıb.

“Komediya”

Məhkəməyə təkcə Birinci Kanal dövlət televiziyası buraxılıb. Məhkəmədən əldə edilən xəbərə görə, Saakaşvili prokurorluğu, Gürcüstan məhkəməsini tanımadığını deyib. Onun sözlərinə görə, 2007-ci ilin noyabrında yürüşün dağıdılması zamanı hakimiyyətdən sui-istifadəylə bağlı ittihamlar “öncədən yazılmış komediya”nın tərkib hissəsidir.

Saakaşvili özünə qarşı bütün ittihamları siyasi motivli adlandırır.

AzadlıqRadiosu-nun məhkəmə binasının qarşısında olan müxbirləri təhlükəsizlik qüvvələri ilə Saakaşvili tərəfdarları arasında kiçik qarşıdurmalar, polisin kütləyə qarşı gözyaşardıcı qazdan istifadə etməsinə dair iddialar olduğunu xəbər verir.

Keçmiş prezident yeddi həftəlik aclıq aksiyasını noyabrın 20-də dayandırıb. “Empatiya Mərkəzi”nin direktoru Maryam Cişkariani noyabrın 28-də ona baş çəkəndən sonra deyib ki, Saakaşvilinin psixi durumu onun məhkəmədə iştirakına mane olmur. Amma ilkin dəyərləndirmə post-travmatik stress pozuntusu sindromundan əziyyət çəkdiyini göstərir.

Cişkariani bunun həbsxanada işgəncəylə bağlı olduğunu deyib. Müayinə Saakaşvilidə aclığın nəticəsi olan ensefalopatiya izlərini aşkara çıxarıb.

Xatırlatma

Saakaşvili bu ayın əvvəlində Rustavidəki həbsxanadan Qldani həbsxana klinikasına köçürülüb. Keçmiş prezident orada nəzarətçilərin fiziki və şifahi təzyiqinə məruz qaldığını iddia edib.

O, mülki xəstəxanaya köçürülməsini tələb etsə də, hökumət onu Tbilisinin 70 km-də yerləşən Qoridə hərbi xəstəxanaya köçürüb.

Keçmiş prezident oktyabrın 1-də səkkiz illik mühacirətdən sonra Gürcüstana qayıdandan sonra saxlanıb, onun ölkəyə qanunsuz girdiyi bildirilib.

2004-2013-cü illərdə prezident olmuş Saakaşvili 2013-cü il prezident seçkisindən az sonra ölkəni tərk edib. O, 2018-ci ildə hakimiyyətdən sui-istifadədə və müxalifətdən olan deputatın döyülməsinə dair dəlilin ört-basdır olunmasında qiyabi təqsirli bilinib.

Özü və tərəfdarları ittihamları siyasi motivli sayır.

XS
SM
MD
LG