Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:47

Uçot dərəcəsinin yüksəldilməsi bahalaşmanı dayandıracaqmı?


Banklar yenə borca düşdüklərini deyirlər
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Banklar yenə borca düşdüklərini deyirlər

Mərkəzi Bank Azərbaycanda uçot dərəcələrini yenidən artırıb. Oktyabrın 29-da açıqlanan qərarda ölkədə uçot dərəcəsinin 6.5 faizdən 7 faizə yüksəldildiyi elan edilib. Mərkəzi Bank daha öncə sentyabrın 17-də uçot dərəcələrinin 6.25 faizdən 6.5 faizə yüksəldilməsinə qərar vermişdi.

Uçot dərəcəsi nədir və bu faiz artımı nəyi hədəfləyir?

Uçot dərəcəsi mərkəzi bankların kommersiya banklarına verdiyi kreditlərin orta faiz dərəcəsini ifadə edir. Bu göstərici ölkədəki makroiqtisadi duruma uyğun olaraq artırıla və ya azaldıla bilər. Kommersiya banklarından fərqli olaraq, Mərkəzi Bank əhaliyə bank xidmətləri göstərmir. Mərkəzi bank haqqında qanunda qeyd edilir ki, onun əsas fəaliyyət hədəfi ölkədə qiymətlərin sabitliyini təmin etməkdir. Bunu gerçəkləşdirmək üçün Mərkəzi Banka müxtəlif yetkilər verilir. Bu bank dövlətin pul və valyuta siyasətini müəyyənləşdirə, nağd pul dövriyyəsini təşkil edə, pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını gerçəkləşdirə bilər.

İqtisadi nəzəriyyəyə görə, ölkədə yüksək inflyasiya gözə çarpırsa, Mərkəzi Bank bunu önləmək üçün, tutalım, uçot dərəcəsini yüksəldir. Belə olan halda ölkədə kredit faizləri artır və nəticədə iqtisadi resurslar məhdudlaşdırılır və iqtisadi fəallıq zəiflədilir. Yox, bunun əksi gözə dəyirsə, yəni iqtisadi fəallıq zəifdirsə və onu artırmağa ehtiyac duyulursa, o halda Mərkəzi Bank, bir qayda olaraq, uçot dərəcələrini aşağı salır. Bu zaman bankların aktiv kreditləşməsinə şərait yaranır ki, bu da öz növbəsində bankların sahibkarlara və ev təsərrüfatlarına fəal şəkildə kredit ayırmasına və iqtisadi fəaliyyətin artmasına şərait yaradır. Elə uçot dərəcəsi barədə son açıqlamasında da Mərkəzi Bank faiz dərəcələrinin yüksəldilməsini öz əsas məqsədi ilə əlaqələndirib. Bankın "Faiz dəhlizinin parametrləri haqqında" press-relizində qeyd edilir ki, "Uçot dərəcəsinə dair qərar iqtisadiyyatda inflyasiya təzyiqinin qalması, ona təsir edən amillərin təsirinin dayanıqlığı, dünya bazarlarında qiymətlərin artımı, ticarət tərəfdaşı ölkələrində yüksək inflyasiya səviyyəsi və inflyasiya gözləntilərinin yüksəlməsi əsasında qəbul edilmişdir. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar iqtisadiyyatın qısa və ortamüddətli dövrdə inkişaf perspektivləri, habelə inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcəkdir".

Rəsmi statistikaya görə, Azərbaycanda son 1 il içində inflyasiya göstəricisi 8.5 faizə, illik inflyasiya isə 5.2 faizə yüksəlib. Ərzaq məhsullarındakı bahalaşma hətta ikirəqəmli həddə yüksələrək 10 faizi aşıb. Bu göstəricilər Mərkəzi Bankın inflyasiya proqnozlarından yüksəkdir. Bu səbəbdən, Mərkəzi Bank uçot dərəcələrinin faizini artıraraq bankların əhaliyə və biznes subyektlərinə verdiyi kreditlərin faizini yüksəltməyə çalışır. Axı kreditlərin bahalaşması nəticəsində ölkədə kredit qoyuluşunda artım sürəti zəifləyir və bununla da iqtisadi aktivlik nisbətən səngiyir. Aktivliyin səngiməsi bazarda tələbi zəiflədir və beləcə, inflyasiya səviyyəsi daha çox yüksəlmir.

Uçot dərəcəsi əvvəllər necə idi?

İqtisadi durumun səviyyəsinə görə Azərbaycanda da uçot dərəcəsində dəyişikliklər olur. Məsələn, 2015-ci ildəki devalvasiyadan öncə ölkədə uçot dərəcəsi cəmi 3.5 faiz səviyyəsində idi. Bunun ardınca 9.5 faizədək yüksəldilən uçot dərəcələri 2016-cı ilin sentyabrında hətta ikirəqəmli həddə - 15 faizə yüksəldildi və 2018-ci ilin oktyabrınadək ikirəqəmli həddə qaldı. Həmin vaxtdan ötən ilin dekabrınadək uçot dərəcələrinin ardıcıl azaldılması müşahidə edilirdi.

Cədvəl: 2014-2021-ci illərdə Azərbaycanda uçot dərəcələri

Tarix

Uçot dərəcəsi

30.07.2014

3.5 %

13.07.2015

3%

15.02.2016

5%

04.03.2016

7%

08.08.2016

9.5%

14.09.2016

15%

22.06.2017

15%

12.02.2018

13%

10.04.2018

11%

14.06.2018

10%

30.10.2018

9.75%

01.02.2019

9.25%

15.03.2019

9%

26.04.2019

8.75%

07.06.2019

8.5%

26.07.2019

8.25%

13.09.2019

8%

25.10.2019

7.75%

13.12.2019

7.5%

01.05.2020

7.25%

19.06.2020

7%

30.07.2020

6.75%

18.09.2020

6.5%

18.12.2020

6.25%

17.09.2021

6.5%

29.10.2021

7%

Azərbaycanda uçot dərəcəsi ilə faizlərə ciddi müdaxilə niyə mümkün olmur?

Devalvasiyadan sonra bank sektorunda vəsaitlərin formalaşma mənbələrindəki dəyişiklik də gözə çarpır. Məsələn, 2014-cü ildə bankların xarici öhdəliklərinin ümumi kredit qoyuluşunda payı 29 faiz idisə, hazırda bu göstərici 7 faizdən bir qədər çoxdur. Həmin müddət ərzində bankların xarici öhdəlikləri dəfələrlə azalıb. Əgər 2013-cü ildə Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi 5.3 milyard dollar idisə, bu ilin üçüncü rübünə olan nəticələrə görə, həmin öhdəliklərin həcmi təxminən 657 milyon dollara enib. Azalmaya səbəb devalvasiyadan sonra əhalinin xarici valyutada kredit əldə etməkdə maraqlı olmaması və devalvasiya amillərinin bankların xarici valyutada borclanma risklərini artırmasıdır.

Xarici öhdəliklərin əksinə, bankların cəlb etdiyi vəsaitlərin strukturunda depozitlərinin payının artması müşahidə edilir. Əgər 2016-cı ildə bankların cəlb etdiyi hər 100 manatın 70.8 manatı depozitlərin hesabına formalaşırdısa, hazırda bu göstərici 80 faizə yaxındır. Bu o deməkdir ki, son beş ildə depozitlərin bank resurslarındakı payı 10 faiz artıb. Bu göstərici bankların depozitlərdən asılılığının artdığını, digər alternativ mənbələrinsə pay və təsir imkanı baxımından getdikcə azaldığını göstərir.

Devalvasiyadan sonra Mərkəzi Bankın yenidənmaliyyələşmə xətti ilə banklara ayırdığı kreditin payında da ciddi azalma gözə çarpır. Əgər 2014-cü ildə yenidənmaliyyələşmə xətti ilə ayrılan vəsaitin həcmi 3 milyard 220 milyon manat idisə, hazırda bu məbləğ 1 milyard 54 milyon manata enərək üç dəfə azalıb. İndi Mərkəzi Bankın kommersiya banklarına verdiyi vəsait ümumi kredit portfelinin cəmi 7 faizinə yaxındır. Bu üzdən, Mərkəzi Bankın uçot dərəcələri ilə ölkədə maliyyə sektorundakı proseslərin gedişinə təsir gücü bir elə də yüksək deyil. Mərkəzi Bankın uçot dərəcəsi vasitəsilə kreditləşməyə təsir imkanlarının məhdud olduğunu göstərən bir göstərici də var. Uzun müddətdir uçot dərəcələri aşağı salınsa və ya artırılsa da, iqtisadiyyatda kredit qoyuluşu həcmi və verilmiş kreditlər üzrə orta faiz dərəcəsi elə də dəyişməyib.

XS
SM
MD
LG