Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:30

Türkmənistanda növbələr görünməsin deyə, çörək qaranlıqda satılır


Aşqabadda çörək növbəsi
Aşqabadda çörək növbəsi

Türkmənistan hökuməti paytaxt Aşqabaddakı dövlət mağazalarında çörək satışını səhərin qaranlıq saatlarına keçirib ki, uzun növbələr görünməsin.

Bu barədə məlumatı AzadlıqRadiosunun Türkmən xidməti - Azatlık yayıb.

Türkmənistanda çörəyin dövlət qiyməti bazar qiymətindən 10 dəfə ucuzdur. Unun və başqa yeyinti məhsullarının qıt olduğu bir vaxtda ərzaq mağazalarının qarşısında uzun növbələr yaranır.

AzadlıqRadiosuna göndərilmiş videoda növbələrdə azyaşlı uşaqlar da daxil yüzlərlə adamın dayandığı görünür.

Mağazalarda çörəyin satışına səhər saat 5-də, havanın işıqlaşmasına 2 saat yarım qalmış başlanır.

Bu da xəbər verilir ki, mağazalar adambaşına üç çörək verir və çörək adamların 60 faizinə çatır.

Dünya Bankı Türkmənistanı hesabatlardan silib

Aprel ayında AzadlıqRadiosunun Türkmən xidməti xəbər vermişdi ki, regional hakimiyyət orqanları vətəndaşlara ərzaq mağazalarının qarşısında növbə yaratmağı qadağan edib.

Yerli hakimiyyətlər bunun prezident Qurbanqulı Berdımuxammedovun gözdən salınmaması üçün edildiyini bildirirdilər.

Türkmənistan son illərdə dərin iqtisadi böhran yaşayır. Təbii qaz ehtiyatlarına görə bütün dünyada dördüncü olan ölkədə ən adi ərzaq malları tapılmır.

Xəbər verilir ki, əhalidə nağd pul az olduğuna görə adamlar barterə və ya natural mübadiləyə keçirlər.

Ölkə hakimiyyəti problemlərin olduğunu danır. İyun ayında məlum olub ki, iqtisadiyyata dair etibarlı rəqəmləri olmadığına görə Dünya Bankı Türkmənistanı iqtisadi inkişaf perspektivləri hesabatlarından çıxarıb.

Aprel ayında Beynəlxalq Valyuta Fondu da Türkmənistanın dövlət statistikasından istifadəni dayandırıb.

XS
SM
MD
LG