Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:41

COVID ömrü belə qısaltdı


Tehran, 24 sentyabr, 2021-ci il
Tehran, 24 sentyabr, 2021-ci il

Təhlil olunan 29 ölkədən 22-də ömür uzunluğu 2019-cu illə müqayisədə altı aydan çox qısalıb

COVID-19 ömür uzunluğunda 2-ci dünya müharibəsindən sonra ən böyük azalmaya səbəb olub. Bunu Oksford Universitetinin 29 ölkənin məlumatları əsasında apardığı araşdırma üzə çıxarıb. Avropa ölkələri, Birləşmiş Ştatlar və Çilinin ömür uzunluğunun artırılması yönündə illərlə əldə olunmuş proqresi pandemiya bir ilin içində məhv edib.

Sentyabrın 27-də Beynəlxalq Epidemiologiya Jurnalında dərc olunmuş araşdırmanın həmmüəllifi Dr. Ridhi Kaşyap deyib ki, əldə olunan nəticələr “COVID-19-un bir çox ölkələrə necə məhvedici təsir göstərdiyini üzə çıxarır”.

Altı aydan çox qısalma

Təhlil olunan 29 ölkədən 22-də ömür uzunluğu 2019-cu illə müqayisədə altı aydan çox qısalıb.

Bir çox ölkələrdə kişilər üzrə nəticələr qadınlardan daha pisdir. 11 ölkədə kişilərin ömrü bir ildən çox azalıb, qadınlar üzrə oxşar göstərici isə 8 ölkədə qeydə alınıb.

Birləşmiş Ştatlarda kişilərin ömrü 2019-cu illə müqayisədə 2.2 il qısalıb, Litvada kişilər üzrə bu göstərici 1.7 ildir.

ABŞ-da ölüm səviyyəsinin artımında əsasən işçi yaşında və yaşı 60-dan az olanlar rol oynayıb. Avropada isə yaşı 60-dan yuxarıların rolu daha böyükdür.

Araşdırmada deyilir ki, “COVID-19 pandemiyasının 2020-ci ildə ölüm səviyyəsini artırması Qərbi Avropada 2-ci Dünya müharibəsindən sonra, Şərqi Avropada isə Sovet İttifaqı dağılandan sonra müşahidə olunmayıb”.

5.6 ilə cəmi bir il artım

Tədqiqatın daha bir həmmüəllifi Xose Manuel Aburto deyib ki, araşdırmanın əhatələdiyi ölkələr 5.6 il ərzində ömür uzunluğunu bir il artıra biliblər. Pandemiya isə bu uğuru məhv edib.

Araşdırma 2020-ci ilin datasına əsaslanır. Ötən il pandemiya dünyada 1.8 milyon insanın həyatına son qoyub.

İndiyədək dünyada koronavirusdan 4.7 milyon nəfər vəfat edib.

Ancaq real itkilərin daha çox olduğu güman edilir, çünki bir çox ölkələr məlumatları düzgün verməyiblər.

Tədqiqat vahidi kimi doğulanda gözlənilən ömür uzunluğu göstəricisi götürülüb. Araşdırma müəllifləri pandemiyanın ölümün digər səbəblərinə də dolayısı ilə təsir göstərə biləcəyi deyilir. Məsələn, buraya xərçəng və ürək-damar xəstəliklərinin müalicəsinin gecikdirilməsi, yaxud bundan boyun qaçırılması daxildir. Lokdaunlar isə yol qəzalarıdan ölümləri azaldıb.

XS
SM
MD
LG