Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:42

Azərbaycanla Türkiyə yeni qaz sazişindən niyə danışmırlar


TANAP kəmərinin açılışı, 2018-ci il
TANAP kəmərinin açılışı, 2018-ci il

Prezident Recep Tayyip Ərdoğan və AKP partiyası 2023-cü il seçkiləri öncəsi enerjinin qiymətinin yüksəlməsini istəmir. Azərbaycanda isə büdcənin 60 faizini neft-qaz ixracından gəlirlər doldurur

“Eurasianet.org” portalı Azərbaycanla Türkiyənin yeni qaz sazişi əldə etdiyini, amma bu haqda geniş danışmadığını yazır. İki ölkənin qaz ticarətini tənzimləyən 20 illik sazişin müddəti apreldə başa çatıb.

Birinci sazişi 2001-ci ildə ovaxtkı prezidentlər Heydər ƏliyevSüleyman Dəmirəl imzalamışdı. Müəllif Deyvid Obörn indi Azərbaycan rəsmilərinin təmtəraqlı imzalanma mərasimi əvəzinə, “müvəqqəti razılaşma”nın mövcudluğunu təsdiqlədiyini yazır. Türkiyə enerji nazirinin müavini Alparslan Bayraktar sentyabrın 20-də Dubayda enerji konfransında yeni razılaşmanın əldə olunduğunu təsdiqləyib, amma detallı danışmayıb.

Müəllif bu təvazökarlığın Bakı ilə Ankaranın geniş əlaqələri fonunda qeyri-adi göründüyünü vurğulayır. Özəlliklə də ötən il 44 günlük Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəkdən sonra. Məqalədə bu durumun iki ölkənin iqtisadi prioritetləri arasında fərqi üzə çıxardığı qeyd edilir.

Şayiələr

2001-ci ildə bağlanmış saziş Azərbaycanın Xəzərdəki Şah Dəniz yatağından Türkiyəyə Gürcüstan ərazisindən ildə 6.6 milyard kubmetr qazın ixracı nəzərdə tuturdu.

Məqalədə SOCAR-la Türkiyənin Botas dövlət qaz idxalı şirkəti arasında danışıqların bütün yayı uzandığı və bunun müxtəlif şayiələrə yol açdığı qeyd edilir. Qazın qiymətilə bağlı narazılığın olduğu, Azərbaycanın həm yerli istehlak, həm də ixracı ödəməyə yetərincə qazı olmadığı iddia olunurdu.

Atlantik Şurasının aparıcı əməkdaşı Con Roberts deyir ki, Türkiyə təchizatın müxtəlifliyini dəyərləndirir, Azərbaycan isə Avropada qaz ixracı üçün yeganə marşrut kimi Türkiyədən asılıdır.

Türkiyə hazırda ikinci kontraktla, TANAP xəttilə Azərbaycandan qaz idxal edir. Amma birinci kontraktın müddətinin bitməsi yayın qızmarında Türkiyəni çətin vəziyyətdə qoyub. Ölkənin əsas su elektrik enerji bəndlərində suyun səviyyəsinin azalması qazla işləyən istilik elektrik stansiyalarının işini artırıb, kondisionerdən istifadənin gücləndirdiyi tələbatı onlar ödəməli olub.

Fərqli maraqlar

Müəllif ikitərəfli qaz kontraktının ləng yenilənməsinin kökündə Azərbaycanla Türkiyənin çox fərqli ticarət mövqeyindən çıxış etdiyini yazır.

Reytinqi tarixən aşağı Prezident Recep Tayyip Ərdoğan və AKP partiyası 2023-cü il seçkiləri öncəsi enerjinin qiymətinin yüksəlməsini istəmir. Azərbaycanda isə büdcənin 60 faizini neft-qaz ixracından gəlirlər doldurur.

Məqalədə yeni sazişin 2024-cü ilin sonunadək imzalandığı, Azərbaycan qazının Türkiyəyə mövcud kursa uyğun satacağı qeyd olunur. Müəllif sonuncu məqamı beynəlxalq qaz bazarlarındakı dəyişikliklərə izah edir.

Belə ki, mayeləşdirilmiş təbii qazın (LNG) qlobal istehsalındakı sürətli artım qazın daha çox xam neftə kimi satılması deməkdir, yəni tələb və təchizə əsasən dəyişən qiymətlər əsasında.

Müəllif təsdiqlənməmiş məlumatlara əsasən yazır ki, Türkiyəyə endirim edilib, ancaq bunun Ankaranı razı salıb-salmadığı bəlli deyil.

XS
SM
MD
LG