Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:16

Azərbaycanda karantin yumşaldılacaq


Bakı kafelərindən birində
Bakı kafelərindən birində

Nazirlər Kabineti yanında Operativ Qərargah karantinin yumşaldılması barədə qərar qəbul edib

Nazirlər Kabineti yanında Operativ Qərargah karantinin yumşaldılması barədə qərar qəbul edib.

Bununla bağlı Azərbaycan Nazirlər Kabineti bu gün, sentyabrın 24-də məlumat yayıb.

Məlumatda qərar ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması ilə izah edilir.

Qərara əsasən, 2021-ci il oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.

Əlavə, həmin vaxtdan aşağıda qeyd olunan iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilməlidir:

“- istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil ) fəaliyyəti;

- ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti;”

Habelə, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcə də ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyəti bərpa olunacaq:

“Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir. Həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər...”

Eyni zamanda, şəhər və rayonlar arası sərnişin daşımaları ilə bağlı da qərar qəbul edilib.

Qərarda deyilir ki, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonundan başqa, ölkədə dəmir yolu, avtomobil nəqliyyatı ilə sərnişin daşımaları (taksi istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslərdən əlavə sərnişinlərdən oktyabrın 1-dən COVID-19-a qarşı birinci, noyabrın 1-dən isə ikinci doza peyvənd olunması və immunitet sertifikatI tələb olunacaq.

Xatırlatma

Koronavirus pandemiyası ilə bağlı ötən ilin martından Azərbaycanda karantindir. Bu müddət ərazində rejim yoluxma sayından asılı olaraq bəzən sərtləşdirilib, sonar da yumşaldılıb.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib.

Ölkədə əsasən Çinin "Sinovac" şirkətinin vaksinindən isdtifadə edildiyi açıqlanıb. Habelə Sputnik V (Rusiya), AstraZeneca (Biritaniya, İsveçrə) və Pfizer (ABŞ və Almaniya) vaksinlərindən də müəyyən kəsim insanlar yararlanıb.

İndiyə kimi ölkədə birinci mərhələdə 4,6 milyon, ikinci mərhələdə isə 3,5 milyondan çox şəxsin peyvənd edildiyi açıqlanıb.

Azərbaycanın 10 milyon əhalisi var.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə bu vaxta kimi ümumilikdə 478 min 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6415-nin vəfat etdiyi bildirilib.

XS
SM
MD
LG