Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:23

Əfqan əsgərlər Tacikistana qaçır


Əfqanıstan əsgəri
Əfqanıstan əsgəri

Tacikistanın sərhəd xidməti 17 əfqan əsgərin iyunun 27-də bu ölkəyə keçdiyini bildirir

Daha bir qrup Əfqanıstan əsgəri Tacikistanla sərhədi keçərək qonşu ölkəyə qaçıb. Bu arada Taliban silahlıları Əfqanıstanın şimalında hücumu davam etdirir.

Tacikistanın sərhəd xidməti 17 əfqan əsgərin iyunun 27-də bu ölkəyə keçdiyini bildirir. Bu, talibançıların Bəlx vilayətindəki Kaldor rayonunun Çukçuk şəhərində sərhəd məntəqəsinə hücumundan sonra baş verib.

Təhlükəsizlik işçilərini tuturlar

“Tacikistan sərhədçiləri humanizm və yaxşı qonşuluq prinsiplərinə əməl edərək sərhədi pozan əfqan əsgərlərin azad şəkildə onların ərazisinə girməsinə icazə veriblər”, – Xovar dövlət mediası bildirib.

Son həftələr Taliban onlarla rayona nəzarəti hökumət qüvvələrindən alıb. ABŞ-ın başçılıq etdiyi beynəlxalq qüvvələr isə sentyabrın 11-dək bu ölkəni tərk edir.

İyunun 27-də talibançılar ölkənin mərkəzindəki Maydan Vardak vilayətində 50 təhlükəsizlik əməkdaşını tutublar. Məlumatı Azad Əfqanıstan Radiosuna (AzadAvropa/AzadlıqRadiosu) polis komandiri verib.

200-dək əsgər qaçıb

Taliban ötən həftə Əfqanıstanın Tacikistanla əsas sərhəd keçid məntəqəsini tutub, şimaldakı Kunduz və Məzari-Şərif şəhərlərinə hücumu davam etdirib.

Bundan sonra 134 əfqan əsgər Tacikistana qaçıb.

Özbəkistan isə iyunun 23-də 53 əfqan əsgərinin və müttəfiq döyüşçünün Özbəkistana qaçdığını bildirib.

Əfqanıstanın şimalında baş verənlər sərhəd qonşuları olan Tacikistan, Özbəkistan və Türkmənistanda narahatlıq yaradıb.

Tacikistan mümkün qaçqın axınına qarşı hazırlıq görüldüyünü bildirib. Özbəkistan isə ötən həftə sərhəd boyunca təlimlərə başladığını açıqlayıb.

370 rayondan 50-si

BMT-nin Əfqanıstan üzrə xüsusi elçisi Debora Lyons ötən həftə deyib ki, Taliban maydan bəri ölkənin 370 rayonundan 50-dən çoxunu ələ keçirib. O, münaqişənin qızışmasının “yaxında və uzaqda bir çox ölkələr üçün təhlükəsizlik vəziyyətini pisləşdirdiyini” vurğulayıb.

Əfqanıstan hökuməti isə rayonların əldən verilməsini taktiki geri çəkilmə adlandırır, son günlər 10-dan çox rayonu yenidən tutduğunu bildirir.

ABŞ Prezidenti Co Bayden iyunun 25-də Ağ evdə Əfqanıstan Prezidenti Əşrəf Qani və Milli Barışıq üzrrə Ali Şuranın başçısı Abdulla Abdulla ilə görüşüb. “Sizinlə birlikdəyik, sizə gərəkən alətlərin əlinizdə olması üçün əlimizdən gələni edəcəyik”, – Bayden deyib.

Amma “əfqanlar öz gələcəklərinə qərar verməlidirlər”, – o, sözlərinə əlavə edib.

XS
SM
MD
LG