Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:18

AXCP Rəyasət Heyətinin dörd üzvü məhkum edildi


Məhkum olunanlar
Məhkum olunanlar

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin dörd üzvü – Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Bəxtiyar İmanovAyaz Məhərrəmli haqqında ittiham hökmü çıxarılıb. Onlar 2020-ci ilin iyulunda Bakıda keçirilən Orduya dəstək yürüşündə baş verənlərin (bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, polis maşınının aşırılması və s.) təşkilində suçlu sayılaraq məhkum edilib.

Orduya dəstək yürüşündə baş verənlərə görə həbs olunub bir neçə ay sonra ev dustaqlığına buraxılan 36 nəfərin işi üç qrupa bölünüb. Fuad Qəhrəmanlı və daha 11 nəfərin daxil olduğu qrupun məhkəməsi iyunun 14-də yekunlaşıb. Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarov onlar haqqında hökm çıxarıb. Hökmə əsasən, AXCP-nin dörd funksioneri də daxil, təqsirləndirilən 12 nəfər əmlaka ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq, ictimai asayişin pozulması kimi əməllərdə suçlu sayılsa da, onlara azadlıqdan məhrumetmə cəzası verilməyib. Qanunsuz əməllərin təşkilatçısı kimi təqdim olunan Fuad Qəhrəmanlı və Məmməd İbrahimin hərəsinə 4 il 1 ay, Ayaz Məhərrəmli və Bəxtiyar İmanova 3 il 7 ay, digər təqsirləndirilən şəxslərə isə 2 il 7 ay şərti cəza verilib.

"Siyasi sifarişin nəticəsi"

Amma cəbhəçilər bu hökmlə razı deyil, onu "siyasi sifarişin nəticəsi" hesab edirlər.

Qəhrəmanlı AzadlıqRadiosuna deyib ki, hökmdən apellyasiya şikayəti verəcək. Onun sözlərinə görə, bu cinayət işinin özü əsassız idi, heç bir fakta söykənmirdi, başlanmasının səbəbi də siyasi müxalifətə, özəlliklə AXCP-yə qarşı repressiyaların həyata keçirilməsi idi: "Bugünkü hökm saxta, qurama əsasla başlanmış cinayət işinin yekunu idi. Biz şikayət verəcəyik. Amma apellyasiya məhkəməsindən də obyektivlik gözləntimiz yoxdur. Sadəcə, Avropa Məhkəməsində gedib çıxmaq üçün prosedur olaraq, apellyasiya instansiyasını keçməliyik".

Digər iki qrupun hər birində 12 nəfər mühakimə olunur. Onlardan birinə iyunun 21-də hökm oxunacaq. Digər qrupun məhkəməsi isə davam edir.

Xatırlatma

2020-ci il Ermənistanla Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş̧ zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

XS
SM
MD
LG