Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:17

Azərbaycanda əhali pul artıra bilmir, xərcləri artıb


Manat
Manat

Yarıbayarı azalan qənaət

Ötən il əhalinin banklarda saxladığı əmanətlərin həcmi 5.3 faiz azalıb. Depozitlərin birdən-birə ciddi ölçüdə azalması ölkənin maliyyə sistemi üçün ciddi risk amilinə çevrilə bilər. Məsələ burasındadır ki, Azərbaycanda bankların cəlb etdiyi pulun əsas hissəsi məhz depozitlərdir. Hesablama Palatasının açıqladığı "2020-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata dair rəydə də əhalinin qənaətlərinin azalması məqamı ayrıca vurğulanıb. Palatanın rəyində qeyd edilir ki, uzunmüddətli karantin rejimi əhalinin istehlak xərclərini azaltsa da, bu amil əhalinin yığımlarını artırmasına yol açmayıb. Nəticədə, ötən il yığıma meyllilik əmsalı aşağı düşüb. Bu əmsal əhalinin əmanətlərinin gəlirlərinə nisbətini göstərir. Əhali xərclərini azaltsa da, yığıma yönəltdiyi vəsaiti artırmaması onun gerçək gəlirlərinin ciddi şəkildə azalmasından xəbər verir.

Əvvəlki illərdə insanların əldə etdikləri gəlirlərin yarısını istehlak xərclərinə, yarısını yığıma yönəltdiyi gözə çarpırdısa, son bir neçə ildə bu göstərici dəyişib. Artıq istehlak xərclərinin qarşılanmasına ayrılan vəsaitin həcmi yığıma yönəldilən vəsaitin həcmindən iki dəfəyə yaxın çoxdur. Məsələn, 2018-ci ildə əhalinin son istehlak xərcləri 51.7 milyard manat olduğu halda, əhalinin qənaətlərinin həcmi 26.4 milyard manat olub. Başqa deyimlə, toplam gəlirlərin yalnız 34 faizi qənaət kimi ayrılıb. Halbuki, qeydlərə görə, bir neçə il əvvələdək bu göstərici 50 faizə yaxın idi.

Son 25 ildə ən böyük azalma

Ötən il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmində 4.3 faizlik azalma qeydə alınmışdı. Bu göstərici son 25 ildə Azərbaycan iqtisadiyyatında qeydə alınan ən böyük azalmadır.

Ümumi daxili məhsuldakı azalmanın 62 faizi məhz neft sektorundakı azalmadan qaynaqlanıb. Ümumi iqtisadi geriləmə əhalinin gəlirlərinin azalmasına da təsirsiz ötüşməyib. 2020-ci ildə Azərbaycanda əhalinin gəlirləri toplam 55.7 milyard manat olub. Bu, bir əvvəlki illə müqayisədə əhalinin gəlirlərinin 5 faizə yaxın azaldığını göstərir.

Palatanın öz rəyində diqqət çəkdiyi daha bir məqam uzun müddətdən sonra Azərbaycanda məşğul əhalinin sayında azalmanın müşahidə edilməsidir. Uzun müddətdir müsbət dinamika nümayiş etdirən məşğul əhalinin sayı illik müqayisədə 1.3 faiz azalıb. Maraqlıdır ki, qurum bu azalmanı karantin rejimi və iqtisadi durğunluqla yanaşı, həm də pandemiya ilə əlaqədar dövlət tərəfindən sosial yardımların göstərilməsi şərtlərinin hesabatlılığa müsbət təsirinə bağlayıb.

İdxal təhlükəsi

Hesablama Palatasının rəyində bildirilir ki, Azərbaycanda məzənnə və qiymətlərin sabitliyinə ən böyük təhlükələrdən biri ölkədə neftdənkənar idxalın neftdənkənar ixrac hesabına maliyyələşdirilə bilməməsidir. Ötən il Azərbaycanda neftdənkənar sektorun toplam ixracı 1 milyard 851 milyon dollar olub. Bu, həmin ildə Azərbaycanın bütövlükdə ixracının cəmi 13 faizi deməkdir. Yəni, Azərbaycanın xarici ticarətdə qazandığı hər 100 manatın yalnız 13 manatı neftdənkənar sektorun payına düşür. Həmin il ölkədə idxalın toplam həcmi 10 milyard 730 milyon dollar səviyyəsində olub. Başqa sözlə, neftdənkənar ixrac ötənilki idxalın cəmi 27 faizini qarşılaya bilərdi.

Ölkənin təbii resursların ixracından savayı digər gəlirlərinin çox olmaması, üstəgəl, neftdənkənar idxalın yarısına yaxınının istehlak mallarından ibarət olması Azərbaycanda istehlak bazarını xarici faktorlar qarşısında kövrəkləşdirir.

XS
SM
MD
LG