Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:07

Yerevan Qarabağın ‘işğal olunmuş ərazilərindən’ və statusundan danışır-Yenilənib


Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan

Azərbaycan XİN: Bir ölkə öz ərazisini işğal edə bilməz,...

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan (XİN) nümayəndəsinin açıqlamasına münasibət bildirib.
L. Abdullayeva media orqanlarının «Ermənistan XİN-in nümayəndəsinin Azərbaycanı sərhəd gərginliyində ittiham, onun beynəlxalq hüququ pozaraq Qarabağı işğal etdiyini iddia edən açıqlaması ilə bağlı nə deyə bilərsiniz" sualına belə cavab verib:

«Öncə Ermənistan XİN-inə xatırladırıq ki, bütün bu illər ərzində beynəlxalq hüququn fundamental prinsiplərinin məhz Ermənistan tərəfindən tapdalanması, son 30 ildə iki dövlət arasında sərhədin müəyyən olunmamasının əsl səbəbidir.Ermənistanın 30 ildən sonra nəhayət beynəlxalq hüququ yada salması ümumilikdə müsbət bir haldır. Lakin, Ermənistan yenə də beynəlxalq hüquq prinsiplərini özünəməxsus şəkildə başa düşür. "

L. Abdullayevanın deməsinə görə, Azərbaycanı guya ki, güc tətbiq edərək, əraziləri işğal etməkdə ittiham edən Ermənistan hələ də anlamır ki, bir ölkə öz ərazisini işğal edə bilməz, yalnız işğaldan azad edər. Onun fikrincə, Ermənistanın artıq bu həqiqəti anlaması, yaranmış yeni vəziyyəti qəbul etməsi gərəkdir :

«Bir daha Ermənistanı özünün istinad etdiyi beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasına və hər hansı fikir ayrılıqlarının həllində konstruktivlik nümayiş etdirməyə çağırırıq. "

***

Güc tətbiq etməklə və güc tətbiqi ilə hədələməklə yeni şərtlərin irəli sürülməsi beynəlxalq hüququn kobudcasına pozulmasıdır. Ermənistan belə təzyiqə boyun əyməyəcəkdir.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bunu mayın 21-də Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan mətbuatın suallarına cavab verərkən deyib.

Nağdalyan əlavə edib ki, “Ermənistan habelə “mübahisəli torpaqlar” adlandırılan yanlış məsələnin gündəliyə salınmasını rədd edir”.

Sözçünün fikrincə “mübahisəli torpaqlar” məsələsinin gündəliyə salınması “başqa regionlarda da güc tətbiqi üçün presedent yarada bilər”.

“Dərhal və qeyd-şərtsiz”

Ermənsitan XİN mətbuat katibinin iddiasına görə Azərbaycan “əsirlərin və saxlanan başqa mülki şəxslərin qaytarılmasında və başqa humanitar məsələlərdə 9 noyabr 2020-ci il üçtərəfli bəyanatı üzrə öhdəliklərinə əməl etməməklə beynəlxalq öhdəlikləri pozmaq niyyətində olduğunu təsdiqləyib”.

Nağdalyan daha sonra bildirib:

“Ermənistan Respublikası və Azərbaycan Respubliaksı arasında sərhədin delimitasiya və sonrakı demarkasiyası prosesləri münaqişənin hərtərəfli dinc tənzimlənməsinin bir hissəsi olmalıdır və bu çərçivədə ATƏT-in Mİnsk qrupu həmsədrlərinin egidası altında ilk növbədə Artsax (Qarabağ –red) Respublikası ərazilərinin işğaldan qaytarılması və Artsaxın yekun hüquqi statusu məsələləri həll olunmalıdır”.

Daha sonra Ermənsitan XİN-in sözçüsü deyib:

“Belə bir situasiyada Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisindən dərhal və qeyd-şərtsiz 11 may tarixindəki mövqelərinə qaytarılması məsələlərin siyasi və diplomatik alətlərlə həlli çərçivəsində müzakirəsinə lazımi şəraiti yarada bilər”.

Xatırlatma

Ermənistanın rəsmi qurumlarının bildirdiyinə görə, mayın 12-də Azərbaycanın silahlı qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə onların ərazisinə daxil olub.

Ancaq Azərbaycan tərəfi baş verənləri sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

Ötən il 44 günlük müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf yeddi rayonu işğaldan azad edib.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar.

Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Hər iki ölkə müstəqil olandan (1991) sonra onların arasında sərhədlər dəqiqləşdirilməyib.

XS
SM
MD
LG