Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:37

Tükənmişlik, yoxsa yorğunluq?


Tükənmişliyi çox zaman yanlış olaraq yorğunluqla səhv salırlar.
Tükənmişliyi çox zaman yanlış olaraq yorğunluqla səhv salırlar.

Bu günlərdə çoxları tükənmişlik sindromundan şikayət edir. Xüsusən də pandemiyanın bu mərhələsində bir çox insan özünü enerjisi bitmiş, yaradıcılıq qabiliyyəti ölmüş kimi hiss edir.

Ancaq BBC-nin məqaləsində deyilir ki, çox vaxt bu termindən yanlış istifadə olunur.

Tükənmişliyin elmi tərifi var. Bu tərifi oxuyanda anlaşılır ki, tükənmişlik sindromundan əziyyət çəkdiyini düşünənlərin çoxu, əslində, yanılır. Ancaq tükənmişliyi ölçməyin düzgün yollarını öyrənmək həm fərdlərə, həm də şirkətlərə düzgün qərarlar verməyə kömək edə bilər.

1981-ci ildə Berklidəki Kaliforniya Universitetinin psixologiya professoru Kristina Maslaç bu vəziyyəti ölçmək üçün "Maslaç tükənmişlik cədvəli"ni (Maslach Burnout Inventory-BMI) işləyib hazırlayıb.

Üç meyar

İnsanlar bu sözü hər şeyə tətbiq etdiklərindən bəzən məsələni aydınlaşdırmağa ehtiyac yaranır. MBI tükənmişliyi üç meyar əsasında dəyərləndirir: yorğunluq, yaxud enerjinin olmaması; işə sinik, yaxud neqativ yanaşma; işdə məhsuldarlıq və müvəffəqiyyətin azalması. Bu meyarların hər üçündə neqativ nəticə göstərilərsə, deməli, insan tükənmişlik sindromundan əziyyət çəkir.

Maslaç deyir ki, bu meyarların yalnız biri üzrə mənfi nəticə üzə çıxanda insanın tükəndiyini iddia etmək tendensiyası mövcuddur. Onun sözlərinə görə, bu, tamamilə yanlışdır və MBI-dan düzgün istifadə edilməməsi deməkdir.

Kanadanın Yeni Şotlandiya əyalətində yaşayan təşkilat psixoloqu, "The Truth About Burnout" (Tükənmişlik haqda həqiqət) kitabını Maslaç ilə birgə yazan Maykl Leyter isə deyir ki, tükənmişliyi çox zaman yanlış olaraq yorğunluqla səhv salırlar.

"İnsanlar tükənmişliyi yorğunluğun sinonimi kimi işlədirlər və bu zaman unudurlar ki, bu iki vəziyyət arasında bir dünya fərq var. Bütün gecəni xəstəxanada yeni körpələrin doğulmasına kömək edən insanlar var. Onlar çox yorğun olsalar da, bu dünyaya yeni həyat gətirirlər, insanların həyatını yaxşılaşdırırlar və bu işə ciddi yanaşırlar. Onlar yorğundurlar, ancaq tükənmiş deyillər", – o deyir.

"Daha çox insan o istiqamətdə gedir"

MBI meyarlarından sadəcə birinə cavab verən başqa insanlar da var. Leyterin yuxarıda çəkdiyi misaldan sonra ikinci ən çox rast gəlinən qrup işə çox da can yandırmayanlardır. "Onlar işə gedirlər, işlərini çox da sevmirlər, ancaq maaş almaq üçün işləmək lazımdır. Bundan başqa, sadəcə sinik olanlar var. Onları nə müştərilər, nə də iş maraqlandırır", – o deyir.

Karyeraları hər hansı səbəbdən ilişdiyi üçün məhsuldarlığı az olan insanlar da var.

Tükəndiyini deyənlərin arasında hər üç meyar üzrə mənfi nəticə göstərənlərin sayı çox azdır. Leyterin sözlərinə görə, bu, epidemiya deyil, sadəcə, bu diaqnoz yerli-yersiz çox qoyulur. Ancaq bu o demək deyil ki, problem yoxdur, yaxud da bu mövzuda müzakirələr boş yerdən artır.

"Tükənmişliyin əlamətləri artmaqdadır. Əlbəttə, [indi] daha çox insan o istiqamətdə gedir", – o deyir.

"Tükənmişlik spektrdir və çoxumuz onun içindəyik", – məqalədə deyilir. "Indeed" iş saytı müxtəlif yaş qruplarını təmsil edən 1500 amerikalı işçi arasında sorğu keçirib. Onların yarıdan çoxu tükəndiyini və pandemiyanın bu halı daha da pisləşdirdiyini deyib.

İki dəfə qalxan göstərici

Tarixən bütün peşələrdə çalışanların 10%-dən bir qədər çoxunun tükənmiş olduğunu görə bilərik. Ancaq Maslaç pandemiya dövründə bu göstəricinin artdığını deyir. O, dövrümüzdə bu sayın 20%-ə yaxın olduğu qənaətindədir.

Məqalədə qeyd edilir ki, bu, çox ciddi problemdir. Çünki həqiqi tükənmişlik məzuniyyət, yaxud retritlərlə (öz dünyasına çəkilmək) sağalmır. Bu halı yaşayan insanların çoxu daha eyni iş yerinə, hətta eyni tipdə işə qayıda bilmir. Onlar karyeralarını dəyişməli olurlar.

Geniş mənada tükənmişlikdən uzaq olmağa çalışmaq çox vacibdir. Xüsusən də ona görə ki, bu sindrom nəticəsində ixtisaslı kadrlar bütöv peşələri tərk edir. MBI və onun kimi testlər məhz bu yerdə köməyə gəlir.

MBI fərdlərə tətbiq edilsə də, əslində, onların içində olduğu mühiti ölçür. "Nəticələr mənfidirsə, bu o demək deyil ki, problem fərddədir. …Siz bunun kimin başına gəldiyini yox, bunun niyə baş verdiyini anlamağa çalışırsınız. Bu nəticələr xəbərdarlıq siqnalı rolunu oynaya bilər", – Maslaç deyir.

XS
SM
MD
LG