Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:29

Vaksinin koronavirus üzərinə ‘əks-hücumu’ başlanır?


Pasport və vaksin şəhadətnaməsi
Pasport və vaksin şəhadətnaməsi

Bəzi alimlər bildirirlər ki, Birləşmiş Ştatlarda əhalinin koronavirusa qarşı kollektiv immunitetinin əldə edilməsi üçün daha 30 milyondan 40 milyonadək insana vaksin vurulması kifayət edə bilər.

Onların fikrincə bu halda vaksinin “dönüş” və ya “əks-hücum” anı baş verəcək.

İndiyədək ABŞ əhalisinin 44 faizinə vaksinin bir dozası, 31 faizinə isə iki dozası vurulub.

Vaksinin “dönüş nöqtəsi” kifayət qədər insanın vaksinlənməsi ilə yetişəcək. Bu halda COVID-19-a yoluxma halları kəskin azalacaq və virusun sürəti onun cilovlanmasına imkan verən səviyyəyə enmiş olacaq. Virus tam dayanmayacaq, amma bu, böyük yoluxma partlayışlarının qarşısını alacaq.

San Fransiskodakı Kaliforniya Universitetinin professoru Robert Uoçter deyir ki, əhalinin yarısının vaskinlənməsi pandemiyaya qalib gəlməyin başlanğıcıdır:

“Təsəvvür edin ki, yoluxma təhlükəsi ilə üzləşənlərin 50 faizinə virus yoluxmayacaq. Bu çox böyük məsələdir”.

Bu arada Ağ Ev elan edib ki, Birləşmiş Ştatlarda 100 milyon nəfər vaksinin 2 dozası ilə tam peyvənd olunub.

Beşqat sürətlə azalma

Kaliforniyada əhalinin 50 faizi peyvənd olunub. Ştat üzrə həftəlik yoluxma əmsalı hər 100 min nəfərə 4.3-dür. Bu, bir ay əvvəlki 5.5-dən, ötən fevralın son həftəsindəki 9,3 rəqəmindən dramatik şəkildə azdır.

Alimlər diqqəti belə bir məqama çəkirlər ki, bu ən böyük əhaliyə malik ştatdır və burada pandemiyanın əvvəlindən bəri vəziyyət bu qədər yaxşı olmayıb.

16 yaşından yuxarı əhalisinin 72 faizinin vaksinin azı bir dozası ilə peyvənd olunduğu San Fransiskoda bütün aprel ayı ərzində COVID-19-dan cəmi 6 nəfər vəfat edib.

San Fransisko İctimai Sağlamlıq idarəsinin direktoru Qrant Kolfaks bunun beşqat sürətlə azalma olduğunu deyir.

USA Today qəzeti yazır ki, bəzi ştatlarda yoluxma hallarının artmasına baxmayaraq, ümumi ölkə üzrə sürətli azalma gedir.

Hazırda yaşı 65-dən yuxarı olan amerikalıların üçdə ikisi tam peyvənd olunub.

Rəsmilər bildirirlər ki, bunların xəstəxanaya düşmək ehtimalı vaksinlənməmiş insanlardan 94 faiz azdır.

Bu da xəbər verilir ki, məsələn, əhalinin 56 faizinin vaksinləndiyi Vermontda aprel ayında yoluxma halları 60 faiz azalıb.

50 faiz xəttinin keçilməsi mühümdür

Britaniyada da vaksinin “əks-hücum anı” əhalinin 50 faizdən çoxunun vaksinlənməsindən sonra baş verib.

Ötən həftə ölkədə yoluxma halları 10, ölüm halları 31 faiz azalıb.

Əhalinin 60 faizinin peyvənd olunduğu İsraildə yoluxma əmsalı hər 100 min nəfər üçün 1 nəfərə enib.

Məqalədə deyilir ki, vaksinin birinci dozasını qəbul edənlərin 92 faizi ikinci doza üçün müraciət edib.

Ekspertlər bunun yaxşı göstərici olduğunu deyirlər, amma əlavə edirlər ki, daha çox adamın peyvənd olunmasına ehtiyac var.

Ekspertlərin proqnozlarına görə ABŞ-da yoluxma hallarının sayı artıq mayın 29-dək günə 10 min nəfərə enə bilər.

Lakin hazırda bu rəqəm günə 48 mindir və bu göstərici oktyabr ayından bəri ilk dəfədir ki, 50 mindən aşağı düşüb. Başqa sözlərlə, yoluxma bir həftə əvvəllə müqayisədə 17 faiz azalıb.

COVID-19 “qəlbən qış virusudur”

Amma heç də hamı koronavirusun belə rahatlıqla cilovlanacağına inanmır. Filadelfiyadakı Vaksin Agahlığı Mərkəzinin direktoru, professor Pol Offitin fikrincə, COVID-19-un tam nəzarət altına alınması üçün əhalinin 80 faizinin vaksinlənməsinə ehtiyac var.

Onun təxminlərinə görə, hazırda ABŞ əhalisinin yalnız 50 faizinin koronavirusa qarşı immuniteti var.

Professor Offit bunu da deyir ki, ümumölkə immunitetinin yaranmasına yazın gəlişi də müsbət təsir edəcək. Alimin fikrincə COVID-19 “qəlbən qış virusudur”.

Buna görə də alim deyir ki, gələn qışa qədər ABŞ-da daha 100 milyon nəfərin peyvənd olunmasına ehtiyac var.

Bəzi alimlər isə bildirirlər ki, vaksinin “dönüş nöqtəsi” və “kollektiv immunitet” fərqli anlayışlardır.

Onların fikrincə, kollektiv və ya “milli immunitetin” yaranması üçün əhalinin 80-90 faizinin yoluxma və ya peyvənddən qazandığı immunitetə malik olması lazımdır.

Son məlumata görə ABŞ-da koronavirusdan orta həftəlik ölüm rəqəmi 670 olub.

CNN ekspertləri bildirirlər ki, bu, yanvardan bəri 80 faiz azalma deməkdir.

XS
SM
MD
LG