Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

Azərbaycan pandemiya dövründə vətəndaşlarına ən az pul xərcləyən ölkələrdən olub


Azərbaycanda dəstək paketlərinə sərf edilən vəsait ÜDM-in 2.1 faizi qədərdir.
Azərbaycanda dəstək paketlərinə sərf edilən vəsait ÜDM-in 2.1 faizi qədərdir.

Ötən il pandemiya ucbatından bütün dünya iqtisadi çətinliklər yaşadı. Bir çox ölkədə məhdudiyyətlər bugünədək davam edir. Əhalinin bundan daha çox zərər görməməsindən ötrü hökumətlər bəlli dəstək tədbirləri gerçəkləşdirir. Beynəlxalq Valyuta Fondu (BVF) hökumətlərin ayrı-ayrı ölkələrdə dəstək hədəfli proqramlara xərclədiyi vəsait həcminin müqayisəsini aparıb.

Məhdudiyyətlər ilində "səxavətli" və "xəsis" ölkələr

Hesabatda səhiyyə və səhiyyədənkənar sektorlarda hökumətlərin gerçəkləşdirdiyi toplam birbaşa dəstək, vergi güzəştləri və vaz keçilən gəlirlər (forgone revenue) ümumi daxili məhsulda payı baxımından müqayisə edilib. Bu göstəriciyə görə, hesabatda ölkələr beş qrupa bölünür. Pandemiya dövründə "ən səxavətli" ölkələr qrupu ümumi daxili məhsulun 10 faizindən daha çoxunu dəstək tədbirlərinə xərcləyən ölkələrdir.

Digər üç qrupa dəstək tədbirlərinə ÜDM-in 7.5-10, 5-7.5 və 2.5-5 faizini xərcləyən ölkələr daxildir. Sonuncu qrupa isə vətəndaşlarına ÜDM-ə nisbətdə ən az vəsait sərf edən ölkələr daxil edilib. Həmin ölkələrdə dəstək tədbirlərinə sərf edilən vəsait ÜDM-in 2.5 faizindən də aşağıdır.

Azərbaycan ən "xəsis"lər arasında

Beynəlxalq Valyuta Fondunun araşdırmasından məlum olur ki, Azərbaycan da sonuncu qrupa daxildir. BVF-in qiymətləndirməsinə görə, Azərbaycanda dəstək paketlərinə sərf edilən vəsait ÜDM-in 2.1 faizi qədərdir. Hesabat ötən ilin yanvarından bu ilin aprelinədək olan müddəti əhatə edib.

Pandemiya dövründə ÜDM-ə nisbətdə ən az pul xərcləyən ölkələr qrupuna Azərbaycanla yanaşı, Türkiyə, Meksika, Səudiyyə Ərəbistanı, Albaniya, Əlcəzair, Ermənistan, Belarus, Beliz, Botsvana, Bruney, Rumıniya və Qətər daxildir. Bu baxımdan dünya üzrə orta göstərici 9.2 faizdir. Hesabat bütövlükdə 200-ə yaxın ölkəni əhatə edir.

Pandemiya dövründə dəstək tədbirlərinə ÜDM-ə nəzərən ən çox vəsait xərcləyən ölkələr qrupuna isə, Çinin Makao Xüsusi İnzibati Regionu nəzərə alınmasa, ABŞ başçılıq edir. Dünyada ən böyük ÜDM-ə sahib ölkə də elə Birləşmiş Ştatlardır. Ötən il ABŞ-da ÜDM-in həcmi təxminən 21 trilyon dollar olub və bu məbləğin dörddə biri dəstək proqramlarına xərclənib. ABŞ-la yanaşı, Birləşmiş Krallıq, Yaponiya, Avstriya, Yunanıstan, Honkonq, Yeni Zelandiya, Sinqapur, İsrail, Almaniya, Kanada və Avstraliya da dəstək tədbirlərinə ÜDM-in 10 faizindən çoxunu xərcləyərək əhalisinə ən çox maddi dəstək verən ölkələr arasında yer alıb.

XS
SM
MD
LG