Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:28

Şafak Coliyə müsahibəsində qadın hüquqlarından danışır


Elif Şafak
Elif Şafak

Türkiyə vətəndaşları hökumətin İstanbul Konvensiyasını tərk etməsinə etiraz olaraq küçələrə çıxır. İstanbul Konvensiyası qadınlara qarşı zorakılıq və ailə zorakılığı əleyhinə Avropa konvensiyasıdır. Sənəddə qadın və qızlara qarşı zorakılığa, ailə zorakılığına, evlilik zorlamalarına və qadın sünnətinə qarşı müddəalar var.

Yol ayırıcında

Türkiyə hökuməti konvensiyanın homoseksuallığı normallaşdırmaq üçün istifadə edildiyini və türk ailə dəyərlərinə zidd olduğunu iddia edərək ictimaiyyəti çaşdırmağa çalışır. Tənqidçilərsə deyirlər ki, bu, hökumətin qadın və azlıqların hüquqları bahasına öz mühafizəkar müttəfiqləri ilə əlaqələrini daha da möhkəmləndirmək cəhdidir. "Time" jurnalı saytında tanınmış Hollivud aktrisası, ictimai fəal, BMT-nin sülhməramlı səfiri Ancelina Colinin türk yazıçısı Elif Şafakla müsahibəsini yerləşdirib. Şafak yaranmış böhranla bağlı fikirlərini paylaşıb.

"Biz yol ayrıcındayıq. Bir çox qadınlar bərabərlik və ədalət tələb edirlər. Onlar özlərinin həyatlarını və uşaqlarının gələcəyini qurmaq istəyirlər. Ancaq bu qüvvələr yerdəyişməsi təhlükəli cavabla birlikdə gəlir", – Şafak deyib.

İkili mesaj

Elif Şafak Türkiyə hökumətinin İstanbul Konvensiyasından çıxmasına münasibət bildirərkən deyib: "Məncə bu, qadınlar, uşaqlar və LGBT icması üçün fəlakətli nəticələri olacaq ciddi geriləmədir. İstanbul Konvensiyası zorakılıq qarşısında zəif şəxsləri müdafiə edən … ən mütərəqqi sazişdir. İcra edilərsə, o, qanuni şəbəkələr təqdim edir, sığınacaqlar açır, məlumatlılığı artırır, qurbanları qoruyur və zorakılığın qarşısını alır. Türkiyə bu sazişi imzalayan və ratifikasiya edən ilk ölkə idi. Ancaq indi onu tərk edir. Bu məni çox incidir, çünki bu, qadın qətllərinin artdığı vaxtda baş verir. Türkiyədə ailə zorakılığı halları, onsuz da, artmaqda idi. Qadınların müdafiəyə ən çox ehtiyacı olan vaxtda hökumət bunun əksini edir.

…Konvensiyadan çıxmağın ikili mesajı var. Siz qadınlara deyirsiniz ki, onların həyatı əhəmiyyətsizdir. Bir də, hücum edənlərə deyirsiniz ki, onların cinayətləri legitimləşdiriləcək. Bu, zorakılıq törədənləri cəsarətləndirir".

Kürd qadının hekayəti

"Qadın hüquqları məsələsində geri çəkilmələr çox vaxt ailə dəyərlərinin müdafiəsi kimi qələmə verilir. Sanki zorakılıq bağlı qapılar arxasında qalsa, yaxşıdır. Siz bu haqda nə düşünürsünüz" sualına Şafak belə cavab verib: "Kimsə incidilirsə, təhqirə məruz qalırsa, bu, şəxsi məsələ deyil. Bu, dörd divar arasında qala bilməz. Heç kim təhqir və zorakılığın olduğu evdə xoşbəxt ola bilməz. Ancaq bəzi ölkələrdə inanılmaz dərəcədə problemli qanunlar var. Adam zorlayanlar qurbanlarla evlənməyə razı olanda onların cəzası yüngülləşdirilir. Sanki onlar qurbanlarına yaxşılıq edirlər.

Türkiyədə bir gənc kürd qadın ərinin qardaşı tərəfindən zorlanmışdı. O, cəsarətli idi və susmaqdan imtina etdi. O, cinayəti törədənin məhkəmə qarşısına çıxmasını istəyirdi. Ancaq məhkəmədə ona kürdcə danışan tərcüməçi verilmədi. O öz hekayəsini danışa bilmədi. Sonra əri gəlib ailənin şərəfini ləkələdiyi üçün onu öldürdü. …Sistem bütövlükdə canilərin tərəfindədir və dönə-dönə qurbanları cəzalandırır".

Dünyada ailə zorakılığı artır

Şafak deyir ki, indi bu haqda daha da ucadan danışmaq lazımdır. "Çünki pandemiya vəziyyəti daha da pisləşdirib. O, bütün dünyada ailə zorakılığını artırıb. Bir çox ölkələrdə qaynar xətlərə zəng vuranların sayı beş dəfə artıb. Qadınlar və qızlar onlara zor tətbiq edənlərlə yaxın mühitdə qalmalı olublar. Biz pandemiyanın qadınlar üçün fəlakətli iqtisadi nəticələri haqda da danışmalıyıq. Məncə, qadın haqları, bərabərlik sahəsində on illər ərzində əldə edilmiş inkişafı itirməkdəyik".

Elif Şafak daha sonra qeyd edib ki, patriarxallıq qadınlar kimi kişiləri də bədbəxt edir: "Kişilər bərabərsizlik və ayrıseçkilik üzərində qurulmuş cəmiyyətdə xoşbəxt ola bilməzlər. Bu, xüsusilə də kişiliyin mövcud təsviri ilə razılaşmayan gənc kişilərə aiddir. Kişilər bu müzakirəyə qatılmalıdırlar".

XS
SM
MD
LG