Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:36

Başlıbeldə meyitlər tapılıb


12 nəfərin meyitinin qalıqları aşkar edilib
12 nəfərin meyitinin qalıqları aşkar edilib

Baş Prokurorluğun mətbuat xidməti Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhalinin qətlə yetirilməsi ilə bağlı bu gün, aprelin 26-da məlumat yayıb.

Açıqlamaya görə, Başlıbel Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri olub: "Əhalisinin sayı 1996 nəfər olub, 3232 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, dəniz səviyyəsindən 2000 metr hündürlükdə, Dəlidağın ətəyində rayon mərkəzindən 64 km məsafədə yerləşib".

Prokurorluq bildirir ki, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə hücum edərək kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət edib və tamamilə yandırıb:

"Kəndi tərk edə bilməyən 62 nəfər..."

"Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 km aralıda, kəndin ən hündür hissəsində yerləşən "Portda" adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. 62 nəfərdən 48 nəfər Başlıbel, 1 nəfər Taxtabaşı kənd, 4 nəfər Laçın rayon sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olublar".

Bildirildiyinə görə, həmin il aprelin 18-də köməksiz vəziyyətdə qalan mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutmağa başlayıblar. Nəticədə silahsız 12 nəfərin qəsdən öldürüldüyü vurğulanır.

Açıqlamaya görə, hücum nəticəsində 14 nəfər də girov götürülüb: "Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9 nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat ediblər".

12 nəfərin meyitinin qalıqları aşkar edilib
12 nəfərin meyitinin qalıqları aşkar edilib

İstintaq materiallarına görə, digər mağaralara qaçaraq gizlənən 36 şəxsdən 7 nəfəri də mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində vəfat ediblər: "Sağ qalmış Başlıbel kənd sakinləri iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib. ...12 may 1993-cü ildə gecə saatlarında ... odlu silahlarla qətlə yetirilən 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar".

Prokurorluq bildirir ki, sağ qalan 29 nəfər 1993-cü ilin iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə biliblər.

"12 nəfərin meyitlərinin qalıqları aşkar edilib"

Açıqlamaya görə, bu il aprelin 24-də Kəlbəcər rayonunun Başlıbel kəndində istintaq hərəkətləri keçirilərək 50 sm dərinlikdə torpağa basdırılan, kəskin çürüməyə məruz qalaraq skeletləşən 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib: "Zərərçəkmişlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən DNT-nin təyini məqsədilə nümunələr götürülərək molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizalar təyin edilib...".

Kəlbəcərin Başlıbel kəndi işğaldan sonra
Kəlbəcərin Başlıbel kəndi işğaldan sonra

'Başlıbel kəndində qətlə yetirilənlərin cəsədləri axtarılacaq'

Kəlbəcər rayonu Başlıbel kəndində qətlə yetirilmiş şəxslərin cəsədlərinin aşkar edilməsi üçün qazıntı axtarış işlərinə başlandığı bildirilir.

Bu barədə aprelin 24-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda xatırlanır ki, 1993-cü ilin aprelin əvvələrində hərbi təcavüz nəticəsində Kəlbəcər rayonu işğal olunub:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, bu kimi cinayətlərin tam və hərtəfəli istintaq olunması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Belə ki, Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə məlumatlar daxil olmuş və qətlə yetirilmiş şəxslərin cəsədlərinin basdırıldığı yerlər müəyyən edilmişdir”

Məlumata görə, aprelin 24-də Baş Prokurorluğun əməkdaşları digər aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə birgə qətlə yetirilmiş şəxslərin cəsədlərinin aşkar edilməsi məqsədi ilə qazıntı axtarış işlərinə başlayıblar:

“Cinayət işi üzrə aparılan istintaq hərəkətlərinin nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.”

Başlıbeldə nə baş vermişdi?

Başlıbeldə adamların gizləndiyi mağara, foto həmin kənddən olan jurnalist və bu hadisələrə həsr olunan "Qanlı Kaha" kitabının müəllifi Elxan Salahovundur
Başlıbeldə adamların gizləndiyi mağara, foto həmin kənddən olan jurnalist və bu hadisələrə həsr olunan "Qanlı Kaha" kitabının müəllifi Elxan Salahovundur

1993-ci il aprelin 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər rayonunu işğal edib. Yerli sakinlərin verdiyi məlumatlara görə, bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndində 62 nəfər mühasirədə qalıb. Onlardan bəzilərinin öldürüldüyü, bir qisminin isə giriv götürüldüyü deyilir. Yalnız 30-a yaxın şəxsin dağlıq ərazidəki kahalarda gizlənərək mühasirə həyatını davam etdirdiyi qeyd edilir. İddialara görə, onlar birdə iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları ilə mühasirədən çıxa biliblər.

İşğalçıların əlindən canını qurtarmaq üçün Başlıbel sakinlərinin 100 günə yaxın sığındığı mağaradan ətrafın görüntüsü
İşğalçıların əlindən canını qurtarmaq üçün Başlıbel sakinlərinin 100 günə yaxın sığındığı mağaradan ətrafın görüntüsü

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ( Kəlbəcər rayonu daxil) işğal edilmişdi.

Amma ötən il 44 günlük müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.Ötən il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG