Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:28

Ekspert: 'Zaman-zaman belə şeylər olacaq'


Şuşa, Azərbaycan əsgərləri
Şuşa, Azərbaycan əsgərləri

Aprelin 21-də Azərbaycanla Ermənistanın sərhəsində yenidən atəş səslərinin eşidildiyi bildirildi. Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatında yazılırdı:

" ... Zəngilan rayonunun (Azərbaycanın) Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulublar".


Açıqlamaya görə, hadisə ilə bağlı Rusiya sərhədçiləri Azərbaycandan olan həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını deyiblər: "… Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilmiş və cavab atəşi açılmamışdır. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilmişdir ".

Həmin vaxt AzadlıqRadiosunun erməni xidməti isə Dağlıq Qarabağdakı tanınmayan qurumun Azərbaycanı "təxribatçı və aqressiv" hərəkətlərə görə, pislədiyi haqqında xəbər vermişdi. Həmin məlumatda iddia olunurdu ki, Azərbaycanın silahlı qüvvələri aprelin 20-də Xankəndi, eləcə də Əsgəran rayonunun Şoş və Mxitaraşen məntəqələri istiqamətində atəş açıblar.

Beləliklə Azərbaycanla Ermənistanın arasında yeni münaqişəyə baş verə bilərmi?

“Atəşkəs bütün təmas xətti boyu qorunur”

Aprelin 24-də Rusiya Müdafiə Nazirliyinin saytında qeyd olunub ki, Rusiya sülhməramlıları 27 müşahidə postunda monitorinq aparır və atəşkəs bütün təmas xətti boyu qorunur.

Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov “Turan” Agentliyinə bildirib ki, Zəngilanda baş vermiş insident Ermənistan ordusundakı məğlubiyyət hissinin ifadəsidir:

“Sanki o kapitulyasiya aktını imzalamayıb”

Elman Nəsirov
Elman Nəsirov

«Xüsusilə də son zamanlar Ermənistan siyasi rəhbərliyinin və revanşist qüvvələrin ritorikası bir az kəskinləşib. Aprelin 18-də Baş nazir Nikol Paşinyanın 2020-ci ilin hesabatını verərkən səsləndirdiyi fikirlər bu qənaətə gəlməyə əsas verir. Həmin fikirlərlə tanış olanda elə təəssürat yaranır ki, sanki Paşinyan «Qarabağ Ermənistandır və nöqtə» cəfəng fikrini səsləndirdiyi zamana qayıdıb. Sanki o kapitulyasiya aktını imzalamayıb və onun bu çıxışı ötən ilin 27 sentyabra qədərki çıxışlarına bənzəyir».


Deputat hesab edir ki, Nikol Paşinyanın bu çıxışı iyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlıdır:

«Hər iki cəbhənin nitqləri daha çox daxili auditoriyaya ünvanlanır».

E.Nəsirov daha sonra da deyib:

«Onlar depressiyadadılar və yeyib-içmək məclisi düzəldib, ağır məğlubiyyətin təsiri altında Azərbaycan istiqamətinə baxıb atəşkəs rejimini pozmağa cəhd göstəriblər».

“Ermənistan tərəfi nəticə çıxartmayacağı təqdirdə,…”

Komitə üzvü vurğulayıb ki, Rusiya sərhədçilərin xahişi ilə Azərbaycan tərəfi buna reaksiya verməyib:

«Lakin Ermənistan tərəfi nəticə çıxartmayacağı təqdirdə, istənilən anda Azərbaycan tərəfinin bunun qarşısını almağa, antiterror əməliyyatını keçirməyə hüququ var. Artıq bir dəfə belə bir əməliyyat keçirilib və Ermənistan diversantları həbs edilib».

Vəziyyət kəskinləşəcək

İlham İsmayıl, 1 oktyabr 2009
İlham İsmayıl, 1 oktyabr 2009

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, Ermənistanla Azərbaycan arasında münaqişə yarana bilər:

«Vəziyyət kəskinləşəcək. Zəngilanda atışmaya gəlincə, zaman-zaman belə şeylər olacaq. Buna oxşar hadisə Şuşa postunda da baş vermişdi.”

Ekspertin deməsinə görə, “ ermənilər tərəfdən bəziləri içmişdilər və posta hücum etmişdilər”:

Hətta bu barədə Fransa qəzeti da yazmışdı"

O, hesab edir ki, Azərbaycan Dağlıq Qarabağda baş verən hadisələrə rəsmi olaraq sərt şəkildə münasibbət bildirə bilməyib:

«Beş aydan çoxdur ki, müharibə qurtarıb, amma biz hələ də bu sərt mövqeni görmürük».

“...Əksinə silahlanırlar, istehkamlar qazırlar»

Azərbaycan və Rusiya prezidentləri Qarabağla bağlı bəyanat imzalayır, 9 noyabr 2020
Azərbaycan və Rusiya prezidentləri Qarabağla bağlı bəyanat imzalayır, 9 noyabr 2020

İ.İsmayılın fikrincə, beynəlxalq vəziyyət heç də Azərbaycan maraqlarına uyğun olmaya bilər:

«Ona görə də Azərbaycan 10 noyabr bəyanatından irəli gələn bütün məsələləri qabartmalıdır. Tələb etməlidir ki, bəyanatın bəndlərinə uyğun erməni silahlı birləşmələri Dağlıq Qarabağdan çıxarılsın. Çünki onlar hələ də çıxmayıblar, əksinə silahlanırlar, istehkamlar qazırlar»..

Ekspert deyir ki, azərbaycanlı məcburi köçkünlər Dağlıq Qarabağa qayıtmır və bu, problem yaradır:

«Elə buna görə Dağlıq Qarabağın statusu haqqında söhbətlər erməni rəsmilərin dilindən düşmür. Onlar fəaliyyətdədilər, Azərbaycan isə hələ də sakit dayanıb. Azərbaycan qəti qərarlar qəbul etməlidir »..

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Amma bundan əvvəl ( 10 noyabr razılaşmasından sonra) də bölgədə atəş səsləri eşidilib.Azərbaycan tərəfi atəşkəsi pozmaqda, qətil və təxribatda günahlandırdığı 60-dan çox silahlını saxladığını açıqlamışdı.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG