Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:23

Siyasi partiyalar nə qədər qazanır?


Müsavat Partiyasının qiymət artımına qarşı etiraz aksiyası. 2007
Müsavat Partiyasının qiymət artımına qarşı etiraz aksiyası. 2007

Hər üç partiyadan biri hesabat verməyib

"Siyasi partiyalar haqqında" Qanunda deyilir ki, bu qurumlar hər il, ən geci, aprelin 1-də illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Seçki Komissiyasına (MSK-ya) təqdim etməlidir. Hazırda Azərbaycanda 62 siyasi partiya fəaliyyət göstərir. Ancaq bu il deyilən vaxtadək yalnız 41 partiya maliyyə hesabatını MSK-ya çatdırıb. Sonrakı günlərdə bu rəqəm 43-ə yüksəlsə də, 19 partiya hələ də öz maliyyə hesabatını açıqlamayaraq qanunun tələbini pozub. Əsas müxalifət partiyaları arasında yer alan Azərbaycan Xalq Cəbhəsi (AXCP) və Respublikaçı Alternativ (ReAL) partiyaları da illik hesabatı açıqlamayanlar arasındadır.

Maliyyə hesabatını açıqlayan 43 siyasi partiyanın il ərzindəki toplam gəlirləri 13 milyon 900 min manata yaxın olub. Həmin gəlirlərin 89 faizi, sadəcə, bir partiyaya – Yeni Azərbaycan Partiyasına aiddir.

Dövlət büdcəsindən ayrılan yardımın yarısı YAP-a gedib

İqtidardakı Yeni Azərbaycan Partiyasının maliyyə hesabatından aydın olur ki, ötən il partiyanın 12 milyon 290 min manat – 2019-cu illə müqayisədə 1.6 milyon manat və ya 13 faiz çox gəliri olub. Partiyanın bütün gəlirlərinin 84 faizi (10.23 milyon manat) üzvlük haqqı hesabına formalaşıb. Ötən ilin sonuna olan məlumata görə, partiyanın hazırda 751 min üzvü var. Başqa sözlə, ölkədə 18 yaşdan yuxarı əhalinin təxminən hər 10 nəfərindən biri iqtidar partiyasının üzvüdür.

Partiyanın gəlirlərinin qalan hissəsi isə dövlət büdcəsi hesabına formalaşıb. 2020-ci ildə dövlət büdcəsindən partiyaya ödənən vəsaitin həcmi 1 milyon 942 min manat olub. Ötən il dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsaitin toplam məbləği 4 milyon manat idi. Bu rəqəmlərdən aydın olur ki, dövlət büdcəsindən ayrılan vəsaitin tən yarısı Yeni Azərbaycan Partiyasına çatıb. Qeyd etməyə dəyər ki, Yeni Azərbaycan Partiyasının təkcə dövlət büdcəsindən aldığı vəsaitin həcmi maliyyə hesabatını açıqlayan digər 42 partiyanın bütün gəlirlərinin cəmindən çoxdur.

Hakim partiyanın xərclərinə gəlincə, ötən il YAP-ın bütün xərcləri 10 milyon 527 min manat olub. Beləliklə, partiya il ərzində 1 milyon 763 min manat mənfəət əldə edib. Partiyanın əsas xərc istiqaməti əməkhaqqı xərcləridir. YAP 2020-ci ildə xərclədiyi vəsaitin yarısından bir qədər çoxu – 5 milyon 762 min manatı əməkhaqqının ödənməsinə gedib. Bu o deməkdir ki, iqtidar partiyasının təkcə əməkhaqqı xərcləri digər bütün partiyaların toplam gəlirindən daha çoxdur.

Büdcədən gələn pullar necə bölünür?

VI çağırış Milli Məclisdə 11 siyasi partiya təmsil olunur. 125 deputatın 70 nəfəri hakim YAP-ın, 3 nəfərsə Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Ana Vətən, Demokratik İslahatlar, Azərbaycan Demokratik Maarifçilik, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Cəbhə, Vəhdət, Vətəndaş Birliyi və Respublikaçı Alternativ (ReAL) partiyaları isə Milli Məclisdə bir nəfərlə təmsil edilir.

Siyasi partiyalar haqqında qanuna görə, dövlət büdcəsindən ayrılan vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür. Vəsaitin 50 faizlik hissəsi isə Azərbaycan Respublikası Milli Məclisinin say tərkibinə (125-ə) bölünür və bunun nəticəsində alınan məbləğ Milli Məclisdə təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyənləşən məbləğ həmin siyasi partiyalara ayrılır. Büdcədən ayrılan vəsaitin qalan 10 faizlik bölümünün 5 faizi Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslərin, ən azı, 3 faizin qazanmış, ancaq Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara verilir. Digər 5 faizinsə Milli Məclisə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, eləcə də fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar parlamentdə təmsil olunan yeni siyasi partiyalara (hər siyasi partiyanın müvafiq rüb üzrə payına düşən həcmdə) ayrılması nəzərdə tutulub.

Boş hesabatlar

Maraqlıdır ki, maliyyə hesabatını çatdıran 43 siyasi partiyadan 29-unun ilboyu 1 manat da gəliri olmayıb və həmin partiyalar boş hesabat təqdim edib. Qalan 14 partiyanın da dördünün illik gəliri çox kiçik məbləğlərdən ibarətdir. Məsələn, Vətəndaş və İnkişaf Partiyası il ərzində cəmi 200 manat gəlir əldə edib. Ədalət Partiyasında bu göstərici 1 min 266 manat, Milli İstiqlal Partiyasında isə 1 min 718 manatdır. Müsavat Partiyasının ötənilki gəliri cəmi 5 min 388 manat olub. Həmin vəsaitin 3 min 788 manatı üzvlük haqlarından, 1 min 600 manatı ianələrdən toplanıb.

Parlamentdə iqtidar partiyasından sonra ən çox təmsilçisi olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 2020-ci ildəki toplam gəliri 261 min manat olub. Bunun da 100 faizi dövlət büdcəsindən ayrılan vəsaitdir. Başa deyimlə, partiyanın büdcədən ayrılan vəsaitdən savayı heç bir gəliri olmayıb. VHP-nin il ərzindəki xərci 237 min manatdır və bu vəsait bütövlükdə partiyanın saxlanmasına xərclənib.

Parlamentdə təmsil olunan partiyalardan Demokratik İslahatlar, Demokratik Maarifçilik, Böyük Quruluş, Vəhdət, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Ana Vətən partiyaları dövlət büdcəsi hesabına 214 min 424 manat gəlir əldə ediblər. Milli Dirçəliş Hərəkatı və Sosial Demokrat partiyalarınsa hər biri dövlət büdcəsindən 26 min 388 manat alıb (ötən il fevralın 9-da keçirilən parlament seçkilərinədək Milli Məclisdə təmsil olunduqlarına görə).

XS
SM
MD
LG