Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:23

Türkiyə İtaliya baş nazirinin Erdoğana ‘diktator’ deməsini pisləyir


Mario Dragi
Mario Dragi

Türkiyə aprelin 8-də prezident Recep Tayyip Erdoğanı “diktator” adlandıran İtaliya baş nazirinin bəyanatlarını pisləyib.

Mario Dragi habelə bu həftə Ankarada Avropa İttifaqının liderinə qarşı davranışı “hörmətsizlik” adlandırıb.

Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen və Avropa Şurasının rəhbəri Şarl Mişel aprelin 6-da Türkiyə-Avropa İttifaqı danışıqlarının aparılması üçün Ankaraya səfər etmişdilər.

Lakin qonaqlar danışıqlar zalına daxil olanda bəlli olmuşdu ki, burada cəmi iki kürsü qoyulub.

Protokola görə bu kürsülərdən biri prezident Erdoğan üçün nəzərdə tutulmuşdu. Digər kürsüdə Şarl Mişel əyləşəndən sonra xanım Von der Leyen ayaq üstdə qalmışdı.

Qısa çaşqınlıqdan sonra Von der Leyenə böyük divanda yer verilib.

Qısa çaşqınlıq səhnəsi
Qısa çaşqınlıq səhnəsi

İtaliya səfiri Türkiyə XİN-ə çağırılıb

Türkiyə Avropa Komissiyasının rəhbərinə onun qadın olmasına görə hörmətsizlik edildiyinə dair iddiaları rədd edir.

Aprelin 8-də Romada keçirilən mətbuat konfransında İtaliyanın baş naziri Mario Dragi bu hadisədən xeyli təəssüfləndiyini bildirmişdi.

O habelə demişdi ki, “diktatorlarla açıq danışmaq” çox mühümdür.

Buna cavab olaraq Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu ölkəsinin qeyri-məqbul, populist və həm də “ədəbsiz” bəyanatları rədd etdiyini bildirib.

Bundan başqa İtaliyanın Ankaradakı səfiri Türkiyə XİN-ə dəvət olunub və ona rəsmi narazılqı bildirilib.

Protokol səhvi

Çavuşoğlu habelə deyib ki, xanım Von der Leyenlə bağlı anlaşılmazlığa görə Türkiyənin tənqid edilməsi ədalətsizlikdir.

Nazirin sözlərinə görə görüşdən əvvəl Türkiyə və Avropa İttifaqı rəsmiləri birgə protokolu müzakirə etmişdilər və görüşə hazırlıq Avropa İttifaqının ricası əsasında aparılmışdı.

Mişel aprelin 7-də demişdi ki, anlaşılmazlıq Türkiyə rəsmilərinin protokola “ifrat ciddi” yanaşmasının nəticəsində yaranıb.

Avropa Komissiyasının sözçüsü Erik Mamerin sözlərinə görə, xanım Von der Leyen əvvəlcə “təəccüblənsə” də, daha sonra qərara gəlib ki “belə məsələlərdə mahiyyət protokoldan üstündür”.

Bu hadisədən cəmi bir neçə həftə əvvəl Türkiyə qadınlara qarşı zorakılığı önləyən İstanbul Konvensiyasını tərk etmişdi.

Buna baxmayaraq şərhçilər Ankara danışıqlarının “konstruktiv” ruhda keçdiyini bildirirlər.

XS
SM
MD
LG