Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:35

'Sezar' mükafatlarının təqdimatı yenə gərgin keçdi


Aktrisa Korina Masyero "Sezar” mükafatlarının təqdimatında. 12 mart 2021
Aktrisa Korina Masyero "Sezar” mükafatlarının təqdimatında. 12 mart 2021

1975-ci ildə Kino Sənəti və Texnikası Akademiyasının təşəbbüsü ilə təsis olunan "Sezar" (Les Cesars) Fransanın milli kino mükafatıdır. Martın 12-də keçirilən təqdimetmə mərasimində atmosfer çox siyasi olub. Bu, həm də kinoteatrların artıq aylardır bağlı olmasına görə baş verib. Ölkədə mədəniyyət məkanlarının qapalı qalması ciddi etiraz dalğasına səbəb olur. "France 24" kanalının verdiyi xəbərə görə, bir neçə teatr fəallar və tələbələr tərəfindən zəbt edilib.

"Sezar" mükafatlarının təqdimetmə mərasimində aktrisa Korina Masyero tamamilə çılpaq soyunub. Onun bədəninin ön hissəsində "Mədəniyyət yoxdursa, gələcək də yoxdur" sözləri yazılıb. Özü də o bunu ən yaxşı kostyum dizaynına görə mükafatı təqdim edərkən edib.

Bizi birləşdirən şeylər

Mərasimin digər iştirakçıları səhnədən hökuməti ötən ilin oktyabrından bəri kinoteatrları qapalı saxladığına görə tənqid etmək üçün yararlanıblar. Əksər digər iş yerləri açılsa da, kinoteatrlar bağlı saxlanılıb.

"Mənim uşaqlarım "Zara"ya gedə bilər, amma kinoya yox… Bu ki anlaşılmaz bir şeydir", – ən yaxşı film ssenarisinə görə "Sezar" mükafatını təqdim edən rejissor Stefan Demustye səhnədən deyib.

Yeri gəlmişkən, mükafat "Bilərzikli qız" (The Girl With a Bracelet) filminin yaradıcılarına təqdim edilib.

Mərasimin açılış hissəsi kifayət qədər gərgin keçib. Mərasimin aparıcısı Marina Fua ölkənin mədəniyyət naziri Rozlin Başloya hücum edərək zarafatyana bu sözləri deyib: "Nazir heç nə etməyib… Madam Başlo, Siz özünüzün pasta və qorqonzola reseptiniz olan kitabı buraxmısınız. Bizim darıxdığımız şey isə bizi birləşdirən şeylərdir, birlikdə yaşadığımız emosiyalardır".

Polanski qalmaqalı

Ötən il bərbad keçmiş mərasimin kölgəsi hələ builki mərasimin üstündən getməmişdi. Ötənilki tədbirdə veteran polyak rejissoru Roman Polanskiyə mükafatın verilib-verilməməsi üstündə mübahisə düşmüşdü Polanski 13-yaşlı qız uşağını dəfələrlə zorlamaqda ittiham olunur və buna görə artıq illərdir ki, ABŞ-ı tərk edərək Fransada yerləşib. Ötənilki tədbirdə yaranan mübahisə zamanı ulduzlar tədbiri tərk etmiş, polissə çöldəki etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz işlətmişdi.

Sezar Akademiyasının bütün idarə heyəti Polanskinin "Zabit və casus" (An Officer and a Spy) filminə görə namizədliyinin irəli sürülməsi səbəbindən istefa vermişdi. Bir çoxları bu nominasiyanı Fransa kino industriyasının #MeToo hərəkatına layiqli cavab verə bilməməsi kimi dəyərləndirirdi.

Bu il təqdim olunan ilk mükafatlar Akademiyanın etnik müxtəlifliyi nəzərə almaq çağırışlarına maraqla yanaşdığını göstərdi. Ən perspektivli aktyor və aktrisa üçün nəzərdə tutulan mükafatlar Jan-Paskal ZadiFatiya Yussufa təqdim edildi.

Zadinin "Sadəcə qara" (Tout simplement noir) adlı filmi Fransada yaşayan qaradərili insanlara yapışdırılan irqçi klişelər haqdadır. 14-yaşlı Yussuf isə mükafatı "Netflix"in qalmaqallı "Gözəlcələr" (Mignonnes) filmindəki roluna görə alıb. Film Seneqal cəmiyyətinin təzyiqi və sosial media arasında qalan yeniyetmə qızlar haqdadır.

"Oyun dayanmır"

"Oyun qaydaları dəyişir. Oyun dayanmır, sadəcə, bu dəfə ədalətli oynanılması üçün dəyişir", - aparıcı Roşdi Zem tədbirin əvvəlində deyib.

Ancaq gecənin əsas qəhrəmanı "Salamat qalın!" (Bye Bye Morons) adlı komediya dramı olub. Film ağır xəstəlikdən əziyyət çəkən qadının çoxdan itirdiyi övladını axtarması haqdadır. Bu film "ən yaxşı film" və "ən yaxşı kinorejissor" nominasiyaları da daxil olmaqla, düz yeddi nominasiyada qalib olub. Filmin rejissoru Alber Düponteldir.

"Ən yaxşı xarici film" nominasiyasının qalibi isə bu il həm də "Oskar" mükafatına namizəd olan "Daha bir dəfə" (Another Round) adlı Danimarka filmi olub. Tomas Vinterberqin çəkdiyi bu filmdə baş rolu Mads Mikkelsen ifa edir.

Akademiya yeni idarə heyəti və Veronika Kaylanın timsalında yeni rəhbəri ilə birlikdə özünü və öz nüfuzunu yeniləmək əzmindədir. Kayla "Arte" mədəniyyət kanalının keçmiş rəhbəridir.

XS
SM
MD
LG