Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:47

Makron və Merkel Putinlə Rusiya vaksinini müzakirə ediblər


Kollaj: Angela Merkel (solda), Emmanuel Makron (ortada) və Vladimir Putin
Kollaj: Angela Merkel (solda), Emmanuel Makron (ortada) və Vladimir Putin

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel martın 30-da Rusiya prezidenti Vladimir Putinlə onun ölkəsində istehsal olunan Sputnik V vaksinindən Fransa və Almaniyada mümkün istifadə məsələsini müzakirə ediblər.

Müzakirə videkonfrans formatında keçirilib.

Hazırda Avropa Dərman Vasitələri Agentliyi (EMA) Sputnik V vaksininin Avropada qeydiyyata alınmasına dair Moskvanın müraciətini nəzərdən keçirir.

Paris və Berlin EMA-nın müsbət cavab verəcəyi təqdirdə Sputnik V vaksinini idxal etməyə hazır olduqlarını bildiriblər.

Amma belə görünür ki, Avstriya hökuməti Avropa tənzimləyicisinin qərarını gözləməyi lazım bilməyib.

Vyana bildirir ki, Rusiya vaksininin ilk dəsti elə gələn həftə sifariş olunacaq.

Özündə çatışmadığı halda

Rusiyanın Sputnik V vaksini Avropa İttifaqı hökumətləri arasında fikir ayrılığı yaradıb.

Bir neçə ölkə bu vaksini Avropa agentliyinin təsdiqi olmadan və preparat yoxlanışdan keçmədən onu almaq qərarına gəlib.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen ötən ay Moskvadan belə bir izahat istəmişdi ki, Rusiyanın özündə vaksinasiyanın templərinin aşağı olduğu bir vaxtda, milyonlarla dozanın Avropaya ixracına niyə can atılır?

Rusiya vaksinləməyə görə istər Avropa İttifaqından, istərsə də ABŞ-dan geri qalır.

Hazırda Rusiya əhalisinin cəmi 7 faizinə yaxını peyvəndlənib. Halbuki Avropa İttifaqında bu rəqəm 12, ABŞ-da isə 30 faizdən artıqdır.

Britaniyada vaksinlərin birinci dozası ilə hər iki nəfərdən biri peyvənd olunub.

İsraildə isə ölkə əhalisinin yarısından çoxuna artıq ikinci doza vurulub.

Vaksin - hibrid müharibə silahı?

Avropa İttifaqının bəzi rəsmiləri Moskvanın niyyətinin arxasında təbliğat oyununun dayandığını deyirlər.

Lakin Sputnik V vaksinini almağa meyllənən Avropa ölkələri Almaniya və Britaniya vaksinləri ilə təchizatın ləng olduğunu əsas gətirirlər.

Macarıstan və Slovakiya məhz bunu əsas gətirərək EMA-nın qərarı olmadan Rusiyadan vaksin almağa başlayıblar.

Bu ayın əvvəllərində Rusiyanın Birbaşa İnvestisiyalar Fondu Sputnik V vaksinin bu ölkədə istehsal olunması üçün İtaliya ilə saziş imzalayıb. Bu, Rusiyanın Avropa İttifaqı ərazisində bu qəbildən imzaladığı ilk sazişdir.

Sputnik V artıq Hindistan və Cənubi Koreyada istehsal olunur.

Rusiyada isə bu iş üçün ya istehsalat gücü çatmır, ya da o, ümumiyyətlə yoxdur.

ABŞ və Litva kimi Qərb ölkələri Rusiya hökumətini vaksin məsələsindən Avroatlantika birliyini pozmaq məqsədilə “hibrid müharibəsi vasitəsi” kimi istifadə etməkdə günahlandırırlar.

Moskva bu ittihamları rədd edir və bildirir ki, əksinə, onun vaksininə ədalətsiz və qərəzli münasibət bəslənir.

XS
SM
MD
LG