Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:34

Ermənistanda seçki iyunun 20-də olacaq


Paşinyan aparıcı zabitlərlə görüşdə, arxiv fotosu
Paşinyan aparıcı zabitlərlə görüşdə, arxiv fotosu

Paşinyan açıqlamanı parlamentdəki Çiçəklənən Ermənistan müxalifət fraksiyasının lideri ilə danışıqlardan sonra verib

Ermənistanda vaxtından əvvəl parlament seçkisi iyunun 20-də keçiriləcək. Bu haqda Baş nazir Nikol Paşinyan Facebook səhifəsində yazıb.

Paşinyan açıqlamanı parlamentdəki Çiçəklənən Ermənistan müxalifət fraksiyasının lideri ilə danışıqlardan sonra verib.

O və Gagik Tsarukyan görüş zamanı etiraf ediblər ki, vaxtından əvvəl seçki hazırkı siyasi böhrandan “ən yaxşı çıxış yoludur”. Paşinyan martın 18-də sosial şəbəkədə yazıb.

“Mənim Prezident Armen Sarkisyan, Mənim addımım fraksiyası, Parlaq Ermənistan fraksiyasının lideri Edmon Marukyanla müzakirələrimi nəzərə alaraq, vaxtından əvvəl parlament seçkisi iyunun 20-də keçiriləcək”, – baş nazir vurğulayıb.

***

Baş nazir aparatı Qasparyanın vəzifədən kənarlaşdırıldığını deyir

Ermənistan baş nazirinin aparatı Onik Qasparyanın işdən çıxarılması iddiasının təmin edilməsiylə bağlı İnzibati məhkəmənin qərarıyla əlaqədar izahat yayıb.

Konstitusiya bu səlahiyyəti tanımır

“Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan Ermənistan prezidentinin 2021-ci il martın 10-dan qanun qüvvəsinə minmiş fərmanı əsasında vəzifəsindən kənarlaşdırılıb. Ermənistanın baş naziri həmin gün yaydığı bəyanatda bunu konstatasiya edirdi”, – izahatda deyilir.

Qasparyan işdən çıxarılmasını İnzibati Məhkəmədə mübahisələndirmişdi. Martın 18-də yayılan məlumata görə, məhkəmə onun iddiasını təmin etmək qərarına gəlib. İddiada Qasparyan və vəkili məhkəmədən xahiş edirdi ki, bu işə baxılanadək Qasparyan Baş qərargah rəisi hesab olunsun.

Baş nazir aparatı isə bəyan edir ki, “Konstitusiya artıq konstitusiya normalarına uyğun qüvvəyə minmiş akta yenidən baxmaq səlahiyyəti nəzərdə tutmur”.

“Onik Qasparyan Baş qərargah rəisi vəzifəsindən azad olunub, yeni baş qərargah rəisinin təyin olunması prosesi isə prosedura uyğun davam edir”, – izahatda deyilir.

Xatırlatma

Martın 10-da Baş nazir Nikol Paşinyan Qasparyanın baş qərargah rəisi vəzifəsindən kənarlaşdırılmış sayıldığını bəyan edib. Çünki Prezident Armen Sarkisyan onun işdən çıxarılması haqda fərmanla bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyib.

Ötən il Azərbaycanla 44 günlük müharibədə Ermənistanın məğlubiyyətindən sonra müxalifət Paşinyanın istefasını tələb edir. Qasparyan və bir qrup general fevralın 25-də Paşinyanı istefaya çağırıb. Bundan sonra hökumətlə ordunun aparıcı zabitlərinin dəstəklədiyi müxalifət arasında siyasi qarşıdurma yaranıb.

Həm müxalifətin, həm də Paşinyanın tərəfdarları paytaxtda yürüşlər keçiriblər.

Baş nazirin parlamentdəki “Mənim addımım” alyansı bu il vaxtından əvvəl parlament seçkisi keçirməyi təklif edir. Amma baş nazir istefa verməkdən imtina edir.

XS
SM
MD
LG