Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:24

Azərbaycana gətirilən peyvəndləri effektiv və təhlükəsiz saymaq olarmı?


COVİD-19-a qarşı peyvənd, arxiv foto
COVİD-19-a qarşı peyvənd, arxiv foto

Martın 11-də Baş nazir Əli Əsədov Azərbaycana koronavirusa qarşı İsveç Krallığı ilə Böyük Britaniyanın birgə hazırladığı «AstraZeneka» və Rusiyanın «Sputnik-V» vaksinlərinin idxalı ilə bağlı sərəncam imzalayıb.

İstehsalçı şirkətlərlə sazişə əsasən ölkəyə 180 gün müddətində 432 min doza «AstraZeneka» və 300 min «Sputnik-V» vaksinlərin gətirilməsi planlaşdırılır.

Lakin son vaxtlar bir sıra Avropa ölkələrində «AstraZeneka» vaksininin tətbiqinin müvəqqəti dayandırması Azərbaycanda da müəyyən suallar yaradıb.

Bir neçə gün əvvəl Danimarkada «AstraZeneka» peyvəndinin tətbiqinin dayandırılmasına səbəb kimi, vaksinasiyadan keçən şəxsdə trombların yarana biləcəyi təhlükə göstərilib.

Amma trombların yaranması təhlükəsinin sırf vaksinlə əlaqədar olduğu, hələlik, subut olunmayıb.

«AstraZeneca» şirkəti də öz növbəsində bildirilib ki, peyvəndin istifadəsindən sonra qanda tromb yaranma riskinə dair hər hansı sübut yoxdur. Avropa Dərman Agentliyinin apardığı tədqiqatların ilkin nəticələrinə görə də, trombların yaranmasının vaksinasiya ilə əlaqəsi müəyən edilməyib, amma tədqiqatın yekun nəticələri, hələlik, bəlli deyil.

Rusiyanın «Sputnik-V» vaksinin effektivliyi və təhlükəsizliyi barədə mövqelər də birmənalı deyil. Vaksinasiya üzrə Alman komissiyasının başçısı bu peyvəndi yaxşı preparat adlandırsa da, Avropa Dərman Agentliyi onu ekspertizadan keçirir.

Avropa Birliyi onun istifadəsinə, hələlik, icazə verməyib. Buna baxmayaraq, Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun məlumatına görə, peyvənd 50 ölkədə uğurla qeydiyyatdan keçib.

Beləliklə Azərbaycana gətirilən peyvəndləri nə dərəcədə effektiv və təhlükəsiz saymaq olar?

“Həmin vaksini Səhiyyə Nazirliyi istifadə üçün təsdiq edib”

Arxiv foto
Arxiv foto

Səhiyyə Nazirliyi-ndən “Turan” İnformasiya Agentliyinə bildirilib ki, Rusiyanın istehsalı olan «Sputnik V» peyvəndi koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir:

«Rusiyada 6 milyondan çox insan «Sputnik V» vaksini ilə peyvənd olunub. Dünən, martın 12-də həmin vaksini Səhiyyə Nazirliyi istifadə üçün təsdiq edib. Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi barədə danışıqlar davam etdirilir».

“…Deməli bu vaksinin yan təsirləri çox deyil»

«AstraZeneka» vaksininə gəlincə, qurumdan bildirilib ki, ictimaiyyətə əlavə məlumat veriləcək.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı isə “Turan” Agentliyinə deyib ki, Böyük Britaniyada «AstraZeneka» peyvəndindən geniş istifadə olunur:

«Bu ölkədə artıq 24 milyon insan vaksinasiya olunub. Ölkənin Baş naziri da bildirib ki, növbəti 2-3 ay ərzində bütün əhaliyə peyvəndin vurulması nəzərdə tutulur. Böyük Britaniya zəngin, inkişaf etmiş, öz vətəndaşların sosial rifahına çalışan ölkədir və ən yaxşı vaksini almaq onun üçün problem deyil. Belə ölkə «AstraZeneka» peyvəndindən istifadə edirsə, 24 milyon əhaliyə vaksin vurulubsa və ciddi fəsadlara rast gəlinməyibsə, deməli bu vaksinin yan təsirləri çox deyil».

Məlahət İbrahimqızı, -2018
Məlahət İbrahimqızı, -2018

Komitə üzvü deyir ki, bir müddət əvvəl beynəlxalq təşkilatlar Çin istehsalı olan «CoronaVac» peyvəndini də qeydiyyata almırdılar:

«Lakin bu yaxınlarda onlar etiraf edib ki, bu vaksin çox yüksək immunitet yaradanlardandır, effektivliyi isə 90 faizə qədərdir. Bu, çox yaxşı rəqəmdir. Rusiyanın hazırladığı «Sputnik-V» vaksini haqqında da çox müsbət rəylər mövcüddur».

M.İbrahimqızı vurğulayıb ki, COVID-19 yeni virusdur və hələ də axıra kimi öyrənilməyib:

«Hələ də heç kəs dəqiq deyə bilməz ki, bu virus ağır formalarda hansı yan təsirləri ilə müşayiət olunur. Vaksindən də yan təsirlər yarana bilir. Bu, insan orqanizmindən asılı bir məsələdir».

“Onlar illərin sınağından çıxmayıb”

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev isə agentliyə bildirib ki, hələlik, Azərbaycana gətiriləcək vaksinləri haqqında dəqiq nəsə demək çətindir:

«Çünki bu yeni növ hazırlanan vaksindir. Onlar illərin sınağından çıxmayıb. Ona görə də, onların nəticələri barədə hələ ki, bir söz demək mümkün deyil».

Mütəxəssis deyib ki, onların hazırlanma texnologiyası və təsirləri nəzəri baxımından pis təsir bağışlamır:

«Lakin praktiki olaraq illər keçməlidir ki, bu vaksinlərin təsiri öz təsdiqini tapsın. «CoronaVac» ənənəvi üsulla hazırlanmış peyvənddir. Ona oxşar peyvəndlər illərdir istifadə olunur və sınaqdan keçirilib. Lakin «AstraZeneka» və «Sputnik-V» başqa bir zəiflədilmiş virusun içərisinə koronavirusun genomunun bir hissəsinin daxil edilməsi yolu ilə hazırlanır. Ona görə də nəticəsi barədə nəsə demək çətindir».

Peyvənd
Peyvənd

Ekspert vurğulayıb ki, Azərbaycanda «Pfizer/BioNTech» və «Moderna» vaksinləri olmayacaq:

«Çünki onların saxlanması üçün mənfi 50-70 dərəcə soyuq zəncir lazımdır. Bizdə isə bu şərait yoxdur».

Bu mövzuda Azadlıq Radiosuna danışan bəzi eksprtlər isə deyiblər ki, əhalinin sağlamlığı hər şeydən üstündür. Onların fikrincə, hökumət bunla bağlı bütün səylərini əsirgəməməli, və daha səxavətli olmalıdır.

Xatırlatma

Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər.

Azərbaycanda vaksinasiyaya yanvarın 18-də başlanılıb.İndiyə qədər 450 min civarında şəxsin peyvənd olunduğu bildirilir.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.6 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi ümumilikdə 238959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3268 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG