Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:19

Dezinformasiya cəhdlərinin ‘əsas hədəfi Almaniyadır’


İllüstrativ foto
İllüstrativ foto

Birləşmiş Ştatlar isə Rusiyanın dezinformasiya kampaniyasını açıq şəkildə tənqid edib, onunla “mümkün hər vasitəylə” mübarizə aparılacağını bildirib

Rusiyanın Avropa Birliyindəki (AB) dezinformasiya cəhdlərinin əsas hədəfi Almaniya olub. Bunu 27 üzvü olan AB-nin yeni hesabatı ortaya qoyub.

“AB-də heç bir ölkə Almaniya qədər hücuma məruz qalmır”, –AB-nin Brüsseldəki diplomatik xidmətinin martın 9-da yaydığı hesabatda deyilir.

“Sistematik kampaniyalar”

Hesabata görə, siyasi səviyyədə və Kremlə yaxın media vasitəsilə “sistematik kampaniyalar” aparılır.

Bu hesabat Birləşmiş Ştatların Rusiyanı koordinasiyalı dezinformasiya kampaniyasında suçladığı bir vaxtda yayılıb. ABŞ bildirib ki, Rusiyanın məqsədi ABŞ və Qərbin koronavirusa qarşı vaksinlərinə inamı sarsıtmaqdır.

Rusiya isə dezinformasiya kampaniyası aparmadığını deyir.

AB-nin bildirməsinə görə, 2015-ci ilin sonundan “EU vs. Disinfo” databazasında Almaniya ilə bağlı 700-dən çox hal toplanıb.

Fransanın 300-dən çox, İtaliyanın 170 dəfəyə yaxın hücuma məruz qaldığı qeyd edilir.

Rusiyanın “köhnə fəndləri”

Birləşmiş Ştatlar isə Rusiyanın dezinformasiya kampaniyasını açıq şəkildə tənqid edib, onunla “mümkün hər vasitəylə” mübarizə aparılacağını bildirib.

“Aydındır ki, Rusiya köhnə fəndlərinə əl atır və vaksinlərlə bağlı dezinformasiya yaymaqla adamların həyatını təhlükəyə atır, halbuki biz vaksinlərin hər gün həyatları xilas etdiyinə inanırıq”, – Dövlət Departamentinin sözçüsü Ned Prays martın 8-də jurnalistlərə deyib.

“The Wall Street Journal” martın 7-də yazırdı ki, qurumun xarici dezinformasiyaya nəzarət edən qurumu Rusiya kəşfiyyatına bağlı dörd onlayn platformanın koordinasiyalı kampaniya apardığını üzə çıxarıb.

WSJ qeyd edir ki, bu vebsaytlar ABŞ istehsalı olan Pfizer vaksininin riskli olmasından bəhs edib, Rusiya istehsalı Sputnik V vaksinini təbliğ etməyə çalışıb.

XS
SM
MD
LG